İRANDA ETİRAZLAR YENİDƏN BAŞ QALDIRIB

İranda beş aydan bəri davam edən etirazlar son günlərdə bir qədər səngimiş olsa da, bir neçə gündür ki, yenidən canlanıb və bir çox şəhəri əhatə edib. Əgər əvvəllər etiraz aksiyaları əsasən hicab azadlığı, qadın haqları ilə bağlı keçirilirdisə, son günlər buna ölkədə artmaqda olan işsizlik, ailə böhranları, sosial-məişət çətinlikləri də əlavə olunub. 44 il ərzində insanlara zülm edilməsi rejimdən narazılıqları son həddə çatdırıb. İnsanlar artıq bu qəddar rejimə qarşı küçələrə çıxaraq “Ya azadlıq, ya ölüm” şüarları səsləndirirlər.

Gunaz.TV-nin məlumatına görə, fevralın 24-də günorta saatlarında İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində geniş eti­raz aksiyası keçirilib. Cümə namazın­dan sonra baş tutan aksiyanı dağıtmaq üçün Məkki məscidi ətrafına çoxlu say­da xüsusi təyinatlı qüvvələr cəlb edilib.

Bəluc fəallarının verdiyi məlumata görə, şəhərə zirehli texnika yeridilib, ət­raf binaların damına onlarla snayperçi yerləşdirilib. Bununla yanaşı əyalətin Rask şəhərində də nümayişlər keçirilib və hökumət əleyhinə şüarlar səsləndiri­lib. Onlarla bəluç etirazçının həbs edil­diyi, bəzilərinin döyüldükləri üçün ağır yaralar aldığı bildirilir.

Bununla yanaşı, İranın türkmənlərin yığcam yaşadıqları Gülüstan əyalətinin Qalikeş şəhərində də etiraz aksiyası keçirilib. Fevralın 24-də günortadan sonra keçirilən nümayişdə hökumət əleyhinə şüarlar səsləndirilib. Nüma­yişçilər Sistan və Bəlucistan əyalətində etirazçılara qarşı repressiyaları pislə­yib, onlara dəstək ifadə ediblər.

Ölkədə hökumət qüvvələri tərəfin­dən etiraz aksiyalarında iştirak edən­lərin axtarılıb tapılması və həbsə alın­ması istiqamətində də təzyiqlər davam etməkdədir. Bugünlərdə Güney Azər­baycanın Ərdəbil şəhərində yaşayan, GünazTV-nin təsisçisi, ABŞ-da müha­cirətdə olan siyasi fəal Əhməd Obalının bacısı oğlu, GünazTV-nin Bakı ofisinin rəhbəri Araz Obalının qardaşı Məhəm­məd Yusifi həbs edilib.

Yaxınlarının verdiyi məlumata görə, fevralın 20-də səhər Ərdəbil polis idarəsinin əməkdaşları onun yaşadığı mənzilə gedib Yusifinin idarəyə gəl­məsini tələb ediblər. Məhəmməd Yusifi polis bölməsinə gedəndə isə Ərdəbil məhkəməsinə aparılıb və barəsində həbs qərarı verilib. Bundan sonra onu avtobusla Tehrana göndəriblər.

Məhəmməd Yusifi gecə saatların­da ailəsinə Tehranın Evin zindanına aparıldığı barədə məlumat verib. Onun hakimiyyətə qarşı təbliğatda ittiham edildiyi bildirilir. Məhəmməd Yusifinin həbsinin GünazTV və Əhməd Obalının fəaliyyəti ilə bağlı olduğu və bundan Obalıya qarşı təzyiq vasitəsi kimi istifa­də edildiyi ehtimal olunur.

Bundan əlavə, İrana qarşı bey­nəlxalq təzyiqlər də artmaqdadır. Ru­siyanın Ukraynaya qarşı müharibəsinin birinci ildönümündə ABŞ İrana yeni sanksiyalar tətbiq edib. ABŞ Ticarət Departamenti Rusiyaya İran istehsalı olan pilotsuz uçuş aparatları verilmə­sinin qarşısını almaq üçün İrana yeni ixrac məhdudiyyətləri qoyub.

Böyük Britaniya da SEPAH-ın Qüds qüvvələrinin aviasiya sənayesinin beş rəsmisinə sanksiya tətbiq edib. Bu barədə fevralın 24-də Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Bu addım da Rusiyaya dron ixracının qarşısını almaq üçün atılıb.

Son vaxtlar İranın azad bazarında dolların qiyməti də kəskin artıb. Fev­ralın 23-də bir dollar 52 min tüməndən baha satılıb. Xüsusən son bir neçə gündə İran pulunun sürətlə dəyərdən düşməsi etiraz aksiyalarının da yeni­dən alovlanmasına səbəb olub və on­larla şəhərdə nümayişlər keçirilməyə başlayıb.

Dolların qiymətinin 50 min tümən­dən yuxarı qalxmasından sonra Tehran və başqa şəhərlərin bazarlarında iş adamları və mağaza sahiblərinin, ha­belə istehsalçıların etiraz nümayişləri geniş vüsət alıb.

Amma bir müddət əvvəl Tehran ha­kimiyyəti iqtisadçıların dolların 50 min tüməni keçəcəyi barədə proqnozlarını təxribat adlandırmış və bunun baş ver­məyəcəyi barədə vədlər vermişdi.

P.BABAKƏRLİ, “Xalq qəzeti”

Şərhlər bağlıdır.