Bir neçə ay əvvəl 105 yaşı tamam olan qəzetimizin redaksiyasında çoxsaylı
tanınmış jurnalistlər, ünlü qələm sahibləri çalışıblar. Onların bir çoxu indi də
qələmi yerə qoymadan günün aktual məsələləri, ictimai-siyasi, sosial-mədəni
mövzularda örnək yazıları ilə gənclərə yol göstərirlər.
Belə qələm sahiblərindən biri də 80 yaşlı Əməkdar jurnalist Oqtay Bayramovdur.
Təqaüddə olsa da, doğma qəzetlə əlaqəni üzməyən, əsasən, ölkəmizin idman
tarixindən, bu sahədə qazanılan nailiyyətlərdən maraqlı yazıları ilə oxucuları
sevindirən Oqtay Bayramovun və redaksiyamızın ictimai-siyasi şöbəsinin 60
yaşlı müdiri İmran Bədirxanovun yubileylərinə həsr olunan toplantıda hər
ikisinin Azərbaycan mətbuatının inkişafında rolu, peşəkar jurnalist keyfiyyətləri
ətraflı sərf-nəzər edildi.
Qəzetin baş redaktoru Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının sədri,
AYB sədrinin müavini Rəşad Məcid çıxışlarında hər iki yubilyarın fərqli
yaradıcılıq maneraları, mövzulara özəl yanaşma tərzləri barədə fikirlərini
bölüşdülər.
Qeyd olundu ki, Oqtay müəllim 1968-ci ildə Azərbaycan Pedaqoji Xarici dillər
İnstitutunun ispan dili şöbəsini bitirib. Bir müddət tərcüməçi işləyib. Sonra
Bakıda çıxan populyar “İdman” (“Sport”) qəzetində müxtəlif vəzifələrdə çalışıb:
redaktor müavini və 1-ci müavin olub. Yuqoslaviya, Çexoslovakiya, Macarıstan
və Meksikada basketbol, həndbol, futbol üzrə Avropa və dünya
çempionatlarından, Hollandiyada gənclərin Avropa Olimpiya Həftəsindən
maraqlı və operativ reportajlar hazırlayab. 1995-ci ilin noyabr ayından təqaüdə
çıxana qədər “Xalq qəzeti”ndə çalışıb. Azərbaycan idmanının təbliğində və
inkişafında xidmətlərinə görə Əməkdar jurnalist, fəxri bədən tərbiyəsi və idman
işçisi adlarına layiq görülüb. Həsən bəy Zərdabi mükafatçısıdır. İstedadlı publisist, ssenarist, tərcüməçi İmran Bədirxanlı isə 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Artıq 33 ildir peşəkar jurnalistika ilə məşğuldur. Doxsanıncı illərin əvvəllərində respublikada cərəyan edən hadisələrlə bağlı “Həqiqət ardınca” silsilə məqalələrin müəllifi kimi
çalışdığı “Səhər” qəzetinin “Xüsusi mükafat”ına layiq görülüb. Sonra radio və
televiziyalarda redaktor və aparıcı kimi aktual məsələlərin işıqlandırılmasında
fəallığı ilə seçilib. İmran Bədirxanlı professional karyerası boyu istər sıravi
müxbir, istər aparıcı, istərsə də redaktor kimi daim obyektiv və vicdanlı xəbər
siyasətinə, bu peşənin qaydalarına, əxlaq prinsiplərinə ciddi riayət edən
jurnalistlərdəndir. Hələ 20 il əvvəl keçirilmiş “Media açarı” müsabiqəsində “Ən
yaxşı reportaj” nominasiyası üzrə qalib gəlib. O, İctimai Televiziyanın
kinodublyaj departamentinin böyük redaktoru kimi də məhsuldar fəaliyyər
göstərib. Artıq 3 ildir ki, “Xalq qəzeti”nin ən məsuliyyətli sahəsi olan siyasət
şöbəsinə rəhbərlik edir.
Mərasimdə ürək sözlərini söyləyən həmkarları Oqtay Bayramovun və İmran
Bədirxanlının insan və peşəkar jurnalist kimi məziyyətlərindən söz açdılar, hər
ikisinə ən xoş arzularını çatdırdılar. Sonda yubilyarlara Azərbaycan Mətbuat
Şurasının diplomları təqdim olundu.
Ə.Əliyev,
E.Ağalar (foto),
“Xalq qəzeti”
Şərhlər bağlıdır.