ATƏT PA-NIN İPƏK YOLUNA DƏSTƏK QRUPUNUN ONLAYN İCLASINDA

İyunun 10-da ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun onlayn iclası keçirilib.

İclası açan Qrupun sədri, ATƏT PA-nın vitse-prezidenti və bu qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev tədbir iştirakçılarını salamlayaraq iclasın  gündəliyi barədə məlumat verib.

Tədbirdə əvvəlcə ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyevin məruzəsi dinlənilib. O, diqqətə çatdırıb ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna bu gün artıq 27 ölkə üzv olub. Bildirib ki, Qrup üzv dövlətlər arasında möhkəm, qarşılıqlı və faydalı əməkdaşlıq üçün zəmin yaradır.

Məruzədə İpək Yoluna Dəstək Qrupunun 2020-ci ildə “Post-COVID dövründə iqtisadiyyatın yenidən canlandırılması üçün nəqliyyat və ticarətin sadələşdirilməsi ilə bağlılığın artırılması: ATƏT PA-nın rolu nədən ibarətdir?” mövzusunda keçirilmiş onlayn tədbirin əhəmiyyəti vurğulanıb.

Sonra tədbirdə Qrupun rəhbər prinsiplərində nəzərdə tutulan yeni modifikasiya ilə bağlı ATƏT PA-da İtaliya nümayəndə heyətinin rəhbəri  Paolo Qrimoldi çıxış edib.

Görüşdə Qrupun rəhbər prinsiplərinə və təcrübələrinə dair bir sıra təşkilati məsələlər də müzakirə olunub.

Onlayn görüşdə Azərbaycan Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə, bu qurumda Fransa nümayəndə heyətinin üzvü, Prosedur qaydaları və iş təcrübələri üzrə Alt komitənin sədri Paskal Allizard və digər şəxslər iştirak ediblər.

Azərbaycan Respublikası Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Şərhlər bağlıdır.