GÜNEY AZƏRBAYCAN GEÇİCİ MİLLİ MƏCLİSİ TƏŞKİLAT KOMİTƏSİNİN
GÜNEY AZƏRBAYCAN TÜRK MİLLƏTİNƏ MÜRACİƏTİ
Əziz vətəndaşlar!
Sayğıdəyər bacı və qardaşlar!
Dəyərli vətən övladları!
200 ilə yaxındır ki, Vətənimiz parçalanmış, aramızda Araz çayı dərinliyində bir uçurum yaranmışdır.
Çox şükürlər olsun ki, 18 oktyabr 1991-ci ildə Quzey Azərbaycan öz bağımsızlığını elan edərək azadlığa qovuşdu. Bu gün dünya dövlətləri sırasında Azərbaycanın adı və yeri var, Azərbaycan bayrağı hər yerdə dalğalanır. 10 milyonluq Quzey Azərbaycan tarixin ona verdiyi imkandan və rəşadətli mübarizədən yararlanaraq torpağının bir parçasında Vətənin azadlığını gerçəkləşdirib. Ancaq tarixi ədalətsizlik 40 milyon Güney Azərbaycan Türkünün özgürlük və qurtuluş mücadiləsinin nəticələrini əldə etməyə əngəl olub.
Təkcə 20-ci əsrdə üç dəfə hürriyyətini əldə etmək uğrunda mübarizə aparan on minlərlə vətəndaşımız qurban getsə də, Güney Azərbaycan hələ də Fars rejiminin zülmü altındadır.
Son 100 ildə İran-Fars rejimi dilimizə, kültürümüzə, siyasi, mənəvi haqlarımıza təcavüz etmiş, milyonlarla soydaşımız Vətənini tərk etmiş, tarixin çeşidli dönəmlərində on minlərlə övladımız güllələnmiş, dar ağacından asılmış, Fars şovenizmi və irticasının qurbanı olmuşdur.
Dünya bu ədalətsizliyə susmuş, haqqımız uğrunda apardığımız mübarizəni görməməzliyə vurmuş, 1945-1946-cı illərdə mövcud olan 1 illik Güney Azərbaycan Milli Hökümətini sanki görməmiş, duymamış kimi davranmışdır.
Dəyərli vətəndaşlar!
Tarix bizə yeni fürsətlər tanımaqdadır. Milli kimliyimizi ölməyə qoymayan atalarımız üzərimizə tarixi sorumluluq qoymuşdur – Güney Azərbaycan özgürlüyü!
Gün o gündür. Yorulmadan, usanmadan, dünyanın ədalətsiz yanaşmasından, Fars şovenizminin zülm və basqılarından azadlığımız uğrunda son savaşın vaxtıdır.
Hamımız – uşaqlarımız, gənclərimiz, qocalarımız, ağsaqqallarımız, ağbirçəklərimiz, aydınlarımız, inanclı insanlarımız, vətənsevərlərimiz, hər kəs özgürlük cəbhəsində birləşməlidir. Birləşməliyik ki, Azərbaycanın 40 milyonluq insanı azad olsun, İran-Fars rejimindən, şovenizmindən qurtulub özümüzə özgür Vətən düzəldək.
Dəyərli soydaşlarımız!
Övladlarımızın gələcəyi, analarımızın beşik başında oxuduğu şirin Türk dilimiz, özgür və hür yaşamağımız, qururla Azərbaycan adını hər yerdə səsləndirməyimiz üçün şəhid atalarımızın ruhu adına hamınızı birliyə və dayanışmaya çağırırıq.
Biz birlikdə güclüyük!
Biz qazanacağıq!
Özgürlük bizim haqqımızdır!
Azərbaycan üçün hər şeyə hazır olmalıyıq!
Tanrı sizi qorusun!
Özgürlük üçün sona qədər mübarizə aparacaq və Güney Azərbaycanı azad edəcəyik!
Yaşasın Güney Azərbaycan!
Yaşasın Azərbaycan!
Yaşasın Türk milləti!
Ankara, 1 oktyabr 2022
Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi Güney Azərbaycan Geçici Milli Məclisinin Təşkilat Komitəsinin Bəyənat və Müraciətini dəstəkləyir, xalqımıza azadlıq və istiqlal uğrunda mübarizədə şanlı qələbələr arzulayır.
9 oktyabr 2022-ci il
Şərhlər bağlıdır.