SAQQALLI UŞAQLAR

“KƏRİMƏ DÖVLƏTİ” QURAN TİPLƏRƏ BAX!..

Neçə gündür sosial şəbəkələrdə “Kərimə Dövləti” mövzusu aktualdır. Bu haqda paylaşılan bütün fikirlər lağlağı emojiləri və məzələnməklə müşayiət olunur. Mövzu haqda o qədər çox fikirlərə rast gəldim ki, məndə maraq yarandı. Dedim görüm, bu nə temadır…

Yutubda mövzu haqda axtarış verdim. Bəlli oldu ki, tarixi Azərbaycan torpaqları üzərində qurulan İran İslam Cümhuriyyətində yaşayan, kəllə qafasında beyin hüceyrələrindən başqa hər cür bakteriya olan bir neçə bığlı-saqqallı şarlatan molla bəyanat veriblər ki, Azərbaycan ərazisində Kərimə Dövləti quracaqlar.

Bu videolara baxdım, baxdım, yenə də baxdım…

Həmin müddətdə ağlımdan ancaq bu fikir keçirdi: Bunlar dəlidir, xəstədir, nədir?

Həqiqətən, bu sərsəm çıxışlara ciddi reaksiya vermək mümkün deyil. Bu saqqallı uşaqlar nə danışırlar? Onlarla ancaq məzələnmək olar ki, bu fürsəti də uca millətimiz layiqincə dərəyərləndirib 3-4 gündür stress atır.

Onların etdiyi çıxışlar o qədər qeyri-real, o qədər əfsanəvi, o qədər fantastikdir ki, çox demirəm, ibtidai sinfi normal qiymətlərlə bitirən adam bu çıxışlara qulaq asıb şaqqanaq çəkib gülər. Bu ağılsızlıqla, bu məntiqsizliklə, bu arqumentsizliklə o adamlar ancaq komediya personajları ola bilər. Nəinki dövlət, heç toyuq hini də qura bilməzlər.

Amma məsələ orasındadır ki, axı bizim içimizdə ibtidai savadı olmayan çoxsaylı adamlar da var. Onlar bu “kəriməçilərin” potensial hədəfdir. Savadsız adam hər bir tora düşə bilər, yem olan hər bir qarmağa doğru üzə bilər.

Uzağa getməyək: Elə yutubda bu günlərdə aksiya keçirən hicablı qadınlardan biri ölkəmizin əxlaqsızlıq yuvasına çevrildiyini iddia edir. Buna da onunla izah verir ki, boşanmaların sayı artıb. Ay bizdən olub bizə oxşamayan, boşanma nə vaxtdan əxlaqsızlıq olub axı? Əxlaqsızlıq görmək istəyirsənsə, xaricilərin demirəm, elə İran yazıçılarının bu ölkənin həyatı haqda yazdığı əsərlərin bir neçəsini oxu. Bax, onda əxlaqsızlığın nə olduğunu görərsən. 7 arvad alıb bir evin altına yığmaq, həftənin hər günü başqa bir arvadla yatmaq əxlaqsızlıq deyilmi?!

Nə deyim? Oxusan, özün görəcəksən. Təbii, əgər oxuma-yazma bilirsənsə…

İnanc gözəl hissdir. Dinə tapınmaq paklanmaqdır. Amma dindarlıq dini siyasiləşdirməkdir. Din siyasiləşəndə eybəcər görünür. Bu islamda da, xristianlıqda da, buddizmdə də belədir. Fanatik dindarlıq dar bir çevirədə fırlanmaqdır. O qədər fırlanırsan ki, axırda başın gicəllənir və Kərimə dövləti qurmaq haqda səy-səy danışmağa başlayırsan. Hamı da buna qulaq asıb səninlə məzələnir.

Dünyanın ən “dahi” fırıldaqçısı Həsən Sabbahın nəvələri elə bilirlər ki, onun tezisləri bu gün də işləyəcək. Tezisinizi yesinlər. Sizi “cənnət” gözləyir. Babanızın Ələmutda yaratdığı cənnət.

Yolunuz açıq olmasın!

Elnur Məmmədli

Şərhlər bağlıdır.