VİDADİ MUSTAFA: “İRAN NİZAMİ GƏNCƏVİNİ FARSLAŞDIRMAQ UĞRUNDA MÜBARİZƏYƏ BAŞLAYIR”
(İranda 21 esfənd 1396-cı ilin 21 esfənd 2018-ci ilin 12 mart günü İranın rəsmi təqvimində Nizami Gəncəvi günü elan edilib)
İran bu il Nizami Gəncəvi gününü İranda və bütün dünyada ən geniş şəkildə keçirmək üçün İranın bütün müvafiq qurum və təşkilatlarının iştirakı ilə son dərəcə geniş tədbirlər proqramı həyata keçirməyi nəzərdə tutur. Həmin məqsədlə böyük şairin şərəfinə layiqli və geniş tədbirlər keçirmək işlərini təşkil etmək məqsədi ilə İrşad nazirliyinin (dövlətdə milli-mənəvi dəyərlərin qorunması və təbliği ilə məşğul olan mərkəzi icra hakimiyyəti orqanı – V.M.) Nizami günləri qərargahı yaradılıb. Qərargahın sədri, İrşad nazirinin məsləhətçisi və “Fars dilini qoruma Şurası”nın katibi olan şəxs və Qərargahın katibi bu gün (22 fevral 2022) qurumun Nizami günləri ilə bağlı planlaşdırılan tədbirləri haqqında mətbuata geniş məlumat vermişlər.
Qərargah rəisinin sözlərinə görə, tədbirlər 15 esfənd 1400/6 mart 2022-ci il tarixindən başlanacaq. Onun sözlərinə görə, Nizami haqqında danışmaq üçün 1 gün kifayət etmədiyindən Nizami həftəsi geçirmək nəzərdə tutulur. Qərargahın rəisi və katibi tədbirlər haqqında danışarkən bildiriblər ki, tədbirlər bir həftə yox, bir aydan çox, yəni 15 esfənd/6 martdan başlayıb ordibeheşt 1401/21 aprel 2022-ci il tarixinə qədər davam edəcəkdir.
Qeyd edildiyi kimi, tədbirlər bütün mədəniyyət, təhsil, incəsənət, musiqi, kino, teatr və mənəvi-mədəni həyatla bağlı bütün sahələri, eləcə də İranda bütün iri və xırda şəhərləri, həmçinin bütün xarici ölkələri əhatə edəcəkdir. Tehrandakı “Azadlıq qülləsi”ndə İranın bayrağı ilə yanaşı Nizami bayrağı qaldırılacaq və ilk dəfə Tehranda meydanların birində Nizaminin yeni düzəldilmiş heykəli qoyulacaqdır.
Böyük Nizami Gəncəvini ehtiramla yad etmək, onun misilsiz bədii, mənəvi irsini dəyərləndirmək, xatirəsini əziz tutmaq nəinki hər bir azərbaycanlının, farsın, eləcə də hər bir mədəni insanın borcudur və ölkə miqyasında keçirilən hər bir belə tədbir yüksək qiymətləndirilməli və təqdir edilməlidir. Amma İran bu tədbirləri Nizami Gəncəvinin layiq olduğu ən yüksək dəyəri ona verməkdə göstərdiyi səhlənkarlığı unutdurmaq üçün deyil, həmişə olduğu kimi, ideoloji mübarizə vasitəsi kimi həyata keçirməyi nəzərdə tutur. Belə ki, jurnalistlər qarşısında çıxış edən Qərargah rəisi və katibi qeyd ediblər ki, hətta Nizami gününün təqvimə salınmasından sonra belə İranda Nizamiyə lazımi diqqət ayrılmamış, ona görə bu böyük şairi İranda tanımırlar. Amma əsas məsələ Nizaminin İranda tanınmaması ilə bağlı deyil, onun adını başqa ölkələr tərəfindən mənimsəmək səylərindədir. Başqa sözlə, Nizamini xaricdə də bir fars şairi kimi tanıyan yoxdur. İranın hazırki hakimiyyətinin əsas vəzifələrindən biri Nizamini iranlılara və xaricilərə təkcə fars dilində yazan şair deyil, həm də bir fars kimi tanıtmaqdan ibarətdir.
Beləliklə, İran bu tədbirləri ilə Nizaminin bir fars şairi olduğunu iranlılara və xaricilərə qəbul etdirmək uğrunda mübarizəyə start verir. Mətbuat konfransından hazırlanan hesabatda Nizamiyə və onun mənəvi irsinə hansı ölkənin sahib çıxmağa çalışdığı qeyd edilməsə də, hansı ölkənin nəzərdə tutulduğu aydındır. İdeoloji mübarizənin artıq başlandığını göstərən detallardan biri hesabatda bir dəfə də olsa Nizami Gəncəvi ifadəsinin işlənməməsidir. Böyük şairin adı yalnız Nizami kimi qeyd edilir.
İranda Nizamiyə belə geniş diqqətin məhz bu il başlanmasının səbəbini araşdıranlar, bunun Azərbaycan tarixinin ən parlaq səhifəsinin yazılmasından sonra baş verdiyini nəzərə almalıdırlar. İran hakimiyyəti Nizami Gəncəvini özünün məlum ideoloji mübarizəsində güclü bir vasitəyə çevrməyə çalışır.
Doğrudan da, İranda Nizami Gəncəviyə o qədər də diqqət ayrılmırdı. Keçən il (2021) Nizami günü münasibəti ilə yazılmış bir neçə yazıda qeyd edilirdi ki, Nizami Gəncəvi tədris proqramlarında, xüsusən magistratura səviyyəsində yer alsa da, düz-əməlli tədris olunmur və öyrənilmir, çünki Nizami insanların dini (şiə) və fars şovinistlərinin millətçilik şüurunu heç nə ilə zənginləşdirmir. Nizamiyə diqqətin ayrılmaması, qeyd edildiyi kimi, bir tərəfdən onun dini-ideoloji məqsədlərə xidmət etməməsindən qaynaqlanır. Hakimiyyətin dini qolunun ideoloqları belə hesab edir ki, Nizami Gəncəvinin əsərləri eşq və məhəbbət süjetləri əsasında qurulduğundan, real insani sevgini əks etdirdiyindən dindar adamın Allaha sevgisini azaldır, ona görə onu mədəni həyatdan kənar tutmaq lazımdır.
Nizami Gəncəviyə İran İslam Respublikasında uzun illər diqqətin ayrılmaması, qeyd edildiyi kimi, digər tərəfdən fars millətçiliyi ideologiyasına xidmət edə bilməməsi ilə bağlı idi.
Belə ki, Nizami Gəncəvi Firdovisidən fərqli olaraq fars millətçiliyinə tamamilə yad bir şairdir. Fars millətçiləri Nizamini ona görə sevmirlər ki, Nizaminin ən böyük, onun bütün fəlsəfi, elmi, siyasi, ictimai biliklərini, dünyagörüşünü, dəyərlər sistemi və ideallarını əks etdirən ən böyük əsəri farsların ən böyük imperiyası olmuş Əhəmənilər imperiyasını (e.ə.550-330) nəinki məğlub etmiş, eləcə də tarix səhnəsindən silmiş Qərb Fatehi Makedoniyalı İsgəndərə həsr edilmişdir. Farslar 19-cu əsrə qədər, bəyənmədikləri Qərb alimləri müəyyən edənə qədər İranda belə bir imperiyanın olmasından xəbərsiz idilər. Bu məhz İsgəndərin sayəsində baş vermişdi.
İsgəndərin farslar qarşısında ikinci ən böyük xidməti onların etnik dilinin də siyasi-ictimai, mədəni həyatdan bayıra atılması olmuşdur. İsgəndərin və daha sonra digər yunan-makedon sülaləsənin hakimiyyəti dövründə fars millətçilərinin dünyanın ən qüdrətli dili hesab etdikləri etnik dili bilmərrə həmin dilin daşıyıcıları tərəfindən unudulmuşdu.
Fars tarixi və mədəniyyətini, dilini tarix səhnəsindən silən bir böyük fatehə ən böyük əsərini həsr edən Nizami Gəncəvi təbii ki, şovinistlərin hiddətinə səbəb olmalı idi.
Odur ki, panfarsistlər Nizami Gəncəvinin fars dilində yazmasından çıxış etsələr də, onun ədəbi-bədii, fəlsəfi irsində hakim şovinist milləıtçi ideologiyaya xidmət edə biləcək heç nə tapa bilmirlər. Ona görə Nizami Gəncəviyə sahib çıxmaq məqsədinin arxasında Nizami Gəncəvinin vətəninə qarşı ideoloji mübarizə məqsədinin dayandığını demək olar. Qeyd edilən tədbirlər yeni mərhələyə daxil olmuş həmin mübarizənin mühüm tərkib hissəsini təşkil edir.
Bu məkrli məqsədin digər bir cəhəti İranda yenidən “iranşəhri nəzəriyyəsini” (Sasani dövrü hakimiyyət qaydalarının, yəni dinin siyasi hakimiyyətə və kilsənin hökmdara tabe olması ənənəsini bərpa edilməsi nəzəriyyəsi) canlandırmaq və həmin nəzəriyyə tərəfdarlarını fəallaşdırmaqdır. İran hakimiyyəti öz əli ilə hakimiyyətin dini qolunun zəiflədilməsi istiqamətində yeni bir addım atmaqdadır.
Beləliklə, İran İslam Respublikasının birdən-birə Nizami Gəncəvinin kimliyi və irsinə belə geniş diqqət yetirməsinin əsas səbəbini, qeyd edildiyi kimi, İranın məlum hadisələrdən sonra məlum prosesə qarşı ideoloji mübarizəsində axtarmaq lazımdır. Daha doğrusu, həmin tədbirlər ideoloji mübarizənin mühüm tərkib hissəsini təşkil edir. Tədbirlərin daxili hədəfini məlum etnik-siyasi və etnik-mədəni birlik və onun az-çox mədəni fəalları və ən nəhayət, sekular qüvvələrin radikal dinçiləri təşkil edir. Bu səbəblər içərisində birinci yerdə müəyyən məqsədə xidmət edən və məlum xatrici subyektə qarşı yeridilən ideoloji mübarizə hədəfləri durur…
Şərhlər bağlıdır.