Prezident İlham Əliyevin böyük liderliyi ilə Zəfər yaşantılarımız davam edir
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtondan özünün
sosial şəbəkə profilində paylaşım edərək, Prezident İlham Əliyevin müharibədə
qalib gəldiyi kimi, sülhü də qazandığını vurğuladı. Əlbəttə, sülhü qazanmaq
asan başa gəlmir. Əvvəla, sülh ədalətli olmalıdır. Digər tərəfdən, tarixdə bir çox
fakt var ki, ayrı-ayrı dövlətlər döyüş meydanlarında əldə etdiklərini danışıqlar
masasında itiriblər. Deməli, qazanılanı qorumaq vacibdir. Məhz bu mənada
dövlətimizin başçısının fəaliyyəti örnəkdir. Ədalətli sülhə nail olaraq qələbəni
qorumaq örnəyi.
Ədaləti qorumaq, öz xalqının maraq və mənafelərinin müdafiəsində ardıcıl və
prinsipial davranmaq müstəsna məharət tələb edir. Ancaq heç də hər liderdə
bu məharət olmur.
Beynəlxalq miqyasda cərəyan edən mürəkkəb proseslər, nəhəng təbəddülatlar
fonunda hadisə və proseslərin necə cərəyan edəcəyini müəyyənləşdirmək
bacarığına malik çox az dövlət başçısı tapılar. Nəzərə alaq ki, hər prezident,
yaxud hökumət rəhbəri lider statusunu daşımır. Xoşbəxtlikdən, Azərbaycanın
dövlət başçısı məhz belə bir liderdir və biz bu günlərdə İlham Əliyev liderliyinin
daha bir təntənəsini yaşadıq. Elə bir təntənə ki, təəssüratı hər birimizə
inanılmaz qürur və fəxarət hissi yaşatmaqdadır.
Yaşadığımız dünya dərin və geniş çalxalanma mərhələsindədir. Müharibələr,
qarşıdurmalar, toqquşmalar, ümumən qeyri-adi proseslər insanları gərgin
duruma salır, hədsiz narahatlıq və nigaranlıq yaradır. Qarşıda bəşəriyyəti
nələrin gözlədiyinə dair ən müxtəlif ehtimallar isə bir çox hallarda
subyektivizmin təsirinə məruz qalır. Amma hətta belə çətin şəraitdə də xalq
olaraq qəti şəkildə əminik: siyasi idarəçilikdə, çoxplanlı fikir və düşüncələrində,
əhatəli hesablamalarında əsla yanılmayan, tutduğu yoldan dönməyərək
sarsılmaz xarakter nümayiş etdirən məhz Azərbaycan lideridir – Prezident
İlham Əliyevdir. Xalqımızı Zəfərə daşıyan da dövlətimizin başçısının bu
xarakteridir. Bu xarakter Azərbaycana ardıcıl parlaq zəfərlər, onun özünə isə
Müzəffər Ali Baş Komandan ünvanı qazandırıb.
2020-ci ilin Vətən müharibəsi başlayan andan indiyədək Ali Baş Komandan
İlham Əliyevin söylədiyi fikirlər dillər əzbərinə, zərb-məsəllərə çevrilib. Bu gün
dövlətimizin başçısının yüksək praqmatizmə əsaslanmış addımları hər bir
azərbaycanlının iftixar mənbəyidir. O addımlar Azərbaycanı, əslində isə
ümumən Cənubi Qafqazı 8 avqust 2025-ci il tarixi Zəfərinə apardı və ötən beş
ilin uğurlar salnaməsinin həlledici qələbə ilə başa çatdığını tam əminliklə
vurğulamaq mümkündür.
Prezident İlham Əliyevin əminliyi və qətiyyəti yaşadığımız qarışıq və nigaran
zamanda ən ümdə təskinliyimiz və təsəllimizdir. Elə bir təskinlik ki, Prezidentin
bu tarixi ABŞ səfəri kimi nəhəng reallıq üçün sonsuz inam yaratdı. Elə bir təsəlli
ki, üzümüzə Ağ Evin qapılarının da açılacağına heç bir şübhə yeri qoymadı.
Çünki İlham Əliyevin liderliyi öz gücünü birinci növbədə xalqın etimadından,
möhtəşəm siyasi zəka ilə dürüstlük və səmimiyyətin vəhdətindən alır.
Özünün məşhur formulu ilə ifadə etsək, hər bir azərbaycanlının Prezidenti olan
İlham Əliyevin lider uzaqgörənliyinin təntənəsi təkcə doğma xalqımızın
düşüncəsində möhkəmlənmiş gerçəklik deyil. Dünyanın bir çox ölkələrinin
nüfuzlu şəxsləri bu barədə söz açır, arqumentlər səsləndirir, paralellər aparırlar.
Məsələn, yaxşı yadımdadır ki, 2022-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan cənab İlham Əliyevi Rusiyanı, regionu ən dəqiq tanıyan lider, Rusiya
Ukrayna müharibəsinin ən yaxşı təhlilçilərindən biri kimi dəyərləndirmişdi.
Nəzərə alaq ki, Türkiyə kimi böyük güc faktorunun, NATO ölkəsi rəhbərinin belə
fikir səsləndirməsi adi məsələ sayıla bilməz. Dünyanın ən böyük dövlətinin lideri
olan Donald Trampın Prezident İlham Əliyevə Ağ Evdəki xitabı da bu baxımdan
müstəsa önəm daşıyır: “Siz böyük lidersiniz”.
Dövlətimizin başçısının yaratdığı aydın, uğurlu təəssüratın bəhrəsidir ki, ABŞ
Prezidenti Trampın dilindən “Xalqınız böyük xalqdır” iltifatını da eşitdik və
inanılmaz dərəcədə qürurlandıq. Şübhəsiz, bu iltifat dəyər baxımından pik
nöqtə sayıla bilər. Xalqımızın böyüklüyünün belə yüksək səviyyədə etirafına
imkan qazandıran da Prezident İlham Əliyevdir, onun üstün siyasi-diplomatik
kursudur. Deməli, Ağ Evdə – dünyanın ən böyük dövlətinin ali ofisində,
dünyanın ən möhtəşəm Prezidentinin Azərbaycanın ali rəhbərinə ünvanlanmış
xoş fikirləri də həqiqi liderliyə layiqli dəyər və qiymətin beynəlxalq miqyasdakı
ən parlaq təzahürüdür. Belə təzahürlə necə öyünməyəsən?
Prezident İlham Əliyevin ABŞ-yə səfəri gözlənilən idi. Bununla bağlı xəbərlər
yayılmağa başlayanda Azərbaycanda, az qala, hər kəs bu mövzu barədə
müzakirə aparırdı. Səfər çərçivəsində yaşananlar isə gözləntiləri nəinki tam
mənada doğrultdu, hətta bir sıra cəhətlərinə görə bütün gözləntilərdən
yüksəkdə qərarlaşdı.
Ən müxtəlif şəxslərin dəqiq müşahidə qabiliyyətinin tutarlı nəticələrini, görüş
zamanı ayrı-ayrı jestlərə, mimikalara nəzərən rəmzi məqamları necə
qiymətləndirdiklərini sosial şəbəkələrdə diqqətlə izlədim. Hər kəsi qürurlandıran
məqamlardan biri də Prezident İlham Əliyevin Ağ Evdəki özünəməxsus
sərbəstliyi, çox az sayda liderə xas olan özgüvəni, orada az qala ev yiyəsi
statusunda davranması idi. Hesab edirəm ki, dövlətimizin başçısının həm
dəqiqlik və ciddiyyəti, həm hansısa məsələlərlə bağlı fikirləri, çevik, mükəmməl
reaksiyası, ümumən, onun bu səfərin, görüşlərin əhəmiyyətinə, Donald
Trampın sülh anlaşmasında roluna dair dilə gətirdiyi düşüncələr, bəzən çox incə
yumorla, siyasi ustalıqla dedikləri diplomatiya dərsliklərində layiqincə yer
alacaq.
Prezident İlham Əliyev Vaşinqtondakı mükəmməl siyasi-diplomatik davranışları
ilə yeni dünya nizamının mahiyyətinə dərindən bələd olan bir liderin nailiyyətlər
salnaməsinin yeni səhifələrini yazdı. Əlbəttə, belə bir liderin ABŞ-yə yüksək
səviyyəli səfəri zamanı ərsəyə gəlmiş sənədlər də tarixi əhəmiyyət daşımalı idi
və belə də oldu. Bu, təkcə mənim və Azərbaycan ictimaiyyətinin deyil,
beynəlxalq aləmin gəldiyi qənaətdir, oturuşmuş fikirdir.
Azərbaycan, ABŞ və Ermənistan Birgə Bəyannaməsi, xarici işlər nazirləri
tərəfindən sülh sazişinin paraflanması, Bəyannamədə bunun vurğulanması
nəzərimdə 1988-ci ildən başlayaraq, insanlarımızın həyatına ağır təsirlər
göstərmiş münaqişənin müxtəlif epizodlarını canlandırdı. Torpaqlarımızın
işğalı, acılar, faciələr, ölümlər – Vaşinqtonda bütün bunların sona çatdığının
yüksək təminatlı anonsu verildi. Əminəm ki, prosesin tam yekunu olan sülh
müqaviləsi də uğurla imzalanacaq.
Azərbaycan və Ermənistan arasında barış mühitinin yaranmasına görə
dünyanın ən müxtəlif yerlərindən, hətta bizə qarşı dəfələrlə qeyri-obyektiv
davranmış beynəlxalq təşkilatlardan, dövlətlərdən alqışlar eşidir, təbriklər alırıq.
Bu alqışlara da, təbriklərə də səbəb Prezident İlham Əliyevdir, onun şəxsində
dövlətimizdir. Sanballı analitiklər inamla bildirirlər ki, sülh sazişinə gətirən yol
birbaşa İlham Əliyevin tarixi xidmətidir. Elə qardaş Türkiyənin lideri Rəcəb
Tayyib Ərdoğanın ölkəmizin başçısı ilə son telefon danışığında vurğuladığı da
budur. Cənab Ərdoğan Prezident Əliyevi sülhün lideri adlandırdı. Lakin
Azərbaycan lideri bu istiqamətdə də özünəməxsus təvazökarlıq nümayiş etdirir.
Yada salaq ki, dövlətimizin başçısı Ağ Evdə son dərəcə kübar tərzdə barış
mühitinin formalaşmasında Trampın rolunu xüsusi vurğulamışdı. Eyni
zamanda, o da məlumdur ki, Azərbaycan Prezidenti Ermənistanın Baş naziri ilə
birgə ABŞ-nin dövlət başçısını Nobel Sülh Mükafatına namizəd kimi irəli sürmək
qərarına gəlib.
Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfərinin və səfər boyu yaşananların
böyük tarix mahiyyətində Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq
Xartiyasının hazırlanması məsələsi də önəmli yerə sahibdir. Məlum olduğu
kimi, söhbət bu məqsədlə Strateji İşçi Qrupunun yaradılması haqqında hər iki
ölkənin hökumətləri arasında imzalanmış Anlaşma Memorandumundan gedir.
Heç şübhəsiz, sənəd Bakı-Vaşinqton münasibətlərinin tamamilə yeni bir
mərhələyə keçdiyini təsdiqləyir. Ona da şübhə yoxdur ki, haqqında söz
açdığımız Birgə Bəyannamənin Zəngəzur dəhlizi məntiqi, habelə mövcud
xüsusdakı Tramp yolu, Tramp marşrutu və ya Beynəlxalq Sülh və Rifah üçün
Tramp marşrutu deyimləri də yeni mərhələnin uğur trayektoriyasını
müəyyənləşdirəcək. Burada ən başlıca məqamlardan biri isə xalqımıza,
ölkəmizə qarşı tarixi ədalətsizliyin aradan qalxdığının nümayişkaranə şəkildə
ifadə olunmasıdır. Prezident İlham Əliyevin Vaşinqtonda mediaya
müsahibəsində səsləndirdiyi bir mülahizə bu baxımdan olduqca önəmlidir:
“Əlbəttə, eyni zamanda, bu ədalətsiz düzəlişin ləğv edilməsi və bunu məhz öz
ofisində mənim iştirakım ilə etmək çox bir rəmzi xarakter daşıyır. Onu başqa bir
formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə
bunu etməyə qərar vermişdi”.
Həqiqətən, Prezident Donald Tramp “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin
ləğvini nümayişkaranə şəkildə həyata keçirdi. Bu, son dərəcə böyük jestdir.
Beləliklə, müstəqilliyimizin ilk illərindən bəri xalqımızı narahat edən, dünyada
Azərbaycana qarşı misli görünməmiş haqsızlığın simvolu kimi tanınan sənəd
qüvvəsini itirdi. Vaşinqtonda, həmçinin, fəaliyyəti ədalətsizliyə meydan
verməyə, torpaqlarımızın işğalını leqallaşdırmağa yönəlmiş bir təsisatın –
ATƏT-in Minsk Qrupunun varlığına rəsmən son qoyulacağına mütləq təminat
verildi. Bəlli gerçəklikdir ki, Minsk Qrupu həmsədrlərinin uzun zaman ərzində
regiona, ölkəmizə saysız səfərləri, bununla bağlı çıxışları dövlətimizin
rəhbərliyində və xalqımızda ikrah, qəzəb doğurmuş, bu qrupun təmsilçiləri
məsxərə predmetinə çevrilmişdilər. Təəssüf ki, otuz ilə yaxın müddətdə saxta
sülh elçilərinin hoqqabazlığına dözmək məşəqqətini yaşadıq. Amma bu dövr də
artıq qapanmaq üzrədir. Ölü təsisata çevrilmiş Minsk Qrupunun Azərbaycan və
Ermənistan arasında münaqişənin mövcudluğunu, onun guya davam etdiyi
məntiqini vurğulaması məlumdur. Ona görə də ölkəmizin rəhbərliyi bu qrupun
ləğvini çox vacib şərt kimi irəli sürür. Bakının İrəvan qarşısındakı ikinci şərti isə
Ermənistan Konstitusiyasının işğalçılıq, ərazi iddiası mahiyyətindən
qurtulmasıdır ki, yekun sülh müqaviləsinin imzalanmasınadək bu tələbimizin də
yerinə yetiriləcəyi artıq rəsmən təsdiqini tapıb. Vaşinqton uğurumuzu
şərtləndirən amillərdən biri də məhz bu təsdiqlənmədir.
Sonda ümumiləşdirmə apararaq deyim ki, müasir dövrdəki haqq davamızın bir
çox təntənələrini hədsiz qürurla, böyük sevinclə yaşamışıq. 2020-ci il 8 Noyabr
Zəfəri, 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün
və suverenliyimizin tam bərpası hər birimizi sevinc gözyaşlarına qərq edib.
Hesab edirəm ki, 8 avqust 2025-ci il tarixi də öz möhtəşəmliyinə, bizə yaşatdığı
qürur və xoşbəxtliyə görə onlardan heç nə ilə geri qalmır. Bu tarix son illərin
uğur və nailiyyət silsiləsinin məntiqi davamı, müqəddəs haqq mübarizəmizin
zəfərlə nəticələnməsinin dünya birliyi tərəfindən birmənalı şəkildə qəbul edildiyi
misilsiz məqamdır. Birbaşa Prezident İlham Əliyevin adı, fəaliyyəti ilə bağlı olan
daha bir möhtəşəm yaşantıdır. Buna görə, həqiqətən, xoşbəxt xalqıq. Xoşbəxt
xalqı və onun liderini yeni parlaq zəfər münasibətilə təbrik edirəm!
Rəşad MƏCİD,
Azərbaycan Mətbuat Şurasının sədri
Şərhlər bağlıdır.