Oğlum Təbrizə-Xəlil Rza Ulutürk

Oğlum Təbrizə

Qoy sənə doğulan günəş deyim ki,
Nurunla açılan al səhərəm mən.
Yeddi il yol gələn, a mənim ilkim,
Gəldiyin yollara gül düzərəm mən.
Özüm də bilmirəm nə işdir bu iş,
Yerdənmi, göydənmi tapmışam səni.
Bəlkə də səni heç tale verməmiş,
Taleyin əlindən qapmışam səni.
Sən-bu gün sevincim, qanadım-qolum,
Dünən ürəyimə dağ olmusan sən.
Heç ana bətninə düşməmiş, oğlan.
Bu ata könlümdə doğulmusan sən.
Özün də bilmirsən öz qiymətini,
Döyüş səngərimsən, qalamsan mənim.
Bir evin qeyb olmuş səadətini
Min evə qaytaran balamsan mənim.
Ən böyük sevincsən, ən müqəddəs qəm,
Məni od içinə atan Təbrizim.
Üzünə baxanda balam deyirəm,
Adını çəkəndə -atam Təbrizim.
Mən səni görəndə çırpınır qəlbim,
Deyirlər naşıyam, görməmişəm mən.
Alıram boynuma niyə gizlədim,
Sənin tək səadət görməmişəm mən.
Anan süd veribdir fəqət mən sənə.
Köksümdə közərən odu vermişəm.
Seçib milyon-milyon adlar içindən,
Dünyada ən gözəl adı vermişəm.
Sən-oğul, sən-igid, sən -ər oğlu ər!
İftixarla daşı sən öz adını.
Məğribə, məşriqə, aləmə göstər
Alnında gizlənmiş istetadını.
Bir səhər, bir günəş var mənzilimdə,
Qoy dünyalar bilsin nəçisən, kimsən.
Kiçik mənzilimdə, dar mənzilimdə
Sən ucsuz-bucaqsız məmləkətimsən.
Ey bala Təbrizim, gün o gün olsun
Ana Təbrizimə mən azad deyim,
Ustad Şəhriyarla görüşün olsun.
Təbrizi Təbrizə qol-qanad deyim.
Arzular könlümdə çeşmə-çeşmədir,
Arzular qoynunda boy atmış könül.
Səni arzum üçün, amalım üçün,
Səni döyüş üçün yaratmış könül.
Atanın ömrünə oğul yaraşıq,
Qoy bir nəfəs alım daha dərindən.
Mən öz Təbrizimlə bugün yanaşı
Keçirəm Bakımın küçələrindən.
Bu gün yağış yağır…qorxma yağışdan!
Tufanda, şimşəkdə bərkisin canın.
Sən mənim balamsan, mən sənin atan
Bir bir cüt oğluyuq Azərbaycanın.

Xəlil Rza Ulutürk

Şərhlər bağlıdır.