“21 Azər”ə bərabər yalnız “21 Azər”dir

Rəhim Hüseynzadə, Azərbaycan Demokrat Firqəsinin sədri

 

 

78 il əvvəlin bu günlərində Milli Hökumətin nəzarətindəki ərazilərdə, baş
şəhərimiz Təbrizdə həyat öz axarı ilə davam edirdi. Təbriz radiosu Azərbaycan
dilində informasiyalarını yayır, verilişlərinə başlayarkən şair Etimadın, bəstəkar
Cahangir Cahangirovun birgə bəstələdikləri Milli Hökumətimizin marşını
səsləndirir, Milli Filarmoniyada, Milli Teatrda məşqlər gedir, yeni açılan Təbriz
Dövlət Universitetində, şəhər və kənd məktəblərində, kitabxanalarda həyat öz
məcrasına düşürdü. Səhiyyə şəbəkələrində insanlara pulsuz xidmət göstərilir,
kəndlilər onlara məxsus torpaqlardan götürdükləri məhsullardan qış azuqəsi kimi
istifadə edir, tikinti – abadlıq işləri vüsət alırdı. Fədailər və asayiş keşikçiləri cəmi
12 gündən sonra onları gözləyən fəlakətlərdən bixəbər xidməti borclarını yerinə
yetirməkdə idilər. Heç kimin ağlına belə gəlmirdi ki, tezliklə Amerika və
İngiltərənin himayə və hərtərəfli kömək etdiyi xain Pəhləvi xanədanının əlləri
tezliklə minləri qanına qəltan edəcək. On minlərlə insan İranın ilan mələyən
guşələrinə sürgünə göndəriləcək. Təəssüflər olsun ki, cəmi 12 gün sonra bu
dəhşətlər yaşandı “21 Azər” Hərəkatı cəmi bir ömür sürdü. Yarandığı gündədekabrın 12-də tarixin şərəfli yaddaşına qovuşdu.
Həmin gün Arazın digər tayına ailə üzvləri ilə birgə üç istiqamətdə pənah gətirən
minlərlə inqilab iştirakçısının da gümanına gəlməzdi ki, bu nəsllərin mühacir
taleyinin başlanğıcıdır. Çoxları Culfanı, Bulqar çayını keçərkən, Heyran dağlarını
aşarkən bir ömürlük mühacirətə qovuşacaqlarını hiss edirlərmiş kimi çevrilib
sonuncu dəfə doğma elləri seyr edirdilər. Bu mərd, dəyanətli insanların məqsədi
heç də yeni yurdda məskunlaşmaq deyildi. Hamı tezliklə geri dönəcəyinə, 1 il
əvvəl başlanılan işlərin davam etdiriləcəyinə, İran daxilində muxtariyyətə malik
Azərbaycanda bəşəri hüquq və azadlıqların bərpa ediləcəyinə əmin idi.
İndi o vaxtdan 78 il ötür. Tarix öz diqtəsini edib. Kəskin darağını inqilab
iştirakçılarının sıralarına çəkib. “21 Azər” iştirakçılarının sağ qalanları barmaqla
sayılan qədərdir. Ağsaqqalı da var, ağbirçəyi də. Fəqət igid, dəyanətli atababalarımız dünyasını dəyişərkən belə gözlərində Təbriz həsrəti, dillərində, “21
Azər” olub. Bu sədaqətin sirlərini elə “21 Azər”in, onun təşkilatçısı və
ilhamvericisi Azərbaycan Demokrat Firqəsinin qayəsində, mahiyyətində, İran
tarixinin 20-ci əsrin əvvəllərindən indiyədək baş verən proseslərində axtarmaq
gərəkdir.
Ötən əsrdə İranda “21 Azər”ədək də xalq hərəkatları və inqilablar baş verib. Lakin
o, sözün əsl mənasında fundamental, bənzərsiz bir siyasi hadisədir. İstər Səttərxan
(1905-1911-ci illərin İran inqilabı), istər Şeyx Məhəmməd Xiyabani (1918-1920-
ci illər) hərəkatları, istərsə də “22 Bəhmən” inqilabı mahiyyətinə və xalqa
keyfiyyətcə bəxş etdiklərinin miqyasına görə onunla müqayisəyə gəlməzdir.
İçtimai qayəsinə görə bu hərakat miqyasına görə daha böyükdür. Belə ki, Tənbəki
üsyanından başlayaraq “22 Bəhmən”ə qədər baş verən inqilablar və xalq
hərəkatları tamamilə siyasi xarakter daşıyıb, ancaq siyasi hakimiyyətlərin
dəyişməsi ilə başa çatıb. Azərbaycan Demokrat Firqəsinin rəhbərlik etdiyi 21
Azər Hərakatı və onun yaratdığı Milli Hökumət təkcə siyasi dəyişiklikləri ilə
deyil, Azərbaycanın bütün içtimai, iqtisadi və mədəni sahələrində apardığı köklü
islahatları, dəyişiklikləri ilə yadda qalıb. Cəmi 1 il hakimiyyətdə olan ADF-nin,
Milli Hökumətin gördüyü işlər İran tarixində reallaşdırılanların 100 ilinə bərabər
sayılır. Belə desək, “21 Azər”in alternativi yalnız “21 Azər”dir.
Dediklərimiz 1324-cü ilin 12 Şəhrivərində (3 sentyabr 1945-ci il) ADF-nin
yaradıcıları tərəfindən imzalanan Bəyənnamənin dünyəviliyinə, bütün İran
xalqlarının mənafeyləri ilə səsləşməsinə əyani sübutdur. Amerikalı hüquqçünas
Uilyam Duqlas 1950-ci ildə yerli camaatın Milli Hökumət və onun baş naziri
Seyid Cəfər Pişəvərinin xidmətləri kimi xatırladıqlarını qələmə alarkən tutduğu
siyahıda da təsdiqini tapıb. Ən mühüm islahatlar əsasən 3 kateqoriyaya bölünüb:
1. Siyasi islahatlar;
2. Mədəni islahatlar;
3. Siyasi- iqtisadi islahatlar.
Bəli, 78 ildir ki, Bakıda, Azərbaycanın əksər şəhər və bölgələrində “21 Azər”in
ildönümləri qeyd olunur. Avropada və Amerikada da məclislər təşkil edilir.
“Mühacirət” ifadəsi nə qədər üzüntülü olsa da, biz sözün əsl mənasında bacı və
qardaşlarımızın qayğısı, doğma münasibətləri sayəsində əldə etdiklərimizi
minnətdarlıqla dilə gətirməyə borcluyuq. Bu, dünyanın heç bir ölkəsinin
mühacirət fonunda müqayisə edə bilməyəcəyi mütərəqqi nümunə, əyani misaldır.
78 il əvvəl yalnız silahı ilə pənah gətirənlərin sıralarından 200 nəfər elmlər
namizədi və elmlər doktorunun, minlərlə tanınmış mütəxəssisin yetişməsi, 10 min
nəfərə yaxın soydaşımızın orden, medal, fəxri adlarla təltif olunmaları, minlərə
yeni mənzillərin verilməsi, digər bəşəri qayğılar yalnız və yalnız mahiyyətində
insanpərvərlik, humanizm hökm sürən bir xalqın əhatəsində mümkün ola bilərdi.
Məhz buna görə bizlər də Azərbaycan Respublikasının uğurlarını öz
nailiyyətlərimiz sayır, fəxr edir, yolunda hər cür fədakarlığa hazır olduğumuzu
əməli nümunələrimizlə sübuta yetiririk. Yüzlərimizin döyüş meydanındakı
şücaətlərinə görə layiq görüldükləri dövlət təltifləri də bundan xəbər verir.
Nəsillər dəyişsə də yolumuz, amalımız dəyişməz qalır. Bu üç bənddə ifadəsini
tapdığı kimi:
On illərdir yol gəlirəm,
Atam Azər, özüm Azər.
Mən əbədi bir məşələm,
Təşnəm Günəşə bərabər.
***
Yora bilməz yollar məni,
Qəlbim tükənməz atəşli.
Xalqım daim qeyd edəcək,
Müqəddəs “21 Azər”i.
***
Qoy kimsə də düşünməsin,
Yaşayırıq bir şam ömrü.
Zirvələrin bəzəyidir,
Bayrağı “21 Azər”im.

Rəhim Hüseynzadə,
Azərbaycan Demokrat Firqəsinin sədri,
Əməkdar jurnalist

Şərhlər bağlıdır.