Afrikada fransızlar qaçan ölkələrə Türkiyə gəlir

Türkiyə Çada “Bayraktar” pilotsuz uçan aparatları tədarük edib və ölkədəki
“Faya-Largeau” hərbi bazasına öz hərbi müşavirlərini və türk şirkətinin
personalını yerləşdirib.
Azerbaycan-ruznamesi.org bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd olunub ki, Afrikadakı müstəmləkə keçmişi ilə tanınan Fransanın Çaddan
çəkilməsinin ardından Türkiyə bölgədəki təsirini artırmağa başlayıb. Paris
tərəfindən boşaldılan hərbi bazaya nəzarətin Ankaraya verildiyi bildirilir.
“Bayraktar” pilotsuz təyyarələrini bazaya yerləşdirən Türkiyənin bölgədə
sabitliyi təmin etmək üçün işlərə başladığı deyilir.
Məlumata görə, Fransa sabitlik bəhanəsi ilə illərdir Afrikada hərbi
mövcudluğunu qoruyub saxlasa da, əslində regionda müstəmləkəçilik siyasəti
aparıb və buna görə daim tənqidlərlə üzləşib. Parisin illərdir Çadda hərbi baza
qurduğu, həm təbii sərvətləri istismar etdiyi, həm də bölgədə münaqişələri
qızışdırdığı hamıya məlumdur. Bununla belə, ictimaiyyət və yerli hökumətlər
Fransanın təsirinə reaksiya verdikdən sonra Makron administrasiyası bu
yaxınlarda son əsgərlərini də Çaddan geri çəkməyə məcbur olub.
Bu nöqtədə isə Türkiyə Çadla güclü diplomatik və hərbi əlaqələr qurmaq üçün
hərəkətə keçib. Fransanın bölgədən çıxmasını gözləyən Çad rəhbərliyi
yanvarın ortalarında bağlanmış müqavilə ilə hərbi bazanı Türkiyəyə rəsmən
təhvil verib. Xatırladaq k, Prezident Rəcəb Tayyib Ərdoğan bundan öncə
Türkiyənin Afrika ölkələri ilə bərabər tərəfdaşlıq əsasında hərbi və iqtisadi
əməkdaşlığı artırmaqda qərarlı olduğunu vurğulamışdı.
Qeyd olunur ki, Çaddakı hərbi bazanın köçürülməsi Türkiyənin Afrikadakı yeni
geosiyasi gedişlərindən yalnız biridir. Önümüzdəki dövrdə Türkiyənin Sahel və
Şimali Afrikada daha da güclənməsi, Fransanın isə tamamilə kənarda qalması
gözlənilir.

Şərhlər bağlıdır.