AZADLIQ, ƏDALƏT, MİLLİ HÖKUMƏT!

YENİ İNQİLABIN TEOREMİ - BİRLİK, BİRLİK, YENƏ DƏ BİRLİK!

İnqilab, üsyan, çevriliş etmək, yaşayış yerlərinə, küçələrə çıxıb siyasi, iqtisadi və digər həyati əhəmiyyətli şüarlar səsləndirmək, tələblər irəli sürmək Güneylinin şakəridir. Hər birindən söhbət açmaq üçün tariximizin gərək səhifələrinə varasan. Onu bilirəm ki, vəsiləsiz keçərli olanını tapmazsan. Səbəbini mütləq vaxtında və zaman özü yetirir. Bəzən bir təhqirin, kobud sözün mahiyyətini elin-obanın, ictimaiyyətin alçaldılması kimi qəbul edərək kütləvi çıxışlara üz tuturuq. Belə hallar əksliklərin vəhdəti va ziddiyyətinin nüanslarını xatırlatdığından ağıllının da, dəlinin də yadına məsələyə nədən, necə yanaşacağının konturlarını yadına salır.

Elə vəziyyət yaranır ki, kütləvi aksiyaların haradan, necə yaranması günlərlə fikir müstəvisində dayanır. Sual verirsən: “aya, bu ölkani idarə edənlər, belə yaxıngörəndirlər ki, heç nədən dövləti fəlakətə sürükləyirlər. Diqqətlə baxanda görürsən ki, hayatda təsadüfi heç bir ictimai-siyasi hadisə yoxdur. Məsələ illərə şişir, bişir və nəhayat qaynayan qazanın qapağını əvvəl havasının çıxması üçün bir balaca aralayırsan, sonda əlini yandıranda hövlnak kənara atmaq istəyirsən. Amma onun odunun, alovunun nə olduğunu bilənlər vaxtında tədbirə əl atırlar. Fərqinə varmayanları nə gözləyir, Allah bilir!

İndi İran da bütövlükdə bu qazanı xatırladır. Qaynama prosesinə birdən-birə başlamayıb. Ölkənin inqilablar, ictimai hərakatlar tarixinə nəzər salanda, görürük ki, ötən əsrin Tənbəki, Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Tağı xan Pesyan, Cəngəlilər, 21 Azar hərakatlarının, 22 Bəhman inqilabının hamısının mahiyyətində ilk növbədə bu amil rol oynayıb.

Bəri başdan deyək ki, bunların yalnız biri mahiyyətcə xalqa bəxş etdiyi insani hüquqlara görə bəşərilik baxımından daha doğma va yaxındır.

Yəni, 1945-1946-cı illəri əhatə edən 21 Azər hərakatı inqilabın, azadlığın, sözün əsl mənasında ləzzətinin nə olduğunu kütlələrə dadızdırıb. Azərbaycan Demokrat Firqəsi yaranarkən, Milli Hökumət qurarkən təkcə  Güneylilərin hüquqlarının təminatı ilə kifayətlənməyib. Bu ərazidə yaşayan digər xalqların da milli kimliklərinə, mənliklərinə hörmət edən qanunları təsbit edib. Beləliklə oğrulardan, quldurlardan, xalq qarşısında bağışlanılmaz qanun pozuntularına yol verənlərdən başqa hamıya eyni gözlə baxıb. Milli Hökumətin tərkibində bəylər, xanlar, sahibkarlar, ziyalılar, fəhlələr, kəndlilər… təmsil olunduğundan adına uyğun Milli Hökumət adlandırıblar. Ərazidə yaşayan digər xalqların da milli kimliklərinə, mənliklərinə hörmət aşılayan qanunlar təsbit edib.

İnqilabın öndəri Seyid Cəfər Pişəvəri “İrana azadlığı Azərbaycan xalqı bəxş edəcəkdir” deyəndə azad, demokratik, insan hüquqlarına hərtərəfli ehtiramı təlqin edən vahid məkan yaradılmasını nəzərdə tuturdu və bütün mənalı həyatı bu amala həsr olunmuşdu. Hazırda bütün İranı, Avropanı və Amerikanı “Azadlıq, Ədalət, Milli Hökumət!” şüarlarının bəzədiyini görəndə, qəlbimiz dağa dönür.

21 Azər hərəkatı da qələbə çalarkən bu ərazidə məskunlaşan bütün etniklərin mənafeyi nəzərdən qaçılmadı. Azərbaycanlılardan sonra sayca hüquqları pozulan kürdlərin də insani hüquqlarına ehtiramla yanaşıldı. Onlara Azərbaycan Milli Hökuməti daxilində Mahabatda milli muxtariyyət verildi. Halbuki dünən Pəhləvilərin, bu gün isə vilayəti-fəqihin yeritdiyi qeyri-insani siyasət sayəsində kürd peşmərgələri ata-baba Azərbaycan torpaqlarında ovçu kimi dolaşır, yurdlarımızın ələ keçirilməsi imkanlarını arayırlar. Belə proseslər vaxtilə Mahabatda onlara böyük hüquqlar verən azərbaycanlılara qarşı yönəlib.

İranda millətlərin genosidi gedir. Adını fars genosidi adlandırırlar, halbuki bu millətin insanları da zillət içərisində yaşayırlar. Məgər biz görmürük ki, 22 Bəhmən hərakatından bəri orduda, güc strukturlarında əliqanlı rejimi hakimiyyətdə saxlayan, günahsız insanları dar ağacına aparanlar, sorğusuz, sualsız güllələyənlər hansı millətə mənsubdur. Xameneyinin guya bizim millətdən (ona azərbaycanlı, türk demək mümkünsə) olduğu deyilir. Bu cür qaniçənlərin milliyəti olmur.

Hesab edirik ki, ölkədəki bütün xalqlar bəşəri hüquqlardan faydalanmalı, insan ləyaqətinə ehtiram, o cümlədən, dil, iş, təhsil, idman, səhiyyə, seçib-seçilmək və sair kimi hüquqlardan da faydalanmaları dilindən, dinindən asılı olmayaraq onların yaşadıqları gerçəklik olmalıdır. Azərbaycan Demokrat Firqəsinin insanlara bu hüquqları bəxş etmək təcrübəsi və əməli fəaliyyət təcrübədə təsdiqini tapıb.

Vəsiləyə gəlincə, övladımız Məhsa Əmini şəhid olmasaydı, axan qan damarda qalmayacaqdı. Gənc qız ağlagəlməz metodlara tab gətirməyərək polis bölməsində dünyasını dəyişdi. İnsanlar ictimailəşmiş hadisəyə biganə qalmadılar. Bugünədək bütün hərakatlar adətən mənbəyini Təbrizdən götürürdü. Bu dəfə yerini və ünvanını dəyişdi. Üç aydan çox davam edən və sakitləşməsi gözlənilməyən çıxışlarda indi Təbriz öz bayraqdarlığını yenə ələ alıb. Futbol üzrə dünya çempionatının ilk görüşündə yığma komanda idmançılarının İran dövlət himnini oxumaqdan imtina etmələri göstərdi ki, Vilayəti-fəqih rejiminin müqəddəsliyini qoruyub saxlaya biləcək heç nəyi qalmyıb, həmçinin ali himni. Hələlik bütün yollar etirazlarda birləşir. Bəs niyə inqilabla yekunlaşmır? Səbəbini qısa va konkret bildirmək istəyirəm. İnqilab üçün ölkədə bütün səbəblar var: aşağılar daha əvvəlki kimi yaşamaq istəmir, yuxarılar isə idarə etməkdə çətinlik çəkir. Özünü dünya idarəetməsindən kənarda qoyan molla rejimi yenə dəst-xəttinə uyğun  qayda-qanunlarına sadiqdir. Ölkəni güllabaranlarla, dar ağacları, bahalıq, işsizlik və sairlə idarə edir. Ölkədəki bütün demokratik təsisatlardan əsər-əlamat qalmayıb. Bela bir mühitdə güc, yalnız va yalnız güc birlikdədir. Onsuz da birləşəcəyik. Daxildə ictimai – siyasi partiyaların, birliklərin açıq fəaliyyət göstərməsinə imkan yoxdur. Əlac qalır  ilk növbədə xaricdəki siyasi qüvvələrin birləşməyinə, tarixin ən mənfur qüvvəsini aradan götürmək üçün fəaliyyət göstərmələrinə. Azərbaycan Demokrat Firqəsi də bu birliyin yaradılması naminə bütün səyini, qüvvəsini və imkanlarını əsirgəməyəcəkdir.

Hazırda bir təşkilat olaraq bu sarıdan zəngin təcrübəmiz var. Yeni inqilabın teoremi Birlikdən, Birlikdən, yalnız Birlikdən keçir!

Rəhim Hüseynzadə,

Azərbaycan Demokrat Firqəsinin sədri

Şərhlər bağlıdır.