ƏRDOĞAN RUSİYALI TƏLƏBƏLƏRƏ QARŞI HÜCUMLARI PİSLƏDİ:

FAŞİZMİN TƏZAHÜRÜDÜR

“Türkiyə Ukrayna ilə Rusiya Federasiyası arasındakı böhranın faciəyə çevrilməməsi üçün çox səy göstərdi. Eyni zamanda, Ankaranın dövlətlərin bütövlüyü və suverenliyini dəstəkləmək kursu dəyişməz olaraq qalır”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının iclasında bəyan edib.

Onun sözlərinə görə, Türkiyə Ukraynadakı döyüşlərə son qoymaq üçün səy göstərir.

“Biz Ukraynada uzunmüddətli atəşkəsə ümid edirik. Ankara dialoq kanallarını Moskva və Kiyev üçün açıq qoyaraq, balanslaşdırılmış siyasət yürüdür”, – deyə Ərdoğan bildirib.

Ukraynada hərbi əməliyyatların 14-cü günü olduğunu xatırladan dövlət başçısı orada baş verənlərin vicdansızlığın göstəricisi olduğunu vurğulayıb.

“Ukraynada baş verən hadisələrə baxmayaraq, Qərb ölkələri heç bir real addım atmır. Sadəcə tövsiyələr verirlər. Ukrayna dəstəksiz qalıb”, – deyə o əlavə edib.

Ərdoğan eyni zamanda bir sıra ölkələrdə Rusiya Federasiyasından olan tələbələrə və mədəniyyət xadimlərinə qarşı hücumları, Rusiya mədəniyyətinin tənqid olunmasını da pisləyib.

“Biz belə halları qəbul etmirik. Bu, faşizmin təzahürüdür, hansı ki, Ukrayna xalqının qanuni mübarizəsinə heç bir fayda gətirmir, əksinə kölgə salır”, – deyə prezident davam edib.

Ərdoğan bu müharibədə qalibin olmayacağını vurğulayıb.

“Məsələ Ukrayna və Rusiya tərəfindən diplomatiya yolu ilə həll edilməlidir”, – deyə Türkiyə lideri bildirib.

Prezident Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin martın 10-da Antalyada keçirilməsi planlaşdırılan üçtərəfli görüşünün çox əhəmiyyətli olduğunu vurğulayıb.

Bundan başqa, o, Dmitri Kuleba və Sergey Lavrov arasında sabahkı görüşün uzunmüddətli atəşkəs üçün “qapıları açacağına” ümidini ifadə edib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.