Professor İrma Ratiani: “Şota Rustaveli və Nizami Gəncəvi” layihəsinin ikinci hissəsi həyata keçirilməyə başlanıb
Elm müxtəlif xalqların nümayəndələrini birləşdirən məkandır və məhz bu məkan
Gürcüstan və Azərbaycan alimlərini bir araya gətirib.
Bu sözləri Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru
professor İrma Ratiani Akademiyanın Elm Gününə həsr olunmuş tədbirində
çıxışında deyib.
İrma Ratiani Azərbaycan elmi ictimaiyyətini Elm Günü münasibəti ilə təbrik edib.
Rəhbərlik etdiyi qurumun AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə
10 ildən artıq əməkdaşlıq etdiyini vurğulayan professor İrma Ratiani “Şota
Rustaveli və Nizami Gəncəvi” layihəsi haqqında ətraflı məlumat verib. Bildirib
ki, layihənin ilk hissəsi artıq yekunlaşıb, aparılan tədqiqatların nəticəsi olan kitab
həm gürcü dilində, həm də ingilis dilində “Cambridge Scholars Publishing”
nəşriyyat evində işıq üzü görüb.
Layihənin ikinci hissəsinin interdissiplinar olduğunu deyən institut direktoru
layihədə ədəbiyyatşünas alimlərlə yanaşı, sənətşünasların, musiqişünasların
və digər sahələri təmsil edən alimlərin iştirak etdiyini əlavə edib, akademik İsa
Həbibbəyliyə əməkdaşlığa görə təşəkkürünü bildirib. Şota Rustaveli adına
Gürcü Ədəbiyyatı İnstitutunda Rəqəmsal Ədəbiyyat Mərkəzinin yaradıldığını
qeyd edərək professor AMEA Ədəbiyyat İnstitutunun alimlərini bu sahədə də
əməkdaşlıq etməyə dəvət edib.
Çıxışdan sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şota Rustaveli
adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratianiyə və
professor Maka Elbakidzeyə AMEA-nın Təşəkkürnaməsini təqdim edib.
AMEA-nın mətbuat xidməti
Şərhlər bağlıdır.