Gecikmiş bir yazı…
VƏTƏN XƏRİTƏSİ
Xatirələr özü də tarixdir və yaddaşlarda yaşayan xatirələrə “canlı tarix” də deyirlər. Lakin həmin xatirələri yaddaşlarında gəzdirən canlı fərdlər əllərinə qələm alıb onları kağız üzərinə köçürdükdə bu xatirələr tarixə çevrilir, əksinə olduqda isə yalnız ən yaxşı halda, yaxın dostların, qohumların, əzizlərin yaddaşlarına ötürülən və bu zaman daha maraqlı olan hissələr müəyyən müddətə yaşayır, sonra isə itib əbədiyyətə qovuşur. Nə yaxşı ki, bu xatirələr onu gəzdirənin özü və ya dostları, yaxınları tərəfindən kağıza köçürülür və böyük bir nəslin, xalqın yaddaşına çevrilir. “Vətən xəritəsi” başlığı altında oxuculara təqdim edilən bu xatirələr tarixşünaslığımızda prof. Şövkət Tağıyevanın banisi olduğu “Cənubi Azərbaycan” məktəbi nümayəndələrinin 80-ci illərin əvvəllərində Moskva şəhərində elmi tədqiqatla məşğul olduqları illərdəki həyatla bağlıdır. Həmin nümayəndələr sırasında Nəsib Nəsiblinin və Vidadi Mustafayevin adlarını xüsusi olaraq çəkmək istəyirəm. Belə ki, həmin xatirə və yaddaşları tarixə ilk çevirənlər onlardır.
Nəsib Nəsibli
N.Nəsiblinin və V.Mustafayevin Güney Azərbaycanın ərazisi, əhalisi, onun milli şüuru, İran çərçivəsində öz milli-demokratik hüquqları uğrunda mübarizələrinə həsr edilmiş bir sıra elmi əsərləri artıq çoxdan işıq üzü görmüşdür. Həmin həyatı adlarını çəkdiyimiz nümayəndələrlə birlikdə yaşamış ziyalılarımızdan biri də həmin illərdə akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Türkiyə tarixi və iqtisadiyyatı” şöbəsinin elmi işçisi olmuş Möhübbi Əhmədov idi (o hazırda Türkiyə Cümhuriyyətində yaşayır və çalışır – S.B.).
Vidadi Mustafayev
Qürbət həmişə qəlbən və mənən oxşar həmvətənləri, “həmşərilər”i bir-birinə yaxınlaşdırır və bu zaman ümummilli problemlər həmişə müzakirə obyekti olur. Həmin dövrlə bağlı xatirələrini M.Əhmədov mənə 1989-cu ildə təqdim edib və mən onu haqqında danışdığım tarixin maraqlı və cəlbedici epizodlarından biri kimi oxuculara təqdim etmək istəyirəm. M.Əhmədovun qələm yazısına əl gəzdirmədən təqdim edirəm:
“Yeddi il əvvəlin söhbətidir. Qarlı-şaxtalı qışın elə bil sonu yoxdu və bizi bir qəriblik duyğusu bürümüşdü. Moskvada Elmlər Akademiyasının onaltı mərtəbəli aspirantlar evində biz, azərbaycanlılar, bir-birimizə daha mehriban olmuşduq. Pəncərərdəki işıqları səhərəcən sönməyən bu binada neçə-neçə arzu çiçəklənmişdi, nə qədər elmi və yarıelmi mübahisələrimiz olmuşdu. Şərqşünaslar, fiziklər, biokimyaçılar, dilçilər, kibernetiklər-hamımızı birləşdirən, düşündürən, ruhlandıran və bəzən də ruhdan salan öz xalqımızın problemləri idi. Heç ağlımıza da gəlmirdi ki, indi durğunluqdur, düşüncəyə və idraka buxov vurulmuşdur. Oxuduğumuz hər kitab, hər məqalə yeni üfüq açırdı, yeni ideya gətirirdi. Müdriklərimizi köməyə çağırırdıq. Sabirə, Mirzə Cəlilə üz tuturduq. Şübhəsiz, bizi düşündürən başlıca məsələlər Azərbaycanla, onun dünəni və sabahıyla bağlıydı. Dəqiq elmlərlə məşğul olan uşaqlar bizimlə bu barədə tez-tez fikir mübadiləsi edirdilər, çünki biz tarixçiydik, problemlər bizə daha yaxın idi. İndi hamılıqla etiraf etdiyimiz kimi, o vaxt deyirdik, danışırdıq, öz aramızda tənqid edirdik, vəssalam. Xeyri isə olmurdu. Əlbəttə, gəncliyə xas olan ehtiras və coşqunluqla ətaləti, sxolastikanı, ehkamçılığı aradan qaldırmaq üçün hər işə hazır idik.
Aydındır ki, acı gerçəklərlə barışa bilmirdiksə də, durğunluq öz işini görürdü. Nəyisə dəyişdirmək, əngəlləri dəf etməkdənsə, alışmaq daha asan idi. Nəhəng bir ölkə beləcə nələrə alışmadı…
Moskvada krossvord dəbdir və bir dəfə qərara aldıq ki, “Haradır Azərbaycan?” başlığı altında bir krossvord tərtib edək. Bu fikri ilk dəfə ortaya atan hazırda bizim akademiyanın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan bölməsinin (həqiqətdə, o zaman bölmə yox, şöbə fəaliyyət göstərirdi və qeyri-müəyyən səbəblərə görə 80-ci illərin sonunda rəhbərlik tərəfindən onun fəaliyyəti dayandırıldı və hazırda adı çəkilən İnstitutda “İran tarixi” şöbəsi nəzdində Güney Azərbaycan tarixi problemləri ilə məşğul olan bir qrup fəaliyyət göstərir – S.B.) əməkdaşı, tarix elmləri namizədi Nəsib Nəsibli (o hazırda “Xəzər” universitetinin professorudur və həmin universitetdə politologiya kafedrasına rəhbərlik edir – S.B.) idi. Mən onunla bir otaqda yaşayırdım. Onun dissertasiya işi Cənubi Azərbaycanla əlaqədar idi və onunla Cənubi Azərbaycan mövzusunda saatlarla mübahisə edirdik. Azərbaycanın əhalisi, tarixi, coğrafiyası, etnik mənşəyi, istiqbalı bizim söhbətə qoşulan digər həmyerlilərimiz üçün də maraqlı idi. Əlbəttə, bu məsələlərin kompleks həlli elmi yanaşma, metod tələb edirdi, vaxt və hazırlıq tələb edirdi. Elə bu söhbətlər nəticəsində “Haradır Azərbaycan?” sualı məni şeir yazmağa sövq etdi. Şeirin ilk variantı mübahisə doğurdusa da, uşaqlar məni həvəsləndirdilər. N.Nəsibli də məni ruhlandırdı ki, ideya həqiqətən uğurludur və şeiri mükəmməl şəklə salmaq, cilalamaq hamımızın borcudur. Yer adları, coğrafi koordinatları seçərkən mən onun, eləcə də Vidadi Mustafayevin (şeiri kağız üzərinə köçürüb saxlayan da o olub və mən təqdim edilən şeirin əlyazmasını V.Mustafayevdən alıb saxlamışam və üzərində kiçik düzəlişlər edib oxuculara təqdim etmək qərarına gəlmişəm – S.B.) mülahizələrinə əsaslanmışam.
Zənnimcə, bu şeir durğunluq dövrüylə barışmaq istəməyən gənclərimizin təəssübkeşliyinin yadigarı sayıla bilər. Şeirlə bağlı xatirəni qələmə almağı akademiyamızın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin elmi işçisi, tarix elmləri namizədi Səməd Bayramzadə təkid etdi və məlum oldu ki, şeirin əsl nüsxəsini o qoruyub saxlamışdır.
M.Əhmədov, Bakı, may – 1989”.
HARADIR AZƏRBAYCAN?
Dünya gəzmiş, dünya görmüş
bir səyyahdan
soruşsan-
Haradır Azərbaycan?
Dəmirqapı Dərbəndin
qala divarlarından,
Təbrizəcən uzanan
dağlı, dənizli
gözəl diyardan
danışar.
Əsrlərin əsiri
bir tarixçidən
soruşsan-
Haradır Azərbaycan?
Qobustanın daşlarından,
albanlardan, oğuzlardan,
qisas alan qılınclardan,
Kaşğarinin divanından
danışar.
Qabarlı əllərini Kürdə yuyan
bir muğanlı pambıqçıdan
soruşsan-
Haradır Azərbaycan?
Alın təriylə hər payız
ağaran
şoran torpaqdan,
üzümdən, pambıqdan
danışar.
Sahildə gəzən
qaragöz qızdan
soruşsan –
Haradır Azərbaycan?
Yanaqları allanar
Qız qalasından,
arzu kimi pak sevdadan,
əsgər getmiş bir oğlandan
danışar.
Üzündən salnamə oxunan bir ağsaqqaldan
soruşsan –
Haradır Azərbayca?
Yüzyaşlı çinarlardan,
qardaşlıq məzarında
yatan oğlundan,
üfüqlərə gedən
yollardan
danışar.
Xeyri ucaldan,
Şəri alçaldan
bir dastan
danışar.
Borçalıdan gələn qatardan
düşən yorğun yolçudan
soruşsan –
Haradır Azərbaycan?
Bir az duruxaraq
bərəkətli mahalından,
sazdan, aşıqlardan,
el-obaya yananlardan danışar.
Dekabr, 1982
MOSKVA
Fikrimizcə, təqdim edilən şeir şair kimi tanınmayan, lakin poetik istedada malik olan vətənpərvər bir gəncin Azərbaycan haqqında bir nəslin müəyyən bir zaman kəsiyində düşüncələrinin özünəməxsus şəkildə bədii ifadəsidir.
“Haradır Azərbaycan?” başlığı altında M.Əhmədovun təqdim edilmiş şeiri böyük Cəlil Məmmədquluzadənin eyni adlı əsərinin poetik formada davamı hesab edilə bilər. Həmin mövzu Səməd Vurğun və Məhəmməd Hüseyn Şəhriyar tərəfindən daha məhdud coğrafiya və zaman çərçivəsində qələmə alınmışdır.
Deyilənlər mövzunun, həmişə olduğu kimi, bu gün də nəinki aktual, həm də son dərəcə aktual olduğunu göstərir. Həmin mövzuda iri və kiçik həcmli bədii əsərlər, o cümlədən poetik nümunələr yaradılmasına böyük ehtiyac olduğunu demək, yəqin ki, artıqdır.
Bu yolda şair və yazıçılarımıza uğurlar diləyirik.
Səməd Bayramzadə
Bakı, 2010-cu il
Şərhlər bağlıdır.