İRAN DAXİLİNDƏ GƏRGİNLİK DAVAM EDİR

İranda ötən ildən başlayan kütləvi etiraz aksiyaları davam edir. Ötən gecə Tehran, Kirman, Gilan, Mazandaran, İlam və başqa vilayətlərdə kütləvi aksiyalar keçirilib. Kirmanda keçirilən aksiyada etirazçıların şüarı fərqli olub. Onlar uşaqların, qızların qətlə yetirilməsinə etirazlarını bildiriblər. Bu da təsadüfi deyil. Kirman İran kürdlərinin kompakt şəkildə yaşadıqları vilayətdir (Ostandarlıq). Keçən ilin sentyabrında Tehranda polis tərəfindən zorakılığa məruz qalaraq həyatını itirən 22 yaşlı qız-Məsiha Əmini kürd əsilli idi və Tehranda yaşayan yaxın qohumlarının evinə qonaq gəlmişdi. Gənc qızın Tehrandan evlərinə – Kirmana tabutda “qayıtması” vilayətdə geniş kütləvi aksiyalara səbəb oldu. Az keçməmiş İranın bütün vilayətlərində yaşayan əhali Kirmandakı aksiyaları dəstəklədi. Tehrandan başlayaraq Sistan-Bəlucistana qədər yayılan aksiyalar İranı bürüdü və daha kəskin, daha qəddar xarakter almağa başladı.

Aksiyaların davam etməsinin səbəbi beynəlxalq sanksiyaların tətbiqi nəticəsində ölkədə yaranan iqtisadi çətinliklər, inflyasiya, qiymətlərin hər gün daha çox artması nəticəsində əhalinin səbir kasasının dolmasıdır.

İranın qəhrəmanı hesab olunan və İraqda ABŞ kəşfiyyatı tərəfindən ləğv edilən general Qasım Süleymaninin Kirmandakı baneri etirazçılar tərəfindən yandırılıb. Aksiya iştirakçıları “İstər edam, istər həbsxana-biz sona kimi dayanacağıq” şüarları səsləndiriblər.

Məşhəd şəhəri İranın dini mərkəzi və müqəddəs hesab olunan məkandır. İmam Rzanın mavzoleyinin bu şəhərdə yerləşməsi və hər il minlərlə dindarın şəhəri ziyarət etməsinə baxmayaraq, burada da vəziyyət gərgin olaraq qalır. Bu gün şəhərin divarlarında böyük hərflərlə və qırmızı boya ilə İslam inqilabı və hakimiyyət əleyhinə şüarlar yazırlar. Sari şəhərində isə etirazçılar inqilabı dəstəkləyən və guya könüllülərdən ibarət olan “Bəsic” təşkilatının bazasını yandırıblar.

Yeri gəlmişkən qeyd edək ki, aprelin 19-da ABŞ İrana yardım edən 6 şirkətə və 1 nəfər fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib. Bu şirkətlərin adları Amerikanın Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Həmin şirkətlər yeni texnologiyalar əsasında istehsal etdikləri elektron cihazları İrana satıblar. İran isə bu cihazlardan istifadə edərək hərbi yönümlü pilotsuz uçan aparatlar (PUA) istehsal edir.

Bir məqama da diqqət yetirək. Yenidən böyük siyasətə qayıtmaq istəyən keçmiş prezident Həsən Ruhaninin baş örtüyü və idarəetmə sistemi barədə referendum keçirməyi və xalqın istəyinin nəzərə alınmasını təklif edib. H.Ruhani növbəti parlament seçkilərində iştirak etmək niyyətini də ifadə edib.

Bir sözlə, İranda baş verən hadisələr onu göstərir ki, vəziyyət tezliklə düzələnə oxşamır. Hadisələrin gələcək inkişafını isə zaman göstərəcək.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.