ƏKRƏM RƏHİM OĞLU BİJENİN ANIM MƏRASİMİ MÜNASİBƏTİLƏ TƏDBİRDƏ MƏRUZƏ

Şəxsiyyətin meydana gəlib formalaşmasında tarixi şərait əsas zəmin rolunu oynayır. Bu zəmin yarandığı zaman elmi özlərinə həyat amalı seçənlər, xalqın mənafeyini şəxsi maraqlarından üstün tutanlar, millətinə, torpağına qəlbən bağlananlar, onu irəli aparmaq istəyənlər həyatları bahasına olsa belə tarix yazırlar. Bu insanlar hamı tərəfindən sevilir, böyük hörmət sahibinə çevrilir, əsl ziyalı vəzifəsini son dərəcə məsuliyyətlə  yerinə yetirirlər. Azərbaycan elminin görkəmli nümayəndəsi, yüksək intellekt sahibi, təcrübəli tədqiqatçı, prinsipial mövqeyi, dərin məntiqi və özünəməxsus  dəst-xətti ilə tanınan əməkdar elm xadimi Əkrəm Rəhim oğlu Bije məhz belə alimlərimizdən idi. Onun bu həyatda tutduğu yol xalqa sədaqətlə xidmət etmək, gənc nəslə elmin sirlərini öyrətmək, özündən sonra tarixin səhifəsinə çevriləcək qiymətli əsərlər yazmaq, mənəvi dəyərləri maddiyyatdan üstün tutmaq yolu idi.

Mərhum Əkrəm Rəhim oğlu Bije 1932-ci ildə Azərbaycanın Respublikasının Qazax şəhərində anadan olub. Enişli-yoxuşlu həyat yolu keçmiş alim hələ uşaq ikən soykökü Cənubi Azərbaycandan olduğuna görə Cənubi Azərbaycana deportasiya edilmişdir. 1939-1945-ci illərdə Mərənd şəhərinin Yuxarı Dizə kəndində fars dilində orta məktəbi bitirmişdir. Onun uşaqlıq və gənclik illəri kifayət qədər çətin tarixi şəraitə təsadüf edib. Pəhləvilərin hakimiyyəti illərində (1925-1979) İran dövləti tərkibində yaşayan azərbaycanlılara bu dövləti məhv edə biləcək qüvvə kimi baxıldığından hakim dairələr tərəfindən onlara qarşı amansız assimilyasiya siyasəti həyata keçirilirdi. Müəllimlər fars dilində dərs deyir, ibtidai məktəblərdə Azərbaycan türkcəsində danışanlar cərimə edilirdilər. Fars dilində olmayan kitab və qəzet çapı dövlət tərəfindən rəsmi olaraq qadağan edilmişdir. Ə.Rəhimli həmin illəri belə xatırlayırdı:1940-cı il idi. Mərəndin Yuxarı Dizə kəndində ibtidai məktəbdə oxuyurdum. Sinif yoldaşım Əhməd mənə və Yunisə Azərbaycan türkcəsində “dərsdən sonra gedib Ağalar zəmisində futbol oynayarıq” dediyi üçün hər üçümüzə şallaq cəzası təyin edilmişdir. Heyva ağacından olan çubuqla əllərimizin içinə 5-6 dəfə zərbə vurulmuş, sonra isə boynumuzdan üzərində “bədəxlaq şagird” yazılmış plakat asılmışdır. Şagirdə məktəb miqyasında belə bir adın verilməsi çubuq cəzasından daha ağır cəza hesab olunurdu. Çünki bu, uşağın ruhunu, mənliyini və kimliyini təhqir etmək idi”.  

Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi ilə azərbaycanlıların milli-demokratik mübarizəsi qələbə çaldıqdan və 1945-ci il dekabr 12-də Cənubi Azərbaycanda Milli Hökumət təşkil edildikdən sonra bir il Azərbaycan dili rəsmi dövlət və təhsil dili elan edildi. Ə.Rəhimliyə bu bir il içərisində Azərbaycan dilində oxumaq xoşbəxtliyi nəsib oldu. 1946-cı ilin dekabr ayının 12-də milli-demokratik hərəkat məğlubiyyətə uğradqdan sonra o da ailəsi ilə birlikdə yenidən Şimali Azərbaycana, Qazaxa qayıdır.

1949-1953-cü illərdə Gəncə Pedaqoji Texnikumunu, 1953-1957-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirir və bir neçə il orta məktəbdə müəllimlik edir. 1960-1963-cü illərdə Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitunun aspiraturasında oxuyur və 1963-cü ildə Moskvada “SSRİ-Türkiyə iqtisadi əlaqələri (1923-1938)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alır. 1965-ci ildə onun “SSRİ-Türkiyə iqtisadi əlaqələri (1923-1938)” adlı monoqrafiyası Bakıda çap edilərək elmi ictimaiyyətə təqdim olunur. Gənc alim sonrakı illərdə də Türkiyə iqtisadiyyatı ilə bağlı tədqiqatlarını davam etdirir və 1970-ci ildə onun bu mövzuda daha geniş və dərin araşdırmalara söykənən “Türkiyənin xarici ticarət siyasəti (1920-1980)” elmi-tədqiqat əsəri Bakıda çap olunaraq oxuculara təqdim edilir.

Əkrəm Rəhimli 1963-cü ildən ömrünün sonuna kimi (29.04.2022) AMEA Şərqşünaslıq İnstitutunda çalışmışdır. O, 2009-2014-cü illərdə Cənubi Azərbaycan şöbəsinə rəhbərlik etmişdir.

Əkrəm Rəhimli Türkiyə, İran, eləcə də Cənubi Azərbaycanın sosial-siyasi və iqtisadi-mədəni durumuna aid yüzdən çox publisistik və elmi məqalənin, bir sıra kitabların müəllifi və tərtibatçısıdır.

1828-ci ildə Türkmənçay müqaviləsi ilə Azərbaycan ikiyə bölündükdən sonra ta bu günə kimi Cənubda baş vermiş tarixi olaylar haqqında oxuculara ətraflı məlumat verən “Güney Azərbaycan” (Bakı, “Orxan” nəşriyyat və poliqrafiya evi, 2000) adlı məlumat kitabında (Ş.Tağıyeva və S.Bayramzadənln həmmüəllifliyi ilə yazılmışdır) Cənubi Azərbaycanın tarixi, ərazisi, əhalisi, təsərrüfatı, maarif və mədəniyyəti, ədəbiyyatı və siyasi şəxsiyyətləri barədə gərəkli bilgilər toplanmışdır.

Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946)” (Bakı, “MEQA” nəşriyyatı, 2003) adlı kitabı Ə.Rəhimlinin elmi yaradıcılığının zirvəsi hesab etmək olar. Kitabda keçən yüzilliyin 40-cı illərində Cənubi Azərbaycandakı milli-demokratik hərəkatdan bəhs olunur,  “21 Azər”ə gedən mübarizə yolu tədqiq və təhlil edilir, sosial, siyasi, iqtisadi və mədəni durum, baş vermiş olayların məzmun və mahiyyəti, qələbədən sonra yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyəti öz əksini tapır. Kitab “21 Azər” hərəkatının və Azərbaycan Milli Hökumətinin qurulmasının 70 illiyi ilə əlaqədar 2015-ci ildə yenidən işlənərək “21 Azərə gedən yol” adı ilə çap olunmuşdur. Müəllifin gənc yaşlarında apardığı müşahidələr, şahidi olduğu hadisələr, uzun müddət etdiyi mütaliə və apardığı tədqiqatlar əsasında hazırladığı monoqrafiyada oxucu bir tərəfdən oyanmış xalqın öz milli haqları uğrunda mübarizəsi ilə tanış olur, digər tərəfdəbn o dövrə məxsus sistem ziddiyyətləri fonunda öz qardaşlarına kömək əli uzadan Şimal Azərbaycanının, ilk növbədə onun ziyalılarının keçdiyi tarixi və fərəhli yolun şahidinə çevrilir. Kitab 2005-ci ildə eyni adla əski əlifba ilə Kanadada və 2006-cı ildə isə fars dilinə tərcümə ilə İranda çap olunmuşdur.

Ə.Rəhimlinin böyük zəhməti sayəsində tərtib edilmiş irihəcmli “Parçalanmış millətin harayı (həsrət şeirləri və bayatılar)” (Bakı, “Nurlar”  Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2007) kitabı isə vüsal həsrətilə dünyamızdan köçmüş soydaşlarımızın əziz xatirəsinə ethaf olunmuşdur. “Parçalanmış millətin harayı” adlı bu toplu zorla ikiyə parçalanmış Azərbaycan xalqının şeir və bayatılar dili ilə bu haqsızlığa və ədalətsizliyə qarşı çıxış və etiraz səsidir. Kitabda o taylı-bu taylı 100-dən çox şairlərimizin həsrət, hicran, nisgili və vüsal arzusu ilə bağlı şeirlərindən və bu mövzuda deyilmiş bayatılardan nümunələr oxuculara təqdim olunur.

Ə.Rəhimlinin “Mübarizə burulğanında keçən ömür. Seyid Cəfər Pişəvəri” (Bakı, “Nurlar”  Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009) adlı kitabı dr.Bəşarət xanım İsmayıl və Elmira Fikrətqızının tərcüməsində Türkiyə türkcəsində Trabzon şəhərində və 2013-cü ildə fars dilində İran İslam Respublikasının Məşhəd şəhərinin “Samen” nəşriyyatında “Əbədi məşəl. Seyid Cəfər Pişəvəri (həyatı, siyasi və ictimai fəaliyyəti)” adı ilə çap olunmuşdur. Kitabda İranın və Cənubi Azərbaycanın tanınmış mütəfəkkir-ziyalısı, inqilabçı-demokrat Seyid Cəfər Pişəvərinin həyatından və mübarizəsindən bəhs olunur. Çoxsaylı mənbə və sənədlər əsasında S.C.Pişəvərinin 55 illik həyatının müxtəlif dövrlərinin çalarları, 1945-1946-cı illərdə Cənubi Azərbaycandakı milli-demokratik hərəkatda onun xidmətləri və rolu, hərəkatın süqutundan sonra isə həyatının axır günləri və ölüm səbəbləri tədqiq və təhlil olunur.

Ə.Rəhimlinin tərtibatı və redaktorluğu ilə 2008-ci ildə Doktor Salamullah Cavidin “O günün həsrətilə…” başlığı altındakı xatirələri çap olunmuşdur. Kitabda həyatının 50 ildən çoxunu Cənubi Azərbaycanın milli azadlıq və demokratik hərəkatına həsr etmiş bir insanın – Salamullah Cavidin keçdiyi həyat və mübarizə yolundan bəhs edilir. Kitabın əsasını dr. S.Cavidin yazdığı xatirələr təşkil etsə də, onu yaxından tanıyanların, oğlu Azad Cavidin qeydləri, həmçinin kitab tərtibçisi Ə.Rəhimlinin qeydləri də xatirələrin əlavəsində verilmişdir.

Əkrəm müəllimin tərtibatında və elmi redaktorluğu ilə 2014-cü ildə  işıq üzü görmüş “Zindan xatirələri” (Bakı) toplusu da S.C.Pişəvərinin 1930-1941-ci illərdə İranın Tehran şəhərindəki “Qəsri-Qacar” zindanında həbsdə olduğu illərdəki müşahidə və qeydlərindən ibarətdir. Xatirələrdə Rza şah zindanındakı ağır və dözülməz həyat, məmur özbaşınalıqları, günahsız insanlara verilən əzab və işgəncələr oxucuya çatdırılır. Bu xatirələr XX əsrin 30-cu illərində İranda mövcud olan siyasi mühiti, Rza şah diktaturasının törətdiyi saysız-hesabsız cinayətləri öyrənmək və məlumat əldə etmək baxımından çox önəmlidir.

Güney və Quzey Azərbaycan: ensiklopedik təqvim (başlıca tarixi olaylar, siyasi və ədəbi şəxsiyyətlər)” (Bakı, “Apostroff, 2014)  adlı kitab Əkrəm Rəhimli və Səməd Bayramzadənin tərtibatında hazırlanmış və çap olunmuşdur. Bu ensiklopedik təqvimin tərtibindən müəlliflərin əsas məqsədi güneyli-quzeyli Azərbaycanın keçmişi, ən qədim dövrdən çağdaş günümüzədək baş vermiş tarixi olayları, bir sıra siyasi və ədəbi şəxsiyyətləri barədə məlumatları oxuculara yığcam şəkildə məlumat verməklə tariximizə münasibətdə bəzən göstərilən biganəlik və unutqanlığı aradan götürmək olmuşdur.

2016-cı ildə Bakının “Nurlar” Nəşriyyatı-Poliqrafiya Mərkəzində çap olunmuş “Seyid Cəfər Pişəvəri. Məqalə və çıxışlarından seçmələr (1945-1946-cı illər)” kitabı da Əkrəm Rəhimli tərəfindən nəşrə hazırlanmışdır. Kitaba yazılmış ön söz və şərhlərin müəllifi də o özüdür. Adıgedən topluya S.C.Pişəvərinin Cənubi Azərbaycan mətbuatında 1945-1946-cı illərdə çap olunmuş məqalə, çıxış və bəyanatlarından seçmələr daxil edilmişdir.

Ə.Rəhimlinin “Cənubi Azərbaycan: düşüncələr, problemlər” (Bakı, “Nurlar”, 2017) adlı əsəri, 2017-ci ilin yayında işıq üzü görmüşdür. Müəllifin bu kitabında isə onun son 17 ildə yazdığı məqalə, müsahibə və rəylərindən seçmələr verilmişdir. Məqalələrdə Cənubi Azərbaycanda baş vermiş olayların elmi-siyasi və tarixi-ədəbi səpgidə şərhi verilir.

2019-cu ildə “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində 184 səhifədə çap olunmuş “662 saylı məhbus – S.C.Pişəvəri” kitabı İran müəllifi Şahrux Fərzadın  2006-cı ildə Tehrandakı “Şirin” nəşriyyatında fars dilində dərc olunmuş “Seyid Cəfər Pişəvərinin mühakimələri, müdafiələri və zindan xatirələri” adlı kitabı əsasında Əkrəm müəllim tərəfindən tərtib edilmiş, ona ön söz və şərhlər yazılmışdır. Kitabda Rza şah dövründə məxfi sənədlər sırasında xüsusi qriflə saxlanılmış S.C.Pişəvəriyə aid istintaq materialları, bu materiallar içərisində Pəhləvi rejiminin azad düşüncə və demokratiyaya qarşı dünyada analoqu az olan zorakılıq və amansızlığı, eyni zamanda da zorakılıq və amansızlıq qarşısında S.C.Pişəvərinin dönməzliyi və qarşı tərəfə göstərdiyi mətanəti geniş aspektdə öz əksini tapmışdır.

Onun son işi isə “S.C.Pişəvəri və Cənubi Azərbaycan” əsəridir. Kitab onun plan işi olaraq 2021-ci ilin sonunda AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda yazılıb tamamlanmışdır. Kitaba ön sözü akademik R.Hüseynov yazmışdır. Hazırda kitab mənim tərəfimdən elmi redaktə edilir və bütün imkanlar daxilində həmin kitabı bu il çapa təqdim etmək nəzərdə tutulmuşdur. Müəllifin bu ilin 20 sentyabr günü qeyd ediləcək 90 illik yubiley mərasimində həmin kitabın təqdimatı da planlaşdırılmışdır.

Amma, çox təəssüf ki, “21 Azər” hərəkatı yadigarlarından olan bu fədakar və zəhmətkeş alimi 90 illik yubileyi ərəfəsində itirdik. Ümid edirəm ki, onun elmi fəaliyyəti yaddaşlarda qalacaq, elmi ictimaiyyət və aidiyyəti qurumlar tərəfindən layiqincə dəyərləndiriləcəkdir.

Allah rəhmət eləsin, ruhu şad olsun.

 Səməd Bayramzadə,
7 may 2022-ci il

Şərhlər bağlıdır.