İRANIN PAYTAXTLARI VƏ MƏRKƏZLƏRİ

Bir neçə il əvvəl İran deputatlarından biri demişdir ki, bizim ÜÇ  paytaxtımız var, bu yaxınlarda onların sayı dördə çatacaq.Fikrini izah edərkən bildirirdi ki,hazırda Tehran, Bağdad və Dəməşq onların  paytaxtları sayılır və bu yaxınlarda Səna (Yəmənin paytaxtı) da onların sırasına qoşulacaq.

Deputat İranın maksimum təsiri olduğu və nüfuz etdiyi ölkələrin paytaxtlarını öz paytaxtları hesab edirdi.Yəməndə şiələrin üsyanı vüsət aldığından və İranın hərtərəfli, amma zahirən gizli, dəstəyini gördüyündən Sənanın da İranın paytaxtları  sırasına qoşulacağına əmin idi.

Maraqlıdır ki, deputat etnik və dil mənsubiyyətini fars adlandırdıqları Tacikistanın paytaxtı Düşənbəni İranın paytaxtlarından biri adlandıra bilmir.

İranın xaricdə “paytaxt”larından əlavə  təsir və nüfuz məntəqələri və nöqtələri var ki, onları daha çox Müqavimət  və bəzən şiə mərkəzləri adlandırırlar.

Ən mühüm Müqavimət mərkəzləri İranın nəzərində, Livanda tamamilə İslam Respublikası tərəfindən maliyyəlşdirilən Hizbullah  və Fələstinin Qəzza zolağında fəaliyyət göstərən İslami Cihad təşkilatlarıdır.

İranın xaricdə şiə mərkəzləri çoxdur.Əfqanıstanda Herat(şiə taciklər) və Bamiyan vilayətləri(həzarə xalqı\etnosu) Gürcüstanda –Marneuli rayonu (azərbaycanlılar).

Cənubi Qafqazda özlərinə bir mühüm Müqavimət mərkəzi qurmaq istəyirdilər,lakin   müvafiq dövlətin sayıqlığı nəticəsində İranın həmin  planı puç oldu.

Postsovet məkanında İranın şiə mərkəzlərindən biri də Dərbənd şəhəridir.

Bu haqda yazıda deyilir ki, Rusiya İslam Mərkəzinin  dəvəti ilə İranın ən tanınmış  mərsiyəxanlarından biri olan Mehdi Rəsulu bir neçə gün əvvəl(1344-cü ilin Məhərrəm ayının 23-də\ 21 avqust 2022)) Moskvaya gəlmiş,orada “türkdillilər” qarşısında mərsiyə oxumuş və sonra(24 məhərrəm 1444\22 avqust 2022) Dərbənd “şiələri”nin dəvəti ilə həmin şəhərə gəlib, yerli “türkdilli”əhali qarşısında çıxış etmişdir.Bu haqda hesabat yazısında qeyd edilir ki, Dərbənd şiələri MehdiRəsulunu yaxşı tanıyır,onun mərsiyələrinin bir çoxunu əzbər  bilir və hətta onu müşaiyət belə edə bilirlər.

Dərbənd haqqında qısa məlumat verərkən onun guya İrandan ayrıldığını vurğulasalar da, Azərbaycan və Azəraycan xalqı ilə hər hansı bir əlaqəsindən söz açmırlar.Sadəcə olaraq əhalisinin əsas qrupunun türkdilli şiələrdən ibarət olduğu qeyd edilir.

Mehdi Rəsulu iranlıların fikrincə dünyada  Məhərrəmliyin paytaxtı olan Zəncan şəhərindəndir.İki universitet bitirib.Birində İnşaat mühəndisliyi ixtisası oxuyub,digərində isə Quran və hədis elmləri üzrə  magistr dərəcəsi alıb.10-11yaşından mərsiyə oxuyur.Mərsiyələri hər üç dildə-fras,ərəb və azərbaycan\türk dillərində oxuyur.

Mehdi Rəsuli deyir ki, azərilər fars dilində mərsiyəni xoşlamırlar, çünki lazımi səviyyədə təsirli,yandırıcı və ürək dağlayan olmur..Ona görə daha çox azəricə mərsiyə oxumağa,  xüsusən azərilər auditoriyasında ,üstünlük verir.

Məşhur deyimi yuxarıdakı fikirlə “zəngin”ləşdirsək, belə bir mənzərə alınar.Cənubi azərbaycanlılar farsca yazır,  ərəbcə dua oxuyur,azərbaycanca\türkcə ev-eşikdə danışır və Məhərrəmlikdə rövzə\mərsiyə oxuyurlar.

Bu da bir qənimətdir ki,türk dili mərsiyxanlıqda öz mövqeyini qoruyub saxlamağa çalışır.Amma həmin sferanın azərbaycanlılara  hansı” xoşbəxtlik” gətirdiyini nəzərə alsaq, fars millətçi-dini hakimiyyətin həmin sahəyə qadağan qoymamasının səbəbi gün kimi aydın olar.

Yəqin fars millətçi-dinçilər deyirlər:türkcə\azərbaycanca Orta əsrlərə doğru irəli.

Paytaxt və mərkəzlər məsələsinə gəlincən, deyə bilərik ki, Postmodern dövründə yarı müasir, yarı orta əsrlər modeli əsasında yaranmış dövlət  uzun müddət yaşamağa qadir olmadığından, müvəqqəti xarakter daşıyır.Ona görə adı çəkilən paytaxt və mərkəzlərin İran təsirindən çıxmaq üçün  mübarizə aparması vacib olsa da, həmin məsələ İranda normal siyasi sistemin bərqərar olması ilə avtomatik olaraq öz həllini tapacaq.Ona görə taleyini İran rejiminə xidmətə bağlayanlar onun MÜVƏQQƏTİ xarakter daşıdığını nəzərə almalıdırlar ki, bir gün düzdə qalıb, peşiman olmasınlar.

Vidadi Mustafayev

Şərhlər bağlıdır.