ŞAH İSMAYILIN PAYTAXT TƏBRİZƏ DAXİL OLMASI…

“Başdan-başa qırmızı çalmalı qoşun Təbrizə varid oldu. Bunu görən Təbriz əhli bir-birinə dəydi. Alqış, təbrik nidaları, qarışıq səslər, çığırtılar ta Səhənd dağının ətəklərinə yayıldı.

İsmayıl öz oynaq səmənd atı üstə, dodaqlarında təbəssüm, yol boyu düzülmüş izdihamı salamlayırdı. Birdən qabaq atlılar dayandı. – Nə olub? – İsmayıl gəlib qabağa keçsin.

İrəlidəkilər Şeyxin gəlib keçməsi üçün aralanmağa başladılar. İsmayılın qaşları çatıldı, rəngi qızardı. Atını mahmızlayıb qabağa çıxdı. Bu nədir? Yola döşənmiş xalıların ucu bucağı görünmürdü… Gənc əmirin dodaqları pıçıldadı:
Təbrizim, Təbrizim!

Hüseyn bəy İsmayıla baxdı. – Görürsənmi ana Təbriz səni necə qarşılayır?

Bir anlığa susmuş izdiham yenidən hərəkətə gəldi: – Yaşasın cavan şahımız!
– Eşq olsun!
– Eşq olsun!
Səmənd at xalı-xalça üstü ilə irəlilədikcə uca eyvanlardan, yol üstəki ağaclardan İsmayıl və əmirlərin başına gül-çiçək yağırdı.

Təbriz hələ heç zaman bu cavanlıqda, bu qəhramanlıqda və bu yaraşıqda hökmdar görməmişdi. Təbriz hələ heç kimi bu qədər gül-çiçəklə qarşılamamışdı.

Təbriz mühasirə olunmaqdan, bac verməkdən yorulmuşdu. Təbriz çoxdan bəri həm ona doğma, həm də qüdrətli olan hökmdar həsrətində idi. Xalq öz arzusuna çatmışdı. Daha karvanlar qara-qorxusuz Təbrizdən Şamaxıya, Bakıdan, Marağaya gedə biləcəkdi. Yeni hökmdar gənc idi, güclü idi. Xalqın öz övladı idi. Onun gücü xalqın məhəbbətində idi. Nəhayət, ölkə asudə nəfəs ala biləcək, əkib-biçə biləcəkdi. Bundan böyük səadət nə ola bilərdi?..”

Əlisa Nicat
“Qızılbaşlar”

Şərhlər bağlıdır.