TƏBRİZDƏ ERMƏNİ MUZEYİ?
FAİQ ƏLƏKBƏRLİ: “İRAN HÖKUMƏTİ BİRMƏNALI OLARAQ BU ADDIMI ATMAQDAN ÇƏKİNMƏLİDİR”
İran hökumətinin rəsmiləri Təbrizdə erməni muzeyinin açılacağını bəyan edib. Azərbaycan mətbuatının “Azad İran” Teleqram kanalına istinadən yaydığı məlumata görə, bu barədə Şərqi Azərbaycan vilayətinin Mədəni Miras, Turizm və Əl Sənayesi Baş İdarəsinin müdiri Əhməd Həmzəzadə məlumat yayıb. O bildirib ki, sözügedən muzeyin açılması rəhbərlik etdiyi qurumla ermənilərin Şərqi Azərbaycan vilayətindəki baş yepiskopu Qriqor Çiftçiyanın birgə planıdır.
Erməni yepiskop Qriqor Çiftçiyan yuxarıda adı çəkilən İran hökuməti qurumunun “əsas məqsəd”lərindən birinin “ermənilərin abidələrini” qorumaq olduğunu deyib. O, indiyə qədər bu idarə tərəfindən Şərqi Azərbaycanda “çox sayda erməni abidələri”nin təmir edildiyini də əlavə edib: “Şərqi Azərbaycanda ermənilərə aid qiymətli abidələr var və Müqəddəs Stefan kilsəsi dünya abidələri siyahısına daxil edilmiş əlamətdar yerlərdən biridir. Vilayətdə çoxsaylı erməni abidələrinin olması ilə əlaqədar olaraq, Baş İdarə tərəfindən bərpa, mühafizə və baxım üçün xüsusi tədbirlər görülüb və bu tədbirlərdən sonra Təbrizdə Erməni Muzeyinin yenidən yaradılması gündəmdədir”
İran rəsmilərinin bir ovuc erməniyə onlara heç bir aidiyyəti olmayan Təbrizdə muzey yaradılmasına razılıq verməsi sual doğurur. Təbrizdə erməni muzeyinin açılması təşəbbüsü qəribə deyilmi? Bunun qarşısını necə almaq olar?
- “Bu muzeyin açılması əslində bizə qarşı həqarət olardı”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO-nun başqan müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İran rəsmilərinin Təbrizdə erməni muzeyinin açılacağı barədə verdikləri bəyanatlar bir daha molla rejiminin mahiyyətini əks etdirir. F.Ələkbərlinin sözlərinə görə, bütün hallarda Şərqi Azərbaycan vilayətinin Mədəni Miras, Turizm və Əl Sənayesi Baş İdarəsinin müdiri Əhməd Həmzəzadənin “Təbrizdə erməni muzeyi yaradılacaqdı” açıqlaması onu göstərir ki, İran hökuməti daha çox ermənilərin qayğısına qalır, nəinki Təbrizin yerli sakini Azərbaycan türklərinin. “Təbriz qədim Azərbaycan şəhəridir və bu şəhərdə türk mədəniyyətinin çox dərin izləri var, orada bizim mədəni irsimiz mövcuddur. Bu halda ermənilərə Təbrizdə muzey yaratmaq cəhdləri yol verilməzdir, İran hökuməti birmənalı olaraq bu addımı atmaqdan çəkinməlidir. Təbrizdə erməni muzeyinin yaradılmasına heç bir əsas yoxdur və orada heç bir erməni irsindən söhbət gedə bilməz.
Azərbaycan türklərinin tarixən yaşadıqları, mədəniyyət yaratdıqları Təbrizdə, eləcə də Güney Azərbaycanın başqa şəhər və vilayətlərində bizə aid mədəni irs, abidələr dağılır, məhv olur, amma təəssüf ki, İran hökuməti onları bərpa etmir. Maraqlıdır ki, onlar bizim abidələri bərpa edərkən bunu islam, şiə təəssübleşliyindən etdiklərini deyirlər. Amma ermənilərə abidələr yaradırlar, həmin abidələrin yaradılması zamanı isə islam və şiə təəssübkeşliyi aradan çıxır. Bu da bir daha göstərir ki, doğrudan da molla hökuməti ermənilərlə və Ermənistanla işbirliyi içərisindədir. Hələ üstəlik, Şərqi Azərbaycan vilayətinin baş yepiskopu Qriqor Çiftçiyanın yalandan iddia edir ki, guya Güney Azərbaycan ərazisində çoxlu sayda “erməni abidəsi” var. Çiftçiyanın bu iddiası cəfəngiyatdır və qəbul edilməsi mümkün deyil. Erməni yepiskopun bu cür yalan açıqlama verməsi təsadüfi deyil. Çünki ermənilər Azərbaycanın quzeyində bir çox tarixi abidələrimizi, mədəni irs nümunələrimizi saxtalaşdırdıqları, haylaşdırdıqları kimi, Günel Azərbaycanda da bu çirkin kampaniyanı həyata keçirmək istəyirlər. Məlumdut ki, ermənilər həm Qərbi Azərbaycanda, həm də uzun müddət işağalda saxladığı torpaqlarımızda bu saxtalaşdırmanı həyata keçirib. Belə hiss edirəm ki, ermənilər indi də bəzi İran rəsmilərinin dəstəyi ilə Güney Azərbaycanda da abidələrimizə qarşı saxtalaşdırma kampaniyasına başlayıblar”.
Bir əsr əvvəl Azərbaycanın qüzeyində, Azərbaycan torpağında erməni dövləti yaradıldığını xatırladan F.Ələkbərlinin fikrincə, onlar indi də Azərbaycanın güneyinə göz dikir, təəssüf ki, İran rejimi də onlara dəstək verir. F.Ələkbərlinin sözlərinə görə, İranın ermənilərə sahib çıxmasını, onlara hər cür şərait yaratmasını, guya orada “erməni abidələrinin” olduğunun bəyan edilməsi buna misaldır. “Əslində, rəsmi Tehran bu cür ermənipərəst davranışlarla və kiçik məmurların dili ilə verdiyi bəyanatlarla öz aləmində rəsmi Bakıya xəbərdarlıq etmiş olur. Fikir verin, görün bu açıqlama nə zaman yayılıb? Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirləcəyinə dair məlumatlar yayılandan sonra meydana çıxıb. Aprelin 22-də Şuşada öz işinə başlayan Qurultay çoxlarını, o cümlədən də İran rejimini narahat edir. Buna da diqqət yetirmək lazımdır. Əslində, erməni yepiskopu kimi qondarmaları dilləndirən də molla hökumətinin özüdür. Onlar bu kimi addımlar atacaqlarını bəyan etməklə, “Təbrizdə erməni muzeyi açılacaq”, yaxud “burada erməni abidələri var və onlar bərpa olunacaq” açıqlamaları ilə öz məqsədlərini ortaya qoyurlar.
Ümid edirəm ki, təbrizlilər, bütövlükdə güney azərbaycanlılar erməni muzeyinin yaradılmasına imkan vermçəyəcək. Xüsusilə də Təbrizdə erməni muzeyinin açılması qətiyyən yolverilməzdir. Düşünürəm ki, soydaşlarımız bu təşəbbüsdə bulunanlara öz mövqeyini bildirəcək. Bu muzeyin açılması əslində bizə qarşı həqarət olardı”
İradə SARIYEVA
Şərhlər bağlıdır.