Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidanda sünni məzhəbli cümə imamı Moləvi Əbdülhəmid İran hökumətinə xəbərdarlıq edib .
Azerbaycan-ruznamesi.org İran mediasına istinadən xəbər verir ki, əyalətdə etnik bəluçlara qarşı şiddətli repressiyaların ağır nəticələr verəcəyini bildirib.
“Bu gün əhalinin hakimiyyətdən bezdikləri bir vaxtda onları susdurmaq üçün güc, repressiya və süngüyə əl atılmalıdırmı? Gələcəkdə bu insanlarla bir yerdə yaşamalı olduğunuz barədə düşünmürsünüzmü?”,- deyə, cümə imamı özünün tvitter hesabında paylaşım edib.
Qeyd edək ki, bundan öncə sentyabrın 30-u günortadan sonra hökumət məmurlarının Zahidan şəhərinin Məkki məscidində namaz qılan sünni məzhəbli etnik bəluçlara atəş açması nəticəsində və ondan sonra baş verən nümayişlər zamanı 13-ü uşaq olmaqla 93 nəfər ölüb, 300 nəfər isə yaralanıb.
Bununla yanaşı ötən cümə günü də, Zahidanda yenidən baş qaldıran aksiyalar zamanı 3 nəfər öldürülüb, onlarla insan yaralanıb.
Sistan-Bəluçistan əyalətinin tanınmış din xadimləri, o cümlədən Zahidan sünnilərinin cümə imamı Əbdülhəmid İsmailzehi və Saravan sünnilərinin cümə imamı Əbdülsəməd Sadati etnik bəluçların qətliamına etiraz əlaməti olaraq Zahidanda keçirilən “Birlik Konfransı” və Tehranda keçirilən “Beynəlxalq Birlik Konfransı”nda iştirak etməkdən imtina ediblər.
Moləvi Əbdülhəmidin xəbərdarlığı əyalətdə etnik bəluçlara qarşı repressiyaların davam etdiyi və İran hökumətinin bu bölgədə geniş hərbi təlimlərə başlaması ilə bağlı xəbərlərin yayılmasından bir gün sonraya təsadüf edir.
Şərhlər bağlıdır.