25.02.2022. Beş Fransız həmkarlar təşkilatı tərəfindən.
İranda xalq kütlələri həyat səviyyəsinin amansızcasına aşağı düşməsindən əziyyət çəkir, sosial bərabərsizliklər, polis və məhkəmə repressiyaları güclənir. Bununla yanaşı, biz müxtəlif əməkhaqqı alanlar və pensiyaçılar tərəfindən çox mühüm səfərbərliklərin şahidi oluruq.
Müəllimlər özlərinin nizamlı səfərbərlikləri ilə ölkənin sosial səhnəsinə möhür vurdular. İran Müəllimlər Həmkarlar İttifaqı Koordinasiya Şurasının məlumatına görə, 2021-ci ilin dekabr ayının 10, 11, 12 və 23-də ölkə boyu bir neçə etiraz aksiyası keçirilib. Bu mübarizələr daha geniş miqyasda başqa səfərbərliklərlə də müşayiət olundu. Belə ki, 2022-ci ilin yanvar ayının 20 və 30-da iki günlük oturaq aksiya, eyni zamanda da ölkənin 213 şəhərində 11 min oturaq aksiya keçirilib. Qeyd edilməlidir ki, bu aksiyalar əsasən məktəblərdə təşkil edilib. Yanvarın 31-də xiyabanlarda və Təhsil Nazirliyinin qarşısında da etiraz aksiyaları keçirilib. Hökumət rəsmilərinin təhdid və təzyiqlərinə baxmayaraq, etirazçılar maaşların və pensiyaların artırılmasını tələb edən şüarlar səsləndiriblər.
Şirazda minlərlə nümayişçi hətta təhsil nazirinin istefasını tələb edib. Kermanda plakatların üzərinə “Mollalar məktəblərə girməməlidir” şüarı yazılıb və bu şüar İslam rejiminin məktəblərə daha çox din xadimi göndərmək planına qarşı olduğunu ifadə edib.
Kürdüstanın Saqqız şəhərində etirazçılar məktəblərdə ana dilində təhsil almağa çağırıblar. İran çoxmillətli ölkədir, lakin İslam rejimi də əvvəlki şah rejimi kimi yalnız fars dilini rəsmi dil kimi tanıyır. Belə ki, məktəblərdə ana dilinin tədrisi qadağandır. Bu yaxınlarda rejim kürd müəllimi Zəhra Məhəmmədini ana dilində tədris etdiyi üçün “milli təhlükəsizliyə qarşı qrup yaratmaq” ittihamı ilə 5 il həbs cəzasına məhkum etmişdir.
Bu nümayişlərdə diqqət çəkən məqam bir tərəfdən “Əməkçi, pensiyaçı, birlik, birlik!” şüarı altında təqaüdçü müəllimlərin iştirakı, digər tərəfdən isə şagirdlərin valideynlərinin iştirakı və dəstəyidir.
Rejimin təhlükəsizlik qüvvələri etirazçıları həbs edib. İran Müəllimlər Həmkarlar İttifaqı Koordinasiya Şurasının təqdim etdiyi natamam siyahıda bu adlara rast gəlirik: Şaban Məhəmmədi, Məhəmmədəli Zəhmətkeş, Əsgər Əmirzadə, Hatəmi Qəhrəman, Əhməd Heydəri, Davudi, Əhmədi. Onu da əlavə edək ki, 4 il yarım müddətinə azadlıqdan məhrum edilən Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Cəfər İbrahiminin bu günlərdə hökmü qüvvədə saxlanılıb.
İran Müəllimlər Birliklərinin Koordinasiya Şurası yanvarın 31-də bu etiraz mitinqləri ilə bağlı qəbul etdiyi qətnamədə qeyri-bərabər təhsilə, təhsilin özəlləşdirilməsinə, xalq təhsilinin səviyyəsinin aşağı düşməsinə, müəllimlərin, zəhmətkeş kütlələrin və digər işçilərin həyat səviyyəsinin aşağı düşməsinə kəskin etiraz edir. Qətnamədə həmçinin hökumətin parlamentə təqdim etdiyi “qənaət büdcəsi”nə kəskin etiraz ifadə edilir və tələblər aşağıdakı kimi göstərilir:
– İşçilərin və pensiyaçıların maaşlarının artırılması,
– Təhsilin özəlləşdirilməsini dayandırmaq,
– Pulsuz yüksək keyfiyyətli təlim,
– Məktəbəqədər xidmət işçilərinin maaşlarının artırılması,
– Mədəniyyət işçiləri fondunun talanmasına son qoyulsun,
– Ölkə təhsilində iş təhlükəsizliyinin təmin edilməsi,
– Müəllimlərin təqibinə son qoyulsun,
– Məhkumların azad edilməsi.
İran Müəllimlər Birliklərinin Koordinasiya Şurası tərəfindən qəbul olunmuş bu Qətnamə müəllimlərin repressiyalara boyun əyməmək və tələbləri uğrunda mübarizəni davam etdirmək üçün güclü iradəsini bir daha təsdiqləyir.
İranda həmkarlar ittifaqı fəallarının üzləşdikləri repressiyalara qarşı durmaq üçün beynəlxalq dəstəyə ehtiyacı var.
Paris, 24 fevral 2022-ci il
Materialı hazırladı: Səməd Bayramzadə
Şərhlər bağlıdır.