İRANDA ETİRAZLAR…

AKSİYALARDA ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

İranda 22 yaşlı Məhsa Emininin ölümündən sonra başlayan və hazırda bir çox şəhərlərdə davam edən etiraz aksiyalarında 3 nəfərin öldüyü bildirilir.

Azerbaycan-ruznamesi.org İran mənbələrinə əsasən xəbər verir ki, Kürdüstan vilayətinin valisi İsmayıl Zareykusa əyalətlərdə keçirilən nümayişlərdə 3 nəfərin şübhəli şəkildə öldüyünü təsdiqləyib.

Vilayət valisi 2 nəfərin silahla öldürüldüyünü, bir nəfərin ölüm səbəbinin araşdırıldığını bildirib.

Müxalifət mediasının məlumatında isə, nümayişlərdə 5 nəfərin öldüyü, 10 nəfərin yaralandığı iddia edilir.

Hazırda etiraz aksiyaları davam edir. İRNA-nın xəbərinə görə, Emininin həbsindən və ölümündən sonra başlayan etirazları dayandırmaq mümkün olmur.

Əsas etirazlar Kürdüstan, Qərbi Azərbaycan, Kirmanşah, Elburz, Tehran, Gilan, Rəzəvi Xorasan, Yəzd, Hürremabad, Senendec, Urmiya, Məşhəd, Kirman, Mahabad, Divandərə və Bukanda təşkil olunur.

Paytaxt Tehranın Vəliəsr meydanı, Danışcu parkı, Lalə parkı, Keşaverz bulvarı, Hicab küçəsi, Fatimi küçəsi və İnqılab küçəsi kimi insanların sıx olduğu yerlərdə nümayişlərdə çoxsaylı insan iştirak edir.

Yüzlərlə insanın qatıldığı nümayişlərə polis gözyaşardıcı qazla müdaxilə edərkən, nümayişçilər zibil qablarını yandıraraq yollara barrikadalar qurmağa çalışırlar.

Sosial mediada yayımlanan görüntülərdə bəzi nümayişçilər təhlükəsizlik qüvvələrinə plastik qablar atır və atəş açır.

Tehran administrasiyası əleyhinə “Diktatora ölüm!”, “Bacımı öldürəni öldürəcəm!” kimi şüarlar səsləndirən nümayişçilər küçələri tərk etməyəcəklərini bildirirlər.

Məlumat üçün qeyd edək ki, sentyabrın 13-də “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən paytaxt Tehranda saxlanıldıqdan sonra komada xəstəxanaya aparılan Emini sentyabrın 16-da ölüb. O, “hicab qaydalarına əməl etmədiyi” üçün saxlanılıb və polisdə fiziki işgəncələrə məruz qalıb.

BMT İrandan gənc qızın ölümünün araşdırılmasını tələb edib, eləcə də aksiyalarda 5 nəfərin güllə yarasından öldüyünü bildirib.

Şərhlər bağlıdır.