AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİ AÇIQ MÜSTƏVİDƏ

Çoxəsrlik ortaq tarix və mədəniyyətin varisləri olan müstəqil Azərbaycanla İran İslam Respublikası arasında münasibətlər ötən 3 onillikdə  hər iki ölkənin xarici siyasətində önəmli yer tutub. Çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin son 20 ildə uğurla davam etdirdiyi ölkəmizin İranla bağlı siyasəti qonşuluq, dostluq və qarşılıqlı-faydalı əməkdaşlıq prinsiplərinə sadiqlik üzərində qurulub.

Lakin qonşu ölkə rəhbərliyinin Azərbaycana münasibətdə illər boyu açıq-gizli formalarda davam etmiş anlaşılmaz, ziddiyyətli siyasəti ölkəmizin 2020-ci ilin payızında apardığı Vətən müharibəsində ərazi bütövlüyünü təmin edərkən və ondan sonrakı 2 ildə qarşıdurma yaratmaq, hətta düşmənçilik həddinə çatıb. İran diplomatiyasının Cənubi Qafqazda sülh prosesinə mane olan, təcavüzkar Ermənistanda revanşizmə dəstək verən, Azərbaycanı, guya, onun təhlükəsizliyinə təhdid yaratmaqda təqsirləndirən davamlı və bədxah addımları ölkəmizi də qonşu dövlətin bu siyasətinə uyğun davranmağa məcbur etmişdir.

Müsahibimiz AMEA Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan şöbəsinin müdiri, iranşünas alim Səməd Bayramzadə bu barədə açıqlamasında bildirdi:

– Qəbul olunmuş siyasi düşüncələrə görə, siyasətdə əbədi dostlar və ya əbədi düşmənlər yoxdur, əbədi maraqlar var. Azərbaycan və İran arasında əbədi maraqları şərtləndirən bir çox amillər – din, dil, mədəniyyət və qonşuluq şərtləri var ki, bunlara hörmət və əməl edilməli və münasibətlər bu qədər gərginləşməməli idi. İranı və Azərbaycanı həm bir-birinə tərəf çəkən, həm də onları bir-birindən uzaqlaşdıran bir çox amillər əvvəllər də mövcud idi. Son vaxtlar iki ölkəni əks qütblərə itələyən səbəblər artmış, qarşılıqlı ittihamlar şiddətlənmişdir.

Bu münasibətlərdə İranı daha çox narahat edən suveren Azərbaycan Respublikasının hərbi-iqtisadi cəhətdən güclənməsi, Avropa, xüsusilə də Türk birliyi dövlətləri ilə inkişafda olan bərabərhüquqlu əməkdaşlığı, dünyanın ən qlobal problemlərinin həllində nüfuz sahibi olan dövlətlərlə bir sırada dayanması, Şimal–Cənub və Şərq–Qərb dəhlizlərində çox mühüm geosiyasi mövqeyə malik olmaqla regionun çox mühüm problemlərinin həllində söz sahibinə çevrilməsi kimi məsələlərdir. Çoxillik Azərbaycan–Ermənistan münaqişəsində və hətta Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük II Qarabağ savaşından sonra İranın strateji müstəviyə yüksələn ermənipərəst mövqeyi də iki ölkənin münasibətlərini mürəkkəbləşdirən önəmli təsirlərdən biridir.

2021-ci il noyabr ayının 28-də Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Görüşündə Türkmənistanın ilk dəfə öz qazını İrana, İran da eyni miqdarda mavi yanacağı Azərbaycana ötürəcəyi barədə üçtərəfli saziş imzalandı. Azərbaycan qətiyyətlə ifadə etdi ki,  əsas istəyi bölgədə maneəsiz keçid əldə etmək, Zəngəzur dəhlizini işə salmaq idi ki, qatarlar və avtomobillər Naxçıvana, Türkiyəyə rahat keçə bilsin. Bunun ardınca  həmin ilin dekabrında İranla Azərbaycan arasında Astara çayı üzərində avtomobil körpüsünün yenidən inşası ilə bağlı razılıq əldə olundu. Tərəflər arasında imzalanan sənədə görə, 70–80 il əvvəl inşa olunmuş və istismar müddəti başa çatmış körpünün yerində yenisinin tikilməsi ilə Azərbaycanla İran arasında yükdaşımaların intensivləşməsi nəzərdə tutuldu.

Ardınca İran, Azərbaycan və Gürcüstan Fars körfəzi–Qara dəniz marşrutu üzərində də razılaşdı. Beləliklə, Azərbaycanın Fars körfəzi (Ərəbistan dənizi və Hind okeanı) ilə Qara dəniz arasındakı daşımalarda əsas tranzit olacağı qərara alındı. Bütün bunlar İranın müharibədən sonra Cənubi Qafqazda həyata keçiriləcək layihələrdən kənarda qalmamasının, “bir kəmər, bir yol” layihəsinin bu ölkədən keçən Şimal–Cənub dəhlizinin potensialını artırmaqla Azərbaycan və İran arasında mövcud gərginliklərin azalmasının, əməkdaşlığın yüksələn xətt üzrə inkişafının, ölkələrin və onların xalqlarının yaxınlaşmasının, regionda sülhün və sabitliyin qorunmasının, eləcə də təhlükəsizliyin təmin olunmasının  qarantı kimi düşünülmüşdü.

Lakin qonşu ölkənin rəhbərliyi bu ciddi perspektivi zərbə altında qoyaraq Azərbaycanla düşmənçilikdən əl çəkməyən işğalçı Ermənistanla hərbi-siyasi müttəfiqlik qurdu, ölkəmiz üçün həyati əhəmiyyətli Zəngəzur dəhlizinin açılmasını bütün vasitələrlə əngəlləməyi davam etdirdi. Azərbaycan isə əməldə də göstərir ki, onun məqsədi gərginlik yaratmaq yox, digər qonşu dövlətlərlə olduğu kimi, İranla da əməkdaşlıq etmək, ortaq layihələri reallaşdırmaqdır. Bir şərtlə ki, Azərbaycanın daxili işinə qarışmasınlar.

–İranda son 3 aydır davam edən kütləvi iğtişaşlar, ölkədə rejimin dəyişdirilməsi tələblərinin səngiməməsi də münasibətlərə əlavə gərginlik gətirib.

–Son yüz ildə iki böyük inqilaba və şanlı qəhrəmanlıq tarixinə malik olmasına baxmayaraq, İran xalqı bu günə kimi özünün əzm və iradəsindən irəli gələn milli və xalq hakimiyyətinə malik olmaq imkanlarından məhrumdur. İranın  müxtəlif millət və xalqları siyasi baxımdan yenidən tarixi dönüş nöqtəsindədirlər. Ona görə də bu məsələyə diqqət yetirmək, araşdırmaq, real nəticələri təhlil etmək, düzgün şüarın seçilməsi üçün ideya vermək xüsusi əhəmiyyət kəsb edir.

İran xalqının  irticaçı molla rejiminə qarşı müxalif  qüvvələri və üsyançı qrupları orta əsrlər rejimini  devirmək əzmində qətiyyət  nümayiş etdirir. Əslində, bu İranın siyasi tarixində indiyə qədər bir neçə dəfə təkrarlanan və məzlum İran xalqını yüz ilə yaxındır ən qaranlıq diktaturaların zülmü altında saxlayan  mürtəce müstəmləkəçilik ssenarisidir.

Xatırladaq ki, İran xalqlarının pəhləvilərin hakimiyyəti dövründə çəkdiyi zülm və sitəm, ağrı və iztirablar onların yaddaşından heç vaxt silinməyib. Artıq 43 il hakimiyyətdə olan molla hökumətinin cinayətləri isə pəhləvilərin zülmünü kölgədə qoydu. Belə ki, molla hökumətinin İran xalqına qarşı törətdiyi bugünkü cinayətlər  əvvəlki şah rejiminin yarımçıq qalmış əməllərindən daha kəskin bir şəkildə həyata keçirilir və icra olunur. Əslində, molla hökumətinin xalqa qarşı törətdiyi bu cinayətlər pəhləvilərin bu sahədə siyasətinin davamı kimi qiymətləndirilməlidir.

İran xalqı və xüsusilə azadlıq mücahidləri, onların liderləri də yaxşı bilirlər ki, SAVAK-ın müasir tipli həbsxana və işgəncə sistemləri şah hökuməti zamanı yaradılmışdır. İslam respublikası da özünün İran xalqına qarşı zülm və işgəncə sistemini SAVAK-ın eyni həbsxana və işgəncə sistemi üzərində qurmuş və bu sahədə siyasətini də həmin əsasda davam etdirməkdədir.

–İndiki hadisələr İranı hara aparır? Bu gün bütün dünya bu suala cavab axtarır.

–İran xalqları indi də qara günlər və acı həyat tərzi yaşayır. Hər inqilabdan sonra xalq  xəbər kanallarından istifadə etmək hüququndan bir az da uzaqlaşdırılıb. Hər dəfə sui-qəsd və şantaj yolu ilə fürsətçi və aşağı statuslu məmurları satın alaraq inqilabçıları idarəçilikdən kənarda qoyub, bir ovuc köksüz satqın və muzdluları hakimiyyət kürsüsünə oturdublar. Beləliklə də İran xalqı üzərində bir marionet hökumət qurublar.

Lakin görünən odur ki, bu dəfə İran xalqı  daxili maraqları ətrafında birləşib, mürtəcelərin və müstəmləkəçilərin məsələnin öz xeyirləri üçün planlaşdırdıqları həlli yolunu bağlayacaq. Bu da xalqın bütün sinif və təbəqələrinin  yeni demokratik inqilab və onun sonrakı inkişafında  iştirakı üçün zəmin yaradacaq. İran xalqı nə şah, nə də molla rejimini istəyir. İranda yaşayan hər bir xalq və millət  bu gün demokratik, milli haqları təmin edən və ədalətli bir hakimiyyət sistemi istəyir.

Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

Şərhlər bağlıdır.