2025-ci ilin avqust ayının 8-də ABŞ-da, Prezident Donald Trampın təşəbbüsü
ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan
arasında imzalanmış müqavilə tarixi hadisədir.
Güney Azərbaycanın milli qüvvələri, demokratik təşkilatları bu prosesi
səbirsizliklə gözləyirdi və imzalanmış müqaviləni Azərbaycanın sülhsevər
siyasətinin gözəl bir nümunəsi olaraq qiymətləndirir.
Dağlıq Qarabağın işğalı zamanı Güney Azərbaycanın hər bir insanı nə qədər
hiddət keçirirdisə bu gün bir o qədər sevinc hissləri keçirir. Nəhayət,
Azərbaycanın Naxçıvanla daha geniş kommunikasiyaları açılacaq, regional və
beynəlxalq ticarət əlaqələri genişlənəcək və bölgə əməkdaşlıq regionuna
çevriləcək.
Azərbaycan dövlətinin müdrük və uzaqgörən siyasəti bütün dünyaya göstərdi
ki, əbədi müharibə və əbədi ixtilaflar olmur. Bütün problemlər sonunda
danışıqlar masasında həll olunur.
Güney Azərbaycan milli hərəkatı iştirakçıları və bütünlükdə güneyli
soydaşlarımız bu uğura sevinir və Azərbaycan dövlətinin sülhsevər siyasətini
dəstəkləyirlər.
Demokratik qüvvələr İran İslam Respublikasının “Mərg, mərg, mərg” şüarları ilə
ifadə olunan beynəlxalq siyasətini kökündən yanlış hesab edir və ölkənin
başına gələn bütün bədbəxtliklərin səbəbinin məhz bu olduğunu düşünür.
İranın siyasi qüvvələri, siyasi xadimləri nümunə ola biləcək bu təcrübəni
mənimsəməli və mütərəqqi addımlarla dövlətin xarici siyasətində yeni baxışlar
nümayiş etdirməlidirlər. Əməkdaşlıq və səmimi qonşuluq həmişə müharibə və
düşmənçilikdən yaxşıdır.
Güney Azərbaycan ictimaiyyəti İran İslam Respublikası dövlətinin məntəqədə
baş verən mütərəqqi, sülhsevər siyasətə qoşulmasını və onu dəstəkləməsini
gözləyir.
ADF-nin Siyasi Heyəti
Növbəti
Şərhlər bağlıdır.