SƏHV DÜŞƏNDƏ YERİMİZ

Duman dağı dolanar,

Qiyamət olar.

Duman yola sallanar,

Müsibət olar.

Müsibət oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Ümman gəmisi çayda

Oturar, üzməz!

Çay gəmisi, dağ boyda

Dalğaya dözməz!

Dözümsüz oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Muğan həsrət yağışa,

Buludlar xəsis…

Yağış tökür talışa

Hey-hey gərəksiz…

Gərəksiz oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Küt bıçaq parıldayıb

Xırçıltı salıb.

Qılınc qında pas atıb

Qında korşalıb…

Heyf… korşalırıq biz,

Səhv düşəndə yerimiz.

 

Ağ biləklər gül əllər

Tarlada qabar.

Bir qeyrətsiz yekəpər

Qızıl gül satar.

Qeyrətsiz oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Tarın pərdələrini

Düzənə qurban!

Yerdəyiş et birini,

Xaric vurarsan.

Xaric səslənirik biz,

Səhv düşəndə yerimiz.

 

Qabil,
Xalq şairi

Elm aləminə səhvən düşənlər oxumasın.

Şərhlər bağlıdır.