İranın şəhərlərində videokameraların sayı artıb. Bu heç də cinayətkarlığa mübarizə üçün edilmir. Belə ki, “asayiş keşikçiləri” ictimai yerlərdə və küçələrdə hicaba nəzarət etmək üçün videokameralar quraşdırmağa başlayıb.
Bu tədbir “hicab qanununa qarşı müqaviməti qabaqlamaq” məqsədi daşıyır. Polis hicabsız gəzən və ya səhv taxan qadınları müəyyənləşdirəcək. Müəyyən edildikdən sonra pozucular “fəsadlar barədə xəbərdarlıq edən mətn mesajları” alacaqlar.
Ötən il sentyabrın 14-də Məhsa Əmini yanlış taxılmış hicaba görə əxlaq polisi tərəfindən saxlanılmışdı. Xəstəxanaya aparıldıqdan sonra komaya düşmüş, sentyabrın 16-da Əmini 22 yaşında vəfat etmişdi. Rəsmilər qızın ölüm səbəbinin infarkt olduğunu, yaxınları isə onun dindirmə zamanı vəhşicəsinə döyüldükdən sonra dünyasını dəyişdiyini indiyədək iddia etməkdədir.
Hadisədən sonra İranı genişmiqyaslı etirazlar bürüdü. İğtişaşlar zamanı ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, 200 nəfər həlak oldu. Müstəqil QHT-lərin məlumatına görə, ölənlərin sayı 500-dən çoxdur. Dekabrın 4-də İran rəhbərliyi əxlaq polisini ləğv edib.
Qeyd edək ki, 1979-cu il İslam İnqilabı dini qanunların sərt təfsirini tətbiq edəndən bəri qadınlar qanunla saçlarını hicab ilə örtməlidirlər. Qanunu pozan qadınları cərimə və ya həbs gözləyir.
Şərhlər bağlıdır.