Zindani olubsan illər boyunca
Sənlə danışmağa qoymayıb xain
İndi qoy danışım sənlə doyunca
Anam yadigarı sənsən nazənin
*
Səninlə sözüm var bir qədər dərin
Nədən sən olubsan bu qədər şirin?
Səninlə danışır göylərdə şahin
Səninlə açılır yasəmən, nəstərin (1)
*
Ey mənim qəlbimin açarı dilim
Söylə sən, dünyaya nədir əməlim?
İşdə, bildirməkdir mənim əməlim
Aləmə nəqqdir (2), şirinsən, şirin
*
Tarixin böyükdür, çox da qocaman
Böyük sərkərdələr dilisən, inan
Səninlə danışır bu Azərbaycan
Sənə öylə deyibdir göylər, afərin
*
Sən oldun Səttarxan zəfər fərmanı
Azərlər dilisən, ellər sultanı
Tar-mar olacaq zülmün binası
Sənin fərmanınla, ey şəhdi-əngəbin (3)
*
Azadlıq fərmanı səninlə inşa
Olacaq vətənim İranda, anla
Sənin hökmün ilə olacaq bina
Hürriyət qanunu, ey dilim, yəqin
*
Yaracaq tarixlərin hər zaman
Sənlə fəxr edəcək Azərbadeqan
Səninlə görəcək tarix oxuyan
Olub demokrasi İranda təzmin
*
İftixar eləyib sənlə Cavanşir
Söyləyib əcdadım yadigarıdır.
Bəs mən də söyləyim sizlərə bir-bir
Yaşasın dilimiz, desinlər amin!
Yaşasın dilimiz, desinlər amin!
Məhəmməd Gəncə
1-itburnu
2-aydındır, bəllidir
3-çiçək balı
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz. No 84, 23 dekabr 1945-ci il
Təqdim etdi : Səməd Bayramzadə
Şərhlər bağlıdır.