FİKRƏT ŞİRİYEV: İNQİLAB QƏLƏBƏ ÇALSA, CƏNUBİ AZƏRBAYCANDA GƏNCLƏR ANA DİLİNİN QRAMMATİKASINI MƏHZ ONUN DƏRSLİYİNDƏN ÖYRƏNƏCƏKDİLƏR
Dünən Azərbaycan dilçiliyinin patriarxlarından biri, Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının 30 il(1951-1981) fasiləsiz müdiri olmuş görkəmli alim, Dövlət mükafatı laureatı, “Şərəf nişanı” ordenli Əməkdar elm xadimi, nəcib şəxsiyyət, professor Muxtar Hüseyn oğlu Hüseynzadə (1900-1985) anadan olmuşdur.
Bəkir Çobanzədənin yetişdirdiyi və Azərbaycan dilçiliyinin əsaslarını yaradan 3 böyük şəxsiyyətdən(Ə.Dəmirçizadə,M.Şirəliyev) biri olan Muxtar Hüseynzadə 1900-cü il mart 21-də Cənubi Azərbaycanda, Mərənd şəhəri yaxınlığındakı Zunuz kəndində dünyaya göz açmışdır. Atası təhsil almasa da, açıqfikirli insan olub və övladını savadlı görmək istəyib.
Muxtar 10 yaşında kənddə molla məktəbinə gedir. Ancaq güzəranın ağırlığı üzündən ailəsi 1913-cü ildə Şimali Azərbaycana – Gədəbəyə köçür. Atası burada mis mədənlərində çalışır. Muxtar Gəncə şəhərində yeni açılan savad kursuna yazılır. 1927-ci ildə təhsilini başa vurub Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə daxil olur. 1931-ci ildə türk dili və ədəbiyyatı ixtisası üzrə təhsilini bitirir. İki il sonra Azərbaycan Pedaqoji Universitetinin aspiranturasına qəbul olunur. Elmi rəhbəri Bəkir Çobanzadə 1935-ci ildə onu Azərbaycan Dövlət Universitetində Ümumi dilçilik kafedrasına dəvət edir. Beləliklə, Muxtar Hüseynzadə könül verdiyi Azərbaycan dilinin həm tədqiqinə və həm də tədrisinə başlayır. Lakin bir müddət sonra Böyük Vətən müharibəsi başlayır və o da cəbhəyə gedir.
Müharibədən qayıtdıqdan sonra elmi axtarışlarını davam etdirən M.Hüseynzadə 1946-cı ildə “Müasir Azərbaycan dili” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alır. O, Azərbaycan dilinin tarixi, nitq mədəniyyəti, əlifba, orfoqrafiya, terminologiya, durğu işarələri ilə bağlı qiymətli əsərlər yazıb. “Müasir Azərbaycan dili” kitabında Azərbaycan dilinin fonetika, leksika və morfologiya məsələləri araşdırılıb. Dilimizin leksikası ilk dəfə sistemli şəkildə tədqiq edilib. Görkəmli dilçi türkologiyada ilk dəfə frazeologiya məsələsini qaldırıb. Azərbaycan dilinin lüğət tərkibindəki qeyri-türk mənşəli – alınma sözlər müfəssəl tədqiq edilib. O, ərəb və fars mənşəli sözləri özünün irəli sürdüyü prinsiplər əsasında qruplaşdırıb. Alim yazırdı: “Dil zorakı assimilyasiyaya qarşı o zaman daha ciddi müqavimət göstərə bilir ki, onun sabit və möhkəm qrammatik quruluşu olsun. Bir çox əsr ərzində öz həyatiliyini sübut etmiş olsun. Belə bir dil “yüz illərlə davam gətirən uzun bir proses”in nəticəsi olan çarpazlaşma zamanı həmişə qalib gəlir və öz lüğət tərkibini məğlub dilin hesabına zənginləşdirir. Azərbaycan dili də belə dillərdəndir”.
Alim Azərbaycan dilçiliyi tarixində morfologiya üzrə mütəxəssis kimi tanınıb. Onun dörd dəfə nəşr edilən “Müasir Azərbaycan dili. Morfologiya” əsəri 1973-cü ildə Azərbaycan SSR-in Dövlət mükafatına layiq görülüb. Yazdığı kitablar bu gün də ali məktəblərdə dərslik kimi istifadə olunur, elmi araşdırmalar zamanı etibarlı mənbə olaraq istinad edilir.
Mütəxəssislər qeyd edir ki, M.Hüseynzadənin Azərbaycan dilinin sintaktik quruluşunu öyrənməsi morfoloji tədqiqatlarından heç də geri qalmır. Onun 1953-cü ildə nəşr olunmuş “Müasir Azərbaycan dilində birinci növ təyini söz birləşmələri”, eləcə də “Müasir Azərbaycan dilində təyini söz birləşmələrinə dair” (1954), “Müasir Azərbaycan dilində mürəkkəb təyini söz birləşmələri” (1957), “Azərbaycan dilinin qrammatikası” (1959) və s. əsərləri Azərbaycan dilçilik elminin diqqətəlayiq uğurlarından hesab edilir.
Akademik Nizami Cəfərov görkəmli alim haqqında yazır: “Səksəninci illərə kimi Muxtar Hüseynzadə Bakı Dövlət Universitetində fəaliyyət göstərən, demək olar ki, bütün dilçi alimlərin müəllimi olub. Onun adı o qədər ehtiramla çəkilirdi ki, sanki o, Azərbaycan dilinin qrammatikasını yazmayıb, yaradıb”.
Onu da qeyd edək ki, M.Hüseynzadə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə aparılan milli hərəkatı çox diqqətlə, həyəcanla izləyirmiş. Sevinirmiş ki, inqilab qələbə çalsa, Cənubi Azərbaycanda da gənclər ana dilinin qrammatikasını məhz onun dərsliyindən öyrənəcəklər. İllər sonra hər dəfə bu barədə danışanda kövrələrmiş.
Orxon-Yenisey abidələrindən mühazirələr oxuyan alim Azərbaycan dilçiliyi ilə bağlı aparılan müzakirələrdə həmişə özünəməxsus, obyektiv mövqe nümayiş etdirib. O, sovet ideologiyasının təsiri ilə formalaşan rus türkologiyasını qəbul etmir, yeri düşəndə rus türkoloqlarının düşünülmüş “səhv”lərini də tənqid edirdi.
Professor Muxtar Hüseynzadə 5 oktyabr 1985-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
Şərhlər bağlıdır.