İRANDA AKSİYALAR DAVAM EDİR

ETİRAZÇILAR "BƏSİC" QÜVVƏLƏRİNİN BAZASINI YANDIRIBLAR

Aksiyalar İranın Buşehr, Həştgerd, Rəşt, İlam, Tehran, Məşhəd və bir sıra şəhərlərində davam edib.

Etirazlarda “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” və digər şüarlar səsləndirilib.

Sosial mediada yayılan videoya əsasən, İranda banklardan birinin rəhbərliyi telefonda son 15 gündür maliyyə resurslarının mənfiyə doğru getdiyini deyir.

Xatırladaq ki, İranda son günlərdə əmanətçilər öz pullarını banklardan çıxarmaq kampaniyasına start verib.

Tehran əyalətinin Savalan qəsəbəsində etirazçılar Mohsen Şekarinin intiqamını almaq məqsədilə radikal “Bəsic” qüvvələrinə məxsus bazaya od vurublar.

Qərbi Azərbaycan əyalətinin Tikantəpə (Təkab) şəhərində etirazçılar xalqa divan tutan hökumət muzdlusunun evinə od vurublar.

Təbrizdə yanğınsöndürənlər şəhər bələdiyyəsinin önünə toplaşaraq təhlükəli iş şəraitinə və hüquqlarının pozulmasına etiraz olaraq aksiya keçiriblər.

Buşehr şəhərində fəallar ötən gecə xalqa divan tutan yarımhərbi və radikal “Bəsic” qüvvələrinin bazasına od vurublar.

Kirmanşah şəhərində insanlar molla rejiminə qarşı etiraz aksiyası keçirmək üçün küçələrə axışıblar. Etirazçılar “Xameneiyə ölüm olsun”, “diktatora ölüm olsun” şüarları səsləndirir.

Rəzəvi Xorasan əyalətində, Taybad şəhərində gənc etirazçılar mollaların yetişdirildiyi elmi-dini mərkəzlərə bir neçə “Molotov kokteyli” ataraq yandırıblar.

“Human Rights Activists News Agency” məlumatında bildirilir ki, etirazlarda öldürülənlərin sayı 503-dür, bunlardan 69-u uşaq, 62-si isə hökumət qüvvəsidir.

İndiyədək 18 452 nəfər həbs edilib ki, bunlardan da 3 976-nın şəxsiyyəti və saxlanma yeri müəyyənləşdirilib. Həbs olunanların 652-si tələbədir. Bugünədək 1 192 aksiya keçirilib. 161 şəhər və 144 universitet aksiyalarda iştirak edib.

Qum Tibb Elmləri Universitetindən bildirilib ki, dekabrın 18-də iti cismin vurması nəticəsində 4 molla yaralanıb. Lakin “Hawzah News” xəbər agentliyi hadisənin ov tüfəngi ilə baş verdiyini iddia edib. “Tasnim” xəbər agentliyinin isə verdiyi məlumata görə, bazar günü naməlum şəxslər Qumun bir neçə fərqli bölgəsində 4 mollanı yaralayıblar. Onlardan ikisi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Beynəlxalq Əfv Təşkilatından bildirilib ki, İranda uşaqlar edam oluna bilər: “İranda ümummilli etiraz aksiyaları ilə əlaqədar üçü uşaq olmaqla azı 28 nəfər edam edilə bilər. Ən azı daha 6 nəfər saxta məhkəmələrdə artıq edam cəzasına məhkum edilib”.

CNN isə bildirir ki, İran hökuməti saxladığı şəxslərin sosial media hesablarına daxil olur.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.