ƏNVƏR ÇİNGİZOĞLU YAZIR:

MACƏRADAN MÜBARİZƏYƏ 

Ənvər ÇİNGİZOĞLU,
Jurnalist-etnoqraf

O, bir varlı-hallı ailədə dünyaya gəlmişdi. Onun ailəsi barlı-bəhrəli torpaqlarından o qədər gəlir götürürdü ki, süfrəyə çörəyin necə gəlməsini bilmirdi. Tarlada talışın, giləyin, mazandaraninin dərisindən zol çıxarırdı. Di gəl ki, inqilabçı olmaq istəyirdi. Nədən?

1876-cı ildə Qacarlarlar dövlətinin Gilan əyalətinin Rəşt şəhərində doğulan Əbbdülhüseyn xanın atası Vəkilürrüaya ləqəbli Hacı Məhəmmədkazım xan Əmşai Gilanın iri mülkədar ailəsinə mənsub idi. Babası Əkbər xan bəylərbəyi Nasirəddin şah dövrünün tanınmış əyan-əşraflarından sayılırdı. Dövlətin şimal gömrüklərini icarəyə götürmüşdü.

İbtidai və orta təhsilini doğma şəhərlərində alan Əbdülhüseyn xan, Müizissultan və Sərdar Möhyi ləqəbini daşıyırdı.

Əbdülhüseyn xan Müizüssultan Avropada səfərdə olmuşdu.

Əbdülhüsyn xan Müizüssultan qardaşı Mirzə Kərim xan Rəşti ilə birlikdə Məşrutə hərəkatına qoşulmuşdu. Rəştdə yaranan “Səttarxan komitəsi”nin üzvü idi. Sosial Demokrat partiyasında təmsil olunurdu.

Əbdülhüseyn xan Müizüssultan 1909-cu ildə Qafqaz azadxahlarına qoşulub, Gilan valisi Ağabala xan Sərdar Əfxəmin öldürülməsində iştirak edib.

Rəştdən İran Milli məclisinə nümayəndə seçilən Əbdülhüseyn xan Müizüssultan Tehranın fəthində fəallıq göstərib. Məşrutə hərəkatı 16 iyul 1909-cu ildə məşrutəçilərin Tehranı fəthi ilə sona çatıb. Əmisioğlu Fətulla xan Əkbər onun dəstəsinə bel bağlayaraq Məşrutə hərəkatının qüdrətli şəxslərindən birinə çevrilib. Məhəmmədəli şah Rusiya səfirliyinə sığındıqdan sonra ölkəni idarə edəcək 28 nəfərlik komissiya yaranıb. Fətulla xan Əkbər həmin komissiyanın üzvü idi.

Əbdülhüseyn xan Müizüssultan Səttar xanla bərabər Atabəy parkında cəbhə tutmuşdu. 1910-cu ilin 7 avqustunda şah qoşunları və daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edir, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Əbdülhüseyn xan Müizüssultan Osmanlı səfarətxanasına sığınır. Bir müddət burda bəstə əyləşir.

Əbdülhüseyn xan Müizüssultan sonra Mazandarana yollanır. Mazandaran valisinin yanında çalışır.

Əbdülhüseyn xan Müizüssultan 1913-cü ildə Kürdistan valisinin yanında xidmət edir. Sonra onu Yəzdə sürgün edirlər. 5 ay sürgündə yaşadıqdan sonra Qum şəhərinə gəlir, ordan da Tehrana yollanır. Burda da həbs olunub, daha sərt həbsxanaya, Jandarmeriyanın zindanına salınır. Məhkəmədən sonra azad olunur.

1917-ci ildə Rusiyada çar rejimi devrildiyi üçün Gilan vilayətində kommunistlər də aktivləşdilər. Mirzə Kiçik xan isə yeni Rusiya siyasətinin aparıcı gücü kimi gündəmə gətirildi. 1919-cu ildə rus bolşeviklərinin dəstəyi ilə Gilan Sovet Respublikası elan edildi. Bu hökumətin başçısı Mirzə Kiçik xan oldu. Faktiki olaraq, bu hökumətdə Təbriz, Qəzvin, Ərdəbil, Tehran və digər iri şəhərlərdə cinayətkar kimi axtarışda olan quldurların hamısına vəzifə verildi. Hətta Sovet Rusiyası Gilan Sovet Respublikası ilə diplomatik əlaqələr də yaratmışdı. Əbdülhüseyn xan Müizüssultan bu hərəkatda təmsil olunurdu.

9 oktyabr 1920-ci ildə kazaklarla bolşeviklər (eləcə də cəngəlilər) arasında olan döyüşdə İran Kazak diviziyası xeyli itki verir. Hətta rus təlimatçılarından da həlak olan vardı. Kozan ətrafındakı döyüşdə gürcü əsilli poruçik Qarakonidze öldürülüb. (ГАРФ. Ф.4723. Оп.1. Д.6. Л.192.)

Bolşeviklər də xeyli itki vermişdilər. Mənbədə yazılır: “Kazaklar Düşənbəbazar ətrafında bolşeviklərə güclü zərbə vurublar. Onlardan xeyli yaralı və ölən var. Sərdar Möhyi yaralanıb”. (ГАРФ. Ф.4715. Оп.1. Д.2. Л. 64.

Əbdülhüseyn xan Müizüssultan Cəngəlilələr hərəkatının məğlubiyyətindən sonra Ehsanulla xan Dustdarla birlikdə Azərbaycana mühacirət edib.

Əbdülhüseyn xan Müizüssultanın yarası sağaldıqdan sonra Bakıda mənzillə təmin edilib. Ətrafında xeyli soydaşı, əqidədaşı olmasına baxmayaraq dərddən, kədərdən xərifləyib. Qürbətə cəmisi beşcə il dözə bilib…

Bəzi sənədlərə görə, Əbdülhüseyn xan Müizüssultan Britaniyanın Gizli Kəşfiyyat Xidmətinə bağlı idi. Onun framason olduğu haqqında bilgilər var.

Əbdülhüseyn xan Müizüssultan 50 yaşında Bakı şəhərində vəfat edib. Şıx qəbristanlığında dəfn olunub.

Şərhlər bağlıdır.