AZƏRBAYCANÇILIQ VƏ DÜNYA AZƏRBAYCANLILARI

XIX əsrin əvvəllərində tarixi Azərbaycan ərazisini  2 yerə bölmüş Rusiya işğalından sonra Arazın bu tayında dövlətçiliyini itirmiş xalqımız milli-mənəvi varlığını qorumaq, bəşəri tərəqqi ilə ayaqlaşmaq və süverenliyini bərpa etmək üçün davamlı mübarizə aparmışdır. Milli oyanış və maarifçilik, demokratik hərəkat və istiqlal mücadiləsi kimi prosesləri əhatə edən bu savaşda toparlayıcı platforma olaraq yaranmış azərbaycançılıq dünyabaxışı XX əsrin son onilliyində dövlət müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasının milli ideologiyası səviyyəsinə yüksəlmişdir.

Müstəqil Azərbaycanın memarı və qurucusu, ümummillil lider Heydər Əliyevin müstəsna səyləri ilə son yarım əsrdə ölkəmizdə dövlətçilik ideologiyası kimi formalaşıb-yetkinləşmiş bu ideya-nəzəri təlim hazırda dünya azərbaycanlılarının milli-mənəvi birliyinin və həmrəyliyinin də məfkurəvi əsasını təşkil edir. Tarixi Azərbaycanın şimalında müstəqil dövlətin mövcudluğunu və dünya azərbaycanlılarının birliyi ideyasını təhlükə kimi qəbul edən dairələri bu ideologiya ilə bağlı narahat edən nədir? Dünyada yaşayan soydaşlarımızın mənəvi birliyi siyasi səciyyə daşımasa da, ölkəmizdən xaricdə heç kimi təhdid etməsə də, bu hərəkat bəzi dövlətlərdə niyə düşmənçiliklə qarşılanır?

Müsahibimiz AMEA Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix elmləri namizədi Səməd Bayramzadə bu sualların cavabında bildirdi:

–Dünyanın aparıcı qovşaqlarından olan Şərq–Qərb, Şimal–Cənub və Orta dəhlizlərdə strateji mövqeyi, nadir  təbii-coğrafi şəraiti və zəngin sərvətlərləri ilə seçilən otaylı-butaylı Azərbaycan tarix boyu güclü dövlətlərin işğalçılıq niyyətlərinin hədəfində olmuşdur. Azərbaycanın, onun xalqının müstəqilliyi dəfələrlə pozulmuş, torpağı tapdaq altında qalmış və talanmışdır. Bu məmləkətə bir xəzinə kimi baxılmış, Azərbaycanı daim yeni fəlakətlər gözləmişdir. Vətənimizin ərazi bütövlüyü isə məhz milli birliyin lazımi səviyyədə olmaması səbəbindən iki əsr əvvəl düşmənlərə qurban verilmişdir.

XX əsrin sonlarında kommunist rejimli SSRİ-nin dağılması ilə keçmiş sovet respublikalarında olduğu kimi, Azərbaycanda da yaranmış ideoloji boşluğu doldurmaq üçün müxtəlif baxışlı siyasi qüvvələr  meydana çıxmışdı. İslamlaşmaq, türkləşmək və müasirləşmək triadasını özündə birləşdirən azərbaycançılıq bu ideya axtarışında üstünlük qazandı. Mövcud tarixi şərait və keçmiş təcrübənin nəticələri azərbaycançılığın daha real olduğunu şərtləndirdi. Böyük dövlət xadimi və dünya miqyaslı siyasətçi Heydər Əliyevin hakimiyyətiə qayıdışı ilə azərbaycançılıq dünyagörüşü dövlətçilik ideologiyası səviyyəsində formalaşdırıldı, uğurla ictimai-siyasi həyata vəsiqə aldı.

Müstəqillik qazanmış Azərbaycan Respublikasında onun xalqını, milli maraqlarını qorumaq, sərvətlərinə sahib çıxmaq üçün  azərbaycançılıq ideologiyası nənki ölkəmizdə, eləcə də dünyada soydaşlarımızdan, dindaşlarımızdan və sivil dairələrdən geniş sosial baza yaradılması missiyasına xidmət göstərir. Bu çevrədə, belə sarsılmaz əsaslar üzərində müstəqil, qüdrətli dövlət quruculuğu uğurla həyata keçirilir.

Son 30 ildə azərbaycançılıq ideologiyası əsasında Azərbaycan tarixinin saxtalaşdırılmış və sifarişlə yazılmış bir sıra problemləri, ayrı-ayrı dövrləri geniş araşdırıldı və yenidən yazılaraq ortaya qoyuldu. Bununla yanaşı, Azərbaycan tarixinin öyrənilməsindəki bəzi problemli məsələlər sırasında Cənubi Azərbaycan tarixinin, eləcə də bu tarixi-coğrafi ərazidə yaşayan çoxmilyonlu soydaşlarımıza qarşı ardıcıl olaraq həyata keçirilmiş ayrı-seçkilik siyasətinin araşdırılması və öyrənilməsi önəmli mövzular sırasında yer aldı. Ölkəmizdə isə aparıcı milli ideologiya olan azərbaycançılığın dünya azərbaycanlıları arasında təsir gücünü araşdırmaq üçün Cənubi Azərbaycan tarixinin də tədqiqinə və öyrənilməsinə çox ciddi ehtiyac var idi və bu iş uğurla davam etdirilir.

Azərbaycan bölünmüş bir ölkə, azərbaycanlıların isə parçalanmış bir millət olduğunu geniş kütləyə çatdırmaq, əlbəttə, bu tarixi cinayəti törətmiş dövlətlərin varislərini əndişələndirməyə bilməzdi. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının milli-mədəni birliyini və mənəvi həmrəyliyini də əhatə etdiyinə görə bu ideya düşmən dairələr üçün hədsiz dərəcədə təhlükəli sayılır. Müstəqil Azərbaycan dövlətinin dünya azərbaycanlılarının milli-mədəni haqlarının hamisi kimi mövqelərini möhkəmləndirməsi, dünyada yaşayan soydaşlarımızın azərbaycançılıq dəyərləri əsasında toparlanması onların çoxluq təşkil etdiyi İranda potensial təhlükə kimi qiymətləndirilir və buna qarşı barışmaz mübarizə aparılır.
– Demək, qonşu İranı müstəqil Azərbaycanla bağlı narahat edən məsələlərdən biri də tarixi bütövlüyün ortaya qoyulmasıdır. Bu tarixi bilgi niyə bu qədər təhlükəli görünür?

– Azərbycanın 2 əsr əvvəl bütöv bir məmləkət, vahid bir xalq olması həqiqətinin aşkara çıxarılıb yayılması İranda əhalinin yarısını təşkil edən, milli haqları tapdalanan türkdilli əhalinin tarixi-milli yaddaşını oyatdığına görə hakim rejim bu məsələdən oddan qorxan kimi çəkinir, bu gerçəyi bütün vasitələrlə ört-basdır etməyə şalışır.

İran İslam Respublikasının bugünkü inzibati-ərazi bölgüsünə uyğun olaraq, Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan kimi ostanlarında (əyalətlərində) və eləcə də ölkənin paytaxtı Tehran şəhərində və ətrafında (Kərəc şəhəri də daxil olmaqla), Savədə, Xorasan əyalətində, cənub bölgələrində, eləcə də bir sıra digər yaşayış məntəqələrində 25–30 milyon Azərbaycan türkü yaşayır. Onlar ölkənin müvafiq sahələr üzrə idarəçiliyində, onun ərazi bütövlüyünün və sərhədlərinin qorunmasında iştirak etməklə yanaşı, ölkənin daxili və xarici siyasətinə, o cümlədən Azərbaycan Respublikası ilə iqtisadı-ticarət, ədəbi-mədəni və turizm əlaqələrinin inkişafına da ciddi təsir göstərmək gücündədir. Bu baxımdan Azərbaycan tarixinin az öyrənilmiş cənub qolunun tədqiqi bizim üçün çox zəruridir.

İranda şah rejiminin süqutuna və devrilməsinə gətirib çixaran 1978–1979-cu illər inqilabının qələbəsindən sonra burada yaşayan xalqlar bəzi nisbi azadlıqlar əldə etdilər. İran İslam Respublikasının 15 noyabr 1979-cu ildə təsdiq edilmiş konstitusiyasının 15-ci maddəsinə görə, İran xalqlarının rəsmi dili fars dili olaraq qalsa da, yerli və etnik dillərdə kütləvi informasiya vasitələrinin fəaliyyəti və milli ədəbiyyat nəşri, məktəblərdə ana dili tədrisi azad elan edildi. Lakin bu günün özündə də İranın azərbaycandilli əhalisi üçün ən böyük və başlıca problem yenə də ana dilində tədris müəssisələrinin olmamasıdır. Əsas qanunun 15-ci maddəsi İranda yerinə yetirilmir.

– Azərbaycanın təbii-tarixi qanunauyğunluq nəticəsində müs-təqillik qazanması Rusiyanı, İranı və Qərbi niyə bu qədər narahat etməli idi?

– Əvvəla, Sovet İttifaqı Rusiya imperiyasının varisi olduğu kimi, indiki Rusiya Federasiyası da keçmiş SSRİ-nin irsinə sahib olub. SSRİ-nin dağılması ilə ruslar Azərbaycanın müstəqil siyasət yeritməsindən, iqtisadi qüdrətindən, regiondakı nüfuzundan, beynəlxalq miqyasda təsirindən və bu uğurların əsası olan azərbaycançılıq ideologiyasından qorxurdu. Bu ölkədəki imperiyapərəst qüvvələr regionda mövqeyini, xammal mənbələrini və təchizat bazalarını itirmək təhlükəsi qarşısında dayanaraq ermənilərin əlilə Qarabağ məsələsinə rəvac verdilər.

Belə bir şərait İranın da karına gəldi. İrandakı islam rejimi də Azərbaycanının dövlət müstəqilliyi əldə etməsindən, azərbaycançılıq ideyalarının dünyada yayılıb-güclənməsindən, bunların törədə biləcəyi fəsadlardan ehtiyatlanaraq Cənubu Azərbaycanda milli haqları bir az da  boğmağa, Azərbaycan birliyi ideyasının qarşısını almağa və bu işdə rus-erməni amilindən məharətlə istifadə etməyə başladı. Qərb ölkələri də Azərbaycandan iri tikələr qopartmaq üçün ölkəmizə müxtəlif üsullarla, ilk növbədə isə erməıni kartı vasitəsilə təzyiq və təsir göstərməkdə bədnam siyasətlərini davam etdirir.
Bunlar hamısı əbəsdir. Azərbaycan Qarabağ problemini gec də olsa öz gücü ilə həll etdi. Bu qələbə dünya azərbaycanlılarının birliyi ideyasına yeni nəfəs gətirdi. Azərbaycan xalqı isə bütöv bir toplum olduğunu anlayıb və düşmən qüvvələrin məkrli niyyətlərinə və növbəti qəsdlərinə qarşı milli həmrəyliyi getdikcə gücləndirir.

Azərbaycan Respublikasının Azərbaycan dilini, tarixini və mədəniyyətini azərbaycançılıq məfkurəsi işığında dünyaya tanıtması ona bir ideologiya və qüvvətli dövlətçilik təlimi kimi layiqli nüfuz qazandırmışdır. Bununla, Azərbaycan dövləti çağdaş dünyaya inteqrasiya işində beynəlxalq diqqət mərkəzinə keçmiş, sivil dövlət nümunəsi kimi qəbul olunmuşdur. Əslində, azərbaycançılıq ideologiyasının fəlsəfəsi də elə Bütöv Azərbaycan, Vahid Azərbaycan ideyasına qulluq etmək deməkdir.

Söhbəti qələmə aldı: 
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

Şərhlər bağlıdır.