30 İLDƏN SONRA SON VƏZİYYƏT: “URMU GÖLÜ CAN VERİR”

Son günlərdə Urmu gölü Cənubi Azərbaycanda yenidən geniş şəkildə gündəmə gəlib. İyul ayının 16-da Urmiya şəhərində kütləvi etiraz aksiyalarına səbəb olan bu məsələ ən az 30 illik keçmişə sahibdir. Dünyanın ikinci ən böyük şor gölü hesab edilən Urmu gölünün artıq 90 faizi quruyub.

Etiraz aksiyaları polis qüvvələri tərəfindən yatırılsa da, bu narazılıqlara son qoymayıb. Etiraz aksiyasından öncə Urmu gölü sosial şəbəkələrdə də geniş şəkildə gündəmə gəlmişdi. 9 iyul tarixində Urmiya gölü ilə bağlı olan tvitlər ölkə daxilində trend olmuşdu.

Baş verən son hadisələr çox sayda milli fəalın həbs edilməsi ilə nəticələnib. “Abbas_lisani” adlı instagram səhifəsinin verdiyi məlumata əsasən Urmiya şəhərində keçirilən aksiyada həbs edilənlərin sayı 85 nəfəri keçib. Aksiyadan öncə isə bir çox milli fəal təhlükəsizlik orqanları tərəfindən təhdid və yaxud da həbs edilib.

Son günlərdə azərbaycanlı millət vəkilləri də Urmu gölünün quruması ilə bağlı öz etirazlarını bildiriblər, lakin bu hadisə azərbaycanlılar tərəfindən müsbət qarşılanmayıb. Cənubi Azərbaycanda hələ də vəziyyət gərgindir və hələki düzgün heç bir addım atılmayıb.

Tökülən qanlar qarşısında boş vədlər

Əslində Urmu gölü məsələsi heç də yeni məsələ deyil. Bu haqda ekspertlərin xəbərdarlıqlarından ən az 30 il keçib. Kütləvi şəkildə böhranın qabarmasından isə ən azı 12 il keçir. Lakin 30 il ərzində dövlət orqanları tərəfindən mənfi gedişatın qabağını alacaq heç bir addım atılmayıb.

31 il əvvəl fidan və toxum yetişdirmə və hazırlama institunun baş tədqiqatçısı Hüseyn Kavə Urmu gölünün yaxınlığındakı su quyularının şorlaşması barədə xəbərdarlıq edib. Əkinçilik Nazirliyi, Enerji(Niru) Nazirliyi və Şərqi və Qərbi Azərbaycan valilərinə ünvanlanan bu müraciət yeraltı su mənbələrinin azalması və yerinə şor suyun dolmasını diqqətəlayiq məqam olduğunu bildirib.

Daha sonra 2001-ci ilin oktyabr ayının 24-də Urmiya Universitetində bir qrup azərbaycanlı tələbə Urmu gölünün pis gələcəyi barədə konfrans keçiriblər. Ekspertlərin də dəvət edildiyi həmin konfransda bəzi cavabdeh şəxslər də iştirak ediblər. Lakin yenə də dövlət orqanları faciəni önləyəcək heç bir addım atmayıblar.

Nəhayət gölün fəciəvi gələcəyi özünü kütləyə də nümayiş etdirib. 2010-cu ilin aprel ayında Urmu gölü ilə bağlı etiraz aksiyaları keçirilib. Əslində Urmu gölünün yaxınlığında və gölün üstündən çəkilmiş topraq körpü üzərində keçiriləcəyi planlaşdırılan mədəni və simvolik hərəkat polis qüvvələrinin zoraklığı ilə nəticələnmişdi.

Ondan sonrakı ilin avqust ayında isə on minlərlə azərbaycanlının iştirakı ilə keçirilən kütləvi etiraz aksiyası, laqeyd yanaşma siyasətinin təbii nəticəsi idi. Həmin il Urmu gölünün bərpa edilməsi layihəsi parlamentdə az səs qazandığı üçün müzakirə olunmur. Bu açıq-aşkar milli parlamentin laqeyid yanaşması demək idi.

Urmiya və Təbriz şəhərlərində on minlərlə insanın işrtirakı ilə keçirilən etiraz aksiyası çox sərt şəkildə yatırılmışdı. Üç nəfər öldürülmüş, yüzlərlə insan yaralanıb və çox sayda fəal həbs edilmişdi.

Sonrakı illərdə də Urmu gölü məsələsi artıq tez-tez gündəmə gələn məsələlər arasında yer alıb. Traktor futbol klubu azarkeşlərinin sabit şüarına çevrilən məsələ populist siyasətçilərin də çörək ağacına çevrilib. Sonrakı prezident seçkilərinə namizəd olan Həsən Ruhani gölün bərpa edilməsi şüarı ilə çıxış etmişdi. Həmin istiqamətdə bu hədəf uğrunda bir institut da yaradıldı. Lakin sonralar aydın oldu ki, işin praktik tərəfində hər hansı ciddi bir iş görülməyib.

Son prezident İbrahim Rəisi də yenə vədlərlə çıxış etdi lakin vəziyyətin daha da pisləşdiyi müşahidə olunur. Hazırda Urmu gölü çox acınacaqlı vəziyyətdədir. Qərbi Azərbaycan regional su şirkəti 40 il əvvəl Urmu gölünün su həcminin 31 milyard kubmetr olduğunu bildirmişdi. Hazırda həmin şirkətin verdiyi statistikalara əsasən onun həcmi 2 milyard 950 milyon kubmetrə düşüb. Bu isə gölün 90 faizinin quruduğunu bildirir.

Quraqlıq yoxsa çevrə irqçiliyi?

İranda cavabdeh şəxslər və qurumlar baş vermiş faciənin səbəbini iqlim dəyişiklikləri və quraqlıqla əlaqələndirsələr də aparılmış araşdırmalar bunu təsdiq etmir. İranın xaricində yaşayan 10 tədqiqatçı və alim 2015-ci ildə Urmu gölü ilə bağlı hazırladıqları hesabatı nəşr etdilər. London İmperial kollecinin müəllimi və eyni zamanda sözü gedən 10 ekspertdən biri olan Kave Mədəni bu araşdırmanın nəticələri barədə BBC Persian ilə danışığında gölün qurumasında quraqlığın yox, pis idarəçiliyin əsas rol oynadığını demişdi.

Daha əvvəllər də qeyd edildiyi kimi gölün gələcəyi ilə bağlı xəbərdarlıqlar uzun keçmişə malikdir. Lakin bütün bunlara baxmayaraq dövlətin hədsiz-hesabsız beton-sədd layihələri, korrupsiyaya bulaşmış idarəçilik, yeraltı su mənbələrindən haqq-hesabsız su götürmə, gölü hardasa ikiyə bölən topraq körpü layihəsi və s. faciənin daha da ağırlaşmasına səbəb olmuşdur.

Çevrə irqçiliyi ilk dəfə XX əsrin sonlarında ABŞ-da ortaya qoyulub. Ekoloji Ədalət Hərəkatının yaratdığı bu konsept ətraf mühit ədalətsizliyini irqçiliklə əlaqələndirirdi. Həmin hərəkatın başçılarından olan, eyni zamanda çevrə irqçiliyi sözünü ilk dəfə səsləndirən şəxs Benjamin Çavisə görə ABŞ-da zərərli tullantıları olan müəssisələrin etnik azlıqların yaşadığı yerlərdə olması irqçi siyasət nəticəsində baş verir.

Çevrə irqçiliyi İranda da çox müşahidə olunan hallardandır. Başqa sözlə son zamanlar İranda ətraf mühit ilə bağlı məsələlər etnik azlıqların yaşadığı bölgələrin daimi probleminə çevrilib. Hakim etnik kimi tanınan fars etnikinə mənsub insanların yaşadığı vilayətlərdə ətraf mühit problemləri olmur, olanda isə hakimiyyət onu çox anlayışla qarşılayır. Misal üçün Urmiyada baş verən son Urmu gölü aksiyalarını keçən il İsfahan şəhərində baş verən etrirazlarla müqayisə etmək olar və yaxud ərəblərin və lorların yaşadığı yerlərdə çevrə məsələləri ilə bağlı etirazlarına dövlətin münasibəti və davranış tərzi İsfahandan çox daha sərt olmuşdur. Ərəblərə güllə atan dövlət, İsfahanda meyvə şirəsi paylayırdı.

Əslində İranda hökumət Urmu gölü məsələsini öz boynundan atmaq istəsə də xalq heç vaxt buna inanmayıb. 2011-ci ildə keçirilən etiraz aksiyalarında da ən çox səslənilən şüar “Urmu gölü can verir, məclis (parlament) onun qətlinə fərman verir” idi. Bu dövlətin bilərəkdən belə böhrana yol verməsi demək idi.

Demək olar ki, Cənubi Azərbaycan Urmu gölünün ətrafında toplaşıb. Baş verən faciə isə Azərbaycan türklərinin ən həssas məsələsi kimi görünür. Çünki bu faciə nəticəsində Güneydə ətraf mühit böyük ölçüdə ziyan görür, bu da bölgədə yaşayan bütün canlıların həyatını bir başa təhlükəyə atır. Azərbaycanlıların yaşadığı bölgədə 30 il müxtəlif şəkildə xəbərdarlıqlara laqeyd yanaşmaq, eyni zamanda daha da pisləşdirici layihələri həyata keçirmək, İranda dövlət səviyyəsində olan çevrə irqçiliyinin nümunəsidir.

Ətəkyazı

Şərhlər bağlıdır.