RZA PƏHLƏVİ FARS MİLLƏTÇİLƏRİNİN TƏMSİLÇİSİDİR

Onun israilli deputatların müraciətinə qarşı çıxması səbəbsiz deyil Rza Pəhləvinin Güney Azərbaycanla bağlı mövqeyi ilə mövcud İran rejimi arasında heç bir fərq yoxdur.

Güneydəki soydaşlarımızın milli azadlıq uğrunda mübarizəsi tədricən beynəlxalq dəstək qazanmaqdadır. Bir neçə gün öncə İsrail parlamentinin – Knessetin 32 üzvü Güney Azərbaycanın müstəqilliyi uğrunda hərəkata beynəlxalq dəstək verilməsi xahişi ilə XİN-ə müraciət göndərib. Müraciətdə İran müxalifətinə və Tehranın Güney azərbaycanlılara qarşı repressiv addımlarının güclənməsinə diqqət yetirilməsi xahiş olunub:

“Bu, İranda sayı 20 milyondan çox olan ən böyük millətdir. Rejim mədəni soyqırım siyasəti yürüdür, azərbaycanlıların təhsil almaq və irsini ötürmək, Azərbaycan dilini öyrətmək və hətta uşaqlarını qeydiyyata almaq hüquqlarını məhdudlaşdırır”. Lakin İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi buna qarşı çıxıb və sərt reaksiya verib. O deyib ki, İsrail parlamentinin 32 deputatının Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciəti qəbulolunmaz hərəkətdir. Pəhləvi İsrailin Knesset üzvlərinin bu müraciətini İranın ərazi bütövlüyünə qarşı addım kimi dəyərləndirib: “Belə ağılsız bəyanatlar İsrail liderləri və yüksək rütbəli rəsmilərinin onlarla keçirdiyim görüşlərdəki mövqeləri ilə tamamilə ziddiyyət təşkil edir. Bu gün mən Yerusəlimdəki dostlarımıza özümün və həmvətənlərimin bu məsələ ilə bağlı narahatlığımı bildirdim. Deputatların müraciəti İran hakimiyyətinin maraqlarına xidmət edir”. Şahın oğlu İsrail dövlətinin məsələyə aydınlıq gətirməsini, İran-İsrail xalqları arasındakı dostluğa kölgə salan hərəkət barədə açıqlama verməsini xahiş edib.

Təbriz Araşdırmaları İnstitutunun sədr müavini, dr. Babek Şahed “Sherg.az”a açıqlamasında bildirib ki, Rza Pəhləvinin israilli deputatların müraciətinə qarşı çıxması səbəbsiz deyil. Ekspertin sözlərinə görə, Pəhləvi düşüncə və siyasi təfəkkür olaraq özünü fars millətçilərinin təmsilçisi kimi görür: 

“Rza Pəhləvi fars millətçilərinin təmsilçisi kimi çıxış etdiyi üçün belə reaksiya verib. Məlumdur ki, fars millətçilərinin əsas ideoloji prinsiplərindən biri türk-ərəb düşmənçiliyidir. Pəhləvi Güney Azərbaycan məsələsinə qarşı çıxmağı özünə ideoloji vəzifə sayır. Əslində bu cür yanaşmanı ilk dəfə sərgiləmir. O, 2006-cı ildə baş vermiş may qiyamı zamanı “İran” qəzetinə belə bir açıqlama vermişdi: “Əgər söhbət Güney Azərbaycanın İrandan ayrılmasından, müstəqil olmasından gedirsə, mən Xamenei ilə birlikdə güneyli pantürkistlərə qarşı mücadilə edəcəyəm”. Yəni Rza Pəhləvinin Güney Azərbaycanla bağlı mövqeyi ilə mövcud İran rejimi arasında heç bir fərq yoxdur. Digər önəmli səbəbi isə iki-üç gün öncə verdiyi reportajda özü dilə gətirib. Bildirdi ki, “İranda bir çox adam onun ölkəyə geri dönməsini istəyir. Fəqət pantürkistlər və əhvazlılar ortalığı qarışdırırlar. Pəhləvi “pantürkist” deyərkən Güney azərbaycanlıları nəzərdə tutur. O, güneyli soydaşlarımızı özü üçün siyasi rəqib görür. Ancaq unutmayaq ki, Rza Pəhləviyə İranda dəstək verənlər sadəcə İsfahan, Şiraz, Kirman kimi bölgələrin fars millətçiləridir”.

İsmayıl Qocayev

Şərhlər bağlıdır.