GÜNEY AZƏRBAYCAN İNFORMASİYA MƏRKƏZİ YARADILSIN – JURNALİSTDƏN TƏKLİF

İranın Azərbaycana qarşı yürütdüyü qeyri-səmimi siyasət daha da dərinləşir. Nəticədə rəsmi Tehranın terrorçu ermənilərə verdiyi dəstək hər mənada artmaqdadır. İranda qurulan rejim nəinki əksər dünya dövlətlərinin, onun öz xalqının da etrizaı ilə qarşılanır. İranlılar günlərdir küçələrdə öz haqqlarını tələb edirlər. Təbii ki, iranlıların haqqı tapdananda orada yaşayan 35 milyondan çox azərbaycanlı da eyni aqibətlə üzləşir. Hətta azərbaycanlılar hər sahədə istismara məruz qalırlar.

Belədə Azərbaycan ictimaiyyəti İrandakı soydaşlarına dəstəyi daha da artırmalıdır.
Güney Azərbaycan üzrə araşdırmaçı, jurnalist Elman Cəfərli “Rupor”a açılamasında maraqlı təkliflə çıxış edib. O deyib:

“Bakıda Güney Azərbaycan İnformasiya Mərkəzi yaradılmalıdır. Fars dilini, ingilis dilini bilən, Güney Azərbaycanı tanıyan bilgili mütəxəssislər:jurnalistlər, tarixçilər quruma cəlb edilməlidir. Yəni işi qurub bilənlərə, peşəkarlara tapşırmaq lazımdır. Ən azı güneyli soydaşlarımıza informasiya dəstəyi verməliyik. Maliyyə imkanları olan iri media qrupları Güney Azərbaycanla bağlı layihələr etməlidir. Ailem.az, papam.az, mamam.info adlı əlavələr edən iri media qurumlarının başbilənləri, pul verənləri, tebriz.info, 35 milyon.az və s.bu kimi saytlar açmağın tam zamanıdır”. 
Elman Cəfərli deyib ki, Prezident İlham Əliyevin oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdat Amreyevi qəbul edərkən dediyi sözlər bizim üçün Güney azərbaycanlılar, bütövlükdə dünyada yaşayan soydaşlarımızla iş üzrə yol xəritəsi olmalıdır:

“Azərbaycan cəmiyyətində güneylilərə ögey münasibəti dəyişməliyik. Telekanallar, radiolar “iranlı” sözünü işlətməməlidir. “Güney azərbaycanlı soydaşımız”, “təbrizli qardaşımız” deməlidir. İctimai-siyasi təşkilatlar, hüquq müdafiəçiləri Güneyi diqqətdə saxlamalıdır. Telekanallar, radiolar, onlayn media, qəzetlər Güneylə bağlı layihələr etməlidir. Azərbaycan televiziyaları güneyli soydaşlarımızın anladığı türkcədə verilişlər hazırlamalıdır. Güney Azərbaycanda filmlər, seriallar çəkilib, onlar yayınlanmalıdır. Güneyli yazarların kitablarının sərgisi keçirilməlidir. İran adlanan ölkədə kəndbəkənd gəzib ana dilimizi təbliğ edən aşıqlara, müğənnilərə sahib çıxmalıyıq. Onlar biz demədən bizim işimizi görürlər. Güneydə Azərbaycan televiziyasını izləyirlər. AzTV bu işdə aktiv olmalıdır. Bundan sonra İranla başabaş yarışmalıyıq. İran bura məzhəblə girir, burda xomeyniçi cameə formalaşdırmaq istəyir, biz də ana dili ilə girməliyik. İranın burda tərəfdarı azdır. Arazın o tayında isə bizi, Türkiyəni sevənlər çoxdur. Azərbaycan universitetlərinin xüsusilə humanitar fakültələri güneyli gəncləri əlverişli şərtlərlə qəbul etməlidir. Onlarla əcnəbi kimi davranmamalıdır. Azərbaycanda yaşayan güneyli soydaşlarımız asanlıqla oturum və işləmək izni almalıdır. Demirik ki, Azərbaycan Respublikası 50 milyonun dövlətidir, dövlət baba öz qoynunu cənublu soydaşlarımıza geniş açmalıdır”-deyə, jurnalist bildirib.

 Əmrah

Şərhlər bağlıdır.