Bu Azərbaycan tarixi kitabı təkrar nəşrdir. Əslində bu kitab ilk dəfə 1994-cü ildə kiril əlifbası ilə Azərnəşr tərəfindən çap olunub. Kitabın əsas redaktorları da rəhbətlik Yusif Yusifovla Ziya Bünyadov olub”.
Bu sözləri tarixçi Faiq Ələkbərov saxta tarix kitabları ilə bağlı münasibət bildirərkən səsləndirib.
Tarixçi bildirib ki, nəşrin 2012-ci il buraxılışının bəzi yerlərində dəyişiklik edilib.
“Məsələn kitabın ön sözündə rəhmətlik Ziya Bünyadov Azərbaycan-türk xalqı ifadələrini işlədib. Ancaq təkrar nəşrdə türk sözü çıxarılıb. Amma qabartdığınız Albaniya-Armeniya kimi nüanslar ilk nəşrdə də əks olunub. Bəhs olunan Ərməniyyə məsələsi indiki Ermənistan Respublikası və ermənilərə aid deyil.
Parfiyaya bağlı 3 əsas çarlıq var idi. Ərməniyyə, Albaniya və İberiya çarlığı… Onları da idarə edənlər Parfiyaya bağlı türk mənşəli sülalələr olub. Sonralar hər üç çarlıq xristianlığı qəbul edib”.
Tarixçinin sözlərinə görə, yaşadığımız regionun haylaşdırılması prosesi əsasən Çar Rusiyasının Qafqaz işğalı ilə start götürdü:
“Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ruslar Güney Qafqazı da işğal elədi və burda hayların köçürülməsi başladı. XIX əsrə qədər əslində burada yaşayan xristianların haylara (ermənilərə) heç bir dəxli yox idi.
Lakin sonradan köçürülən haylar buranın tarixini öz adlarına çıxartmağa başladı və vaxtı ilə indiki haylara dəxli olmayan ərmənilərə aid olan tarixi özününküləşdirməyə çalışdılar. Qismən də haylaşdırdılar.
O dövrdə Albaniya-Ərməniyyə məsələsi, yaxud Ərməniyyə çarlığının mövcudluğunun indiki haylara, Ermənistan dövlətinə aidiyyatı yoxdur.
Ancaq kitabda əksini tapan və Armeniya kimi yazılan coğrafi ad Ərməniyyədir. Təəssüflər olsun ki, Çar Rusiyası və Sovet dövründə həmin ərməni hökmdarları və Ərməniyə Ermənistanla haylara bağlanıb.
Nəticədə, 1918-ci ildə qurulan Ararat, yaxud 1991-ci ildə özünü elan etmiş Ermənistan Respublikası ciddi arqumentləri olmadan vaxtı ilə mövcud olmuş xristian türklərinin yazı və abidələrini mənimsəyiblər. Bu bir reallıqdır.
Bununla da onlar Ərməniyyənin başında duran Tiqranı, V əsrdə yaşamış Moisey Xorenlini də hay elan ediblər. Bu proses indi də gedir.
Bunun üçün də o Yeremyan və başqa erməni tarixçilər bu işə xidmət edib. Bu səbəbdən də 1994-cü ildə nəşr olunan Azərbaycan tarixi kitabında bu məsələlərə kifayət qədər aydınlıq gətirilməyib. Sonradan isə latın əlifbası ilə təkrar çap olunub”.
Nəticədə belə bir anlaşılmazlığın yarandığını deyən Faiq Ələkbərov Azərbaycan tarixçiliyindəki ərməniyyə məsələsindən bəhs etdi.
“Ərməniyyə adlı çarlığın olması və həmin dövlətin varlığına dəqiq aydınlıq gətirilməyib. İstər Albaniya, istər İberiya və ya Ərməniyyədə xristian türklərinin ortaya qoyduqları mədəni abidə və yazılara sahib çıxa bilməmişik. Ona görə də həmin tarixi dəlillərə hay və gürcülər yiyələnib.
Mənə elə gəlir ki, Azərbaycan tarixi kitabında bu məsələlər yenidən və hərtərəfli öyrənilməlidir. Əks təqdirdə özümüz öz tarix kitablarımızla özümüzə problem yaradırıq.
Parfiyadan sonra Sasani dövründəki Ərməniyyə və İberiya tarixi də araşdırılmalıdır. Yoxsa qaranlıq qalan məqamlar var.
Biz bir yandan deyirik ki, XIX əsrin əvvələrində haylar bura köçürülüb və Azərbaycan türklərinin mədəniyyətini mənimsədi. Digər tərəfdən isə eramızdan əvəl II-I əsrlərdə, yaxud da bizim eranın əvvəlindəki Ərməniyyə-Albaniya məsələsi nə deməkdir?
Mənə elə gəlir ki, bizim tarixçiliyimiz, Azərbaycan Tarix İnstitutu bu məsələləri hərtərəfli və geniş şəkildə yenidən işləməlidir. İndiki Ermənistan dövləti öz tarixini Parfiyaya aid olan Ərməniyyə çarlığı üzərində qurub.
Bu xalqın özlərini qədimləşdirməsi saxtakarlıqdan başqa bir şey deyil. Haylar heç vaxt dövlətçilik ənənələrinə malik olmayıblar, onların ilk dövləti 1918-ci ildə qurulub” deyən tarixçi sonda bildirdi ki, indiki ermənilər tarixən kiçik qruplar kimi müxtəlif dövlətlərdə yaşayıblar.
Sonda qeyd edək ki, məşhur rus qafqazşünas alimi İvan Şopen apardığı tədqiqatlardan sonra haylar və ərmənilərin ayrı-ayrı etnoslar olduğu qənaətinə gəlib. Şopenin fikrincə, ərmən tayfaları əslən türk-subarlardan törəmə olublar.
Nəticədə hazırkı zamanda eyni xalq iki ad daşıyır. Xalq özü-özünü hay, digərləri isə onu erməni adlandırır.
Onu da bilmək lazımdır ki, ərmən etnoniminə təkcə Anadolu və Qafqazda yox, həm də türkün tarixən keçdiyi bütün ərazilərdə, o cümlədən Mərkəzi Asiya və Baykal gölü yaxınlığında rast gəlinir.
Erməni tarixçi Karen Yüzbaşyan da etiraf edir ki, məhz bu ərazilərdə indi erməni adlandırılan haylardan xeyli öncə qədim türklər mövcud olub. Onun sözlərinə görə, türklər Qafqaza səlcuqlardan çox öncə gəliblər.
Erməni Artur Ağacanov Qarabağdakı əksər xristianların zorla haylaşdırıldığını bildirir və etnik baxımdan Qarabağ ermənilərinin qaykan (hay) xalqına heç bir aidiyyəti olmadığını isbat edir.
Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlı da ermənilərin Qafqaza gəlmə olduğunu tarixi dəlillərlə sübuta yetirib. Onun sözlərinə görə, indiki haylar qədim babaları saydıqları ermənilərin dilini başa düşmürlər.
Hazırda yaşayan ən populyar erməni tarixçi Filip Ekozyants da Ermənistanın tarix saxtakarlıqlarını geniş şəkildə şərh edib.
Anar Rəhimov
Şərhlər bağlıdır.