İRANDA TÜRK DİLİNDƏ DANIŞANLARIN BAŞINA EŞŞƏK NOXTASI KEÇİRİRDİLƏR

Tarixən qədim türk torpaqları olmuş Güney Azərbaycanda küllü miqdarda yer-yurd və şəxs adlarımızın da mənası dəyişdirilib.

Güney Azərbaycan toponimlərinin farslaşdırmasının səbəbləri barədə Lent.az-a danışan AMEA Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin rəhbəri Səməd Bayramzadə bildirib ki, İranın baş nazir Rza xan 1925-ci ildə ölkə parlamentini onu şah elan etməyə məcbur etməklə Qacar türk hakimiyyətinə son verdi.  Yazıda qabardılan mətləbləri Azerbaycan-ruznamesi.org oxuculara təqdim edir.

“Beləliklə də əsli-nəcabəti dəqiq məlum olmayan qondarma “pəhləvilər” sülaləsinin “İran” adı altında çoxmillətli bir ölkədə hakimiyyətini qanuniləşdirmiş oldu. Hakimiyyət azərbaycanlıları ölkənin ərazi bütövlüyünü parçalaya biləcək qüvvə kimi qələmə verirdi.

Alimin sözlərinə görə, 1925-ci ildə hazırlanmış “Milli vəhdət” proqramında deyilirdi: “Hamımız bir nəfər kimi çalışmalıyıq ki, bütün İranda fars dili ümumi dil olsun və getdikcə əcnəbi dilləri sıxışdırıb çıxarsın… Azərbaycanlılar məktəblərdə və universitetlərdə 5 dəqiqə belə öz ana dillərində təhsil ala bilməzlər”.

“Məktəblərdə təhsil fars dilində idi. Müəllimlər fars dilində dərs deməyə borclu idilər. Azərbaycan mədəniyyət idarəsinin rəisi Möhsüni deyirdi: “Türk (Azərbaycan) dilində danışan hər bir kəsin başına eşşək noxtası keçirin və tövlədə axura bağlayın”. İbtidai məktəblərdə türk dilində danışanlar üçün cərimə qutuları qoymuşdu. Qeyri-fars dilində kitab və qəzet çapı qadağan edilmişdi”,- deyən alim əlavə edib ki, o illərdə təsis edilmiş İran Akademiyasının sənədində deyilirdi: “Əgər coğrafi yer adları “çay”, “su”, “bulaq” və buna oxşar sözlərlə adlandırılmışsa, onlar xarici söz kimi müəyyən edilsin və farscaya dəyişdirilsin”.

“Milli vəhdət” proqramına görə, İranın istiqlalı və bütövlüyü üçün təhlükələr sırasında ağ təhlükə – Rusiya, mavi təhlükə – İngiltərə, yaşıl təhlükə – ərəblər, qara təhlükə – daxili cəhalət; sarı təhlükə – Osmanlı türkləri və şimal-qərb tatarları dayanırdı. Proqram tələb edirdi ki, türk (Azərbaycan) dilində danışmaq qadağan edilsin, türk dillilərin bir hissəsi farsdilli məntəqələrə köçürülsünlər, Azərbaycan adı yaddaşlardan silinsin və ölkənin inzibati-ərazi bölgüsündə bu ərazinin sərhədləri dəyişdirilsin.

1979-cu il inqilabından sonra da Pəhləvi şahlıq rejiminin farslaşdırma siyasəti nisbətən zəiflədi, Lakin bu o demək deyil ki “tək dil, tək millət” şüarı aradan qaldırılıb. Yeni qurulan hökumət həmin ideologiyanı din pərdəsi altında gizlədərək davam etdirdi.

Görkəmli alim Qalibə Hacıyevanın araşdırmalarına görə, Cənubi Azərbaycan ərazisindəki qədim tarixə malik mövcud toponimlərin əksəriyyəti mənşə etibarilə əsasən türk (Azərbaycan) dili ilə bağlıdır. Məsələn, fars dilində Günbərf toponimi Günbəri, Girinc kəndinin adı Giriş sözündən götürülüb. Gümüşqaya bulağının adı dəyişdirilib Dəməşqiyyə olub.
Axmaqaya – Əxməğiyyə və Sarıqaya- Səriğiyyə, Moğan toponimi Parsabadla əvəz olunub. Belə nümunələr minlərlədir.
Ən pisi budur ki, türkləşdirilmiş adlarda farsların türkləri təhqir etmək istəyi önə çıxıb.

Həştəridə qədimdən Dəmirdöyən kəndinin adı sonradan dəyişdirilib Teymurdun formasına salınıb. Dun ərəbcə alçaq, ləyaqətsiz, yəni təhqir anlamında işlənir ki, bu da vaxtı ilə böyük türk xaqanı olan Əmir Teymura farsların münasibəti kimi “alçaq Teymur” mənasını ifadə edir. Türklərə qarşı mənfi münasibətlərini ifadə etmək vasitələrindən birinə çevrilmiş coğrafi adlar sırasında qədim türk tayfalarından biri üzların adını qoruyub saxlayan Arus kəndinin adı farsca üfunətli, murdar yer anlamı ifadə edən Abriz sözü ilə əvəz edilib”.

Səməd Bayramzadə bildirib ki, İranın azərbaycanlılara qarşı şovinist münasibəti yenə davam edir.
“Bu günün özündə belə yeni doğulan uşaqlarına türk/azərbaycanlı adı qoyan azərbaycanlılar onlar üçün vətəndaşların vəziyyətini qeyd edən idarələrdən uzun müddət doğum haqqında şəhadətnamə ala bilmirlər. Belə ki, onlardan tələb olunur ki, uşaqlarına türk deyil, ərəb-fars mənşəli adlar versinlər”.

Şərhlər bağlıdır.