ERMƏNİDƏN ARTIQ ERMƏNİ OLAN İRAN JURNALİSTİ

Yeni ilin ilk günlərində İranın dövlət televiziyası olan “Səhər” kanalında yayımlanmış bir proqramda verilişin qonağının dilindən səslənən fikirlər Azərbaycan mediasında geniş əks-səda doğurdu və sərt təpkilərə səbəb oldu. Belə ki, təqribən bir dəqiqəlik süjetdə proqrama ekspert qismində dəvət olunmuş şəxs Laçın dəhlizində baş verən son hadisələrdən danışarkən Laçının Ermənistana məxsus olduğunu iddia edir. Aparıcının yumşaq etirazına və üçtərəfli bəyanata istinadla Laçının Azərbaycan torpağı olduğunu söyləməsinə baxmayaraq, qonaq nəinki öz səhvini anlamır, hətta bir qədər də irəli gedərək Bakının da mifik Böyük Ermənistana aid olduğunu vurğulayır.

Bu məsələ mediada və sosial şəbəkələrdə elə geniş etirazlara və kəskin tənqidlərə səbəb oldu ki, “Səhər” kanalı mövzu ilə bağlı dalbadal üç süjet yaydı və tənqidçiləri kanala qarşı insafsızlıqda suçladı. Kanalın dəlili budur ki, proqramda televiziyanı qonaq yox, aparıcı təmsil edir, ona görə də Laçın barədə deyilən fikirləri “Səhər”in və onun məxsus olduğu İran dövlətinin mövqeyi kimi dəyərləndirmək düzgün deyil. Əlbəttə, kanal rəhbərliyinin narahatlığı anlaşılandır, çünki yaxşı bilir ki, hətta Azərbaycandakı ən qatı iranpərəst tamaşaçısı belə, Laçının Ermənistana məxsusluğu iddiasını qəbul etməz və bu fikri hiddətlə qarşılayar. Yəni kanalın canfəşanlığı heç də Azərbaycanın ərazi bütövlüyünə hörmətindən deyil, auditoriyasının mənfi reaksiyasına tuş gəlmək və etimadını itirmək qorxusundan, eləcə də İran hakimiyyətini qınaqlardan yayındırmaq niyyətindən qaynaqlanır.

VİDEO: https://www.facebook.com/azadiranmedia/videos/1106812546650559/?extid=NS-UNK-UNK-UNK-AN_GK0T-GK1C&mibextid=2Rb1fB

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.