ŞƏHRİVƏR, MEHR AYININ QİYAMLARI, ONLARIN MAHİYYƏTİ, MESAJLARI VƏ NƏTİCƏLƏRİ

Bazar günü, 23 oktyabr 2022-ci ildə, Təbriz vaxtı ilə saat 20:30-da “Şəhrivər, mehr ayının qiyamları, onların mahiyyəti, mesajları və nəticələri” mövzusunda Cloubhose vasitəsilə Azərbaycan Demokrat Firqəsi tərəfindən konfrans keçirildi. Tədbirdə Abdulla Əmir Haşimi Cavanşir (Azərbaycan Demokrat Firqəsinin Beynəlxalq əlaqələr məsulu) çıxış etdi.

Konfransda Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadə və ADF MK-nın üzvləri Səriyyə xanım Ərdəbilli, doktor Pərviz Kazımi, partiyanın Amerika komitəsinin məsulu Rəhim Şahbazi və digər alim, milli fəallar yaxından iştirak etdilər. Tədbirin aparıcısı Rəhim bəy Şahbazi idi. Öncə Azərbaycan Milli Hökumətinin himni səsləndirildi. Sonra Səriyyə xanım Ərdəbilli son 37 gün ərzində İranda milli, ictimai, siyasi üsyanların, baş verən hadisələrin xəbərlərini iştirakçıların nəzərinə çatdırdı. Sonra çıxışçı Abdulla Əmir Haşimi Cavanşir bir saat mövzu haqqında məruzə etdi.

O, məruzədə qısa müqəddimədən sonra qiyamların İranda məntəqənin və dünyanın hansı siyasi, iqtisadi, mədəni şəraitində baş verdiyini açıqladı. Məruzəçi dedi: İranda 43 il inqilabdan keçsə də, Pəhləvi rejimindən sonra hakimiyyəti ələ keçirən vilayəti – fəqih rejimi verdiyi vədlərinin mində birini də yerinə yetirmədi. Ayətullah Xomeyni Parisdə olanda bildirmişdi ki, söz azadlığını, partiyalar fəaliyyətini, insan haqlarını bərpa edəcək, iqtisadiyyatı böhrandan çıxaracaq. Zəhmətkeşlərin rifahın təmin edəcək, su, işığ, qaz, təhsil, sağlamlıq xərcləri dövlət tərəfindən ödəniləcək. Qadın, kişi bərabərliyinə, millətlərin hüquqlarını, müsəlmanların toxunulmazlığını təmin edəcək. İranda və məntəqədə sülhün, əməkdaşlığın və insan kəramətinin təmini yolunda var gücünü sərf edəcək.

Çıxışçı bildirdi ki, bu vədlərin heç birini nə Xomeyni, nə də davamçıları yerinə yetirmədi. Əksinə regionda müharibələr, İran tərəfindən qızışdırıldı. Qonşu ölkələrin daxili işlərinə qarışmaqla, islam inqilabını sadir etmək adı ilə müdaxilələrə yol verildi. Vətəndaşların hüquq və azadlıqları tam mənası ilə ayaq altına atıldı. Ancaq ölkədə qadınların saçından iki tükü hicabdan çıxmasını bəhanə gətirərək dövlətin, məclisin və bütün islami orqanların mübahisəsinə və mövzusuna çevirdilər.

Milyardlarla vətəndaşların sərvətlərinin oğurlanmasından bir dəfə də olsun söz açılmadı. Ciddi addım da atılmadı. Beləliklə, şəhrivər və mehr ayının qiyamlarının zəmini yuxarıda deyilənlərdən ibarət oldu.

Regionda İran rejiminin Ermənistanı və Rusiyanı müdafiə etməsi, anti-Azərbaycan, anti-Türkiyə siyasətinə qarışması, dünyada gedən gərginliyə yardım etməsi, xalq kütlələrini cana gətirən səbəblərdən daha birisi idi. Belə ki, xırdaca bir qığılcım Məhsa Əminin əxlaq polisi tərəfindən öldürülməsi vulkana çevrildi. O cümlədən, Güney Azərbaycan şəhərləri olan Təbriz, Ərdəbil, Zəncan, Urumiyədə… on minlərlə vətəndaşlarımız qiyam etdi. Bir səslə tələblərini “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı altında meydana çıxdı.

Abdulla Əmir Haşımi Cavanşir çıxının ardında xatırlatdı ki, bu şüar son 77 ilin Azərbaycan xalqının milli, mədəni, ictimai, iqtisadi mübarizəsinin nəticəsi olaraq, Pişəvərinin vaxtı ilə qurduğu Milli Hökumətinin haqlı olaraq yenidən bərpasını və yarımçıq qalan “21 Azər” hərəkatının sona çatmasının tələb olduğunu vurğuladı. Çıxışçı bu qiyam ərəfəsində Tehranda 3 min, Təbrizdə 1700 nəfərin həbs olunmaları ilə 80-dən artıq şəhərdə, baş verən qiyamlarda 130 mindən artıq insanın həbsxanalara salınmasını xatırlatdı. Onlardan 20-dən artıq uşağın qətlə yetirilməsini, 200-dən çox gənc qadının, kişinin polis tərəfindən öldürlməsini bildirdi.

Çıxışçı rejimin bu kimi qəddarlığını beynəxalq aləmdə də reaksiyasını xatırlatdı. Dünya uşaq konvensiyalarının etirazları və beynəlxalq amnist təşkilatının, İran rejiminə qarşı bəyanatları otaq iştirakçılarının nəzərinə çatdırıldı. Avropa ölkələrinin məclislərində, İran rejiminin vətəndaşlarının qəddarcasına həlak edilməsinə etiraz bəyanatlarının səsləndirilməsini qeyd etdi.

Məruzəçi xaricdə yaşayan azərbaycanlıların İran rejiminə qarşı mitinqlərini xatırladaraq, demokratik ölkələrin İranla əlaqələrin kəsilməsi təklifini otaq iştirakçılarının nəzərinə çatdırdı.

Konfransın gedişatında qiyam ərzində Təbriz, Ərdəbil və digər şəhərlərdə şəhidlərin xatirələrini bir dəqiqəlik sükütla yad olunmasını təklif etdi. Kərəcli türk qızı Hədis Nəcəfinin qəhrəmanca şəhadəti, Ərdəbilli şahid mədrəsəsinin şagirdi Osra Pənahinin məzlumcasına şəhadəti otaq iştirakçılarının dərin təəssüfünə səbəb oldu. Abdulla Əmir Haşımi Cavanşir çıxışının sonunda Güney Azərbaycan millətinin bü günkü üzərinə düşən milli, mədəni vəzifələr haqqında Azərbaycan Demokrat Firqəsinin göstərişlərini xatırlatdı. O dedi: Azərbaycan Demokrat Firqəsi, İranda hakim olan fars, paniranist məzhəbə, şovinist rejimə qarşı 77 ildi ki, mübarizə aparır. Bu mübarizədə zülm altında yaşayan qeyri fars millətlərlə birlikdə mübarizəni təşkil edir. “Ölüm olsun diktatora”, “Azdlıq, Ədalət, Milli Hökumət” Firqənin əsas şüarlarıdır. “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “Nə şahçıyıq, nə şeyxçi, azərbaycançıyıq, azərbaycançı”, “Haray, haray biz türkük”, “Azərbaycan qızları, göylərin ulduzları” kimi şüarlar, Güney Azərbaycan şəhərlərinində səslənir, Avropada və Amerikada Milli Hökumətin bayrağı dalğalanır.

Çıxışın sonunda Abdulla Əmir Haşımi Cavanşir xalqımızı birliyə çağırıb, Azərbaycan Demokrat Firqəsinin sıralarında görməyi arzulayıb.

Konfrasın gedişatında məruzəçi iştirakçıların komentlərini dinlədi, suallarını cavablandırdı. İştiraçıların bir neçəsi, o cümlədən Pərviz Kazımi, otaqda səslənən müxtəlif fikirlərə öz mövqelərini bildirdilər.

Raportu hazırlayan: Beyrək

Şərhlər bağlıdır.