Bu gün Azərbaycan Mətbuat Şurasında Rusiyada yaşayan jurnalist, yazıçı və publisist Ulduz Qasımın “Qarabağın cənnət çiçəkləri”, “Böyüklüyün Böyükxanım zirvəsi” və “Maral” kitablarının təqdimatı keçirilib. Şuranın Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə düzənlənmiş toplantı iştirakçıları qəlbi Vətən sevgisi ilə döyünən yazıçı-jurnalistin yaradıcılığının xarakterik cəhətlərindən söz açıb, qələm sahibinin müəllifi olduğu yeni kitabların mövzu dairəsinə dair fikirlərini bölüşüblər.
Toplantını giriş sözü ilə açan MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu U.Qasım yaradıcılığının məhsuldarlıq keyfiyyətləri üzərində dayanıb, müəllifin xüsusən Qarabağ mövzusuna, doğma yurd həsrətinə həsr etdiyi əsərlərin geniş oxucu auditoriyası topladığını vurğulayıb.
T.Aydınoğlu “Qarabağın cənnət çiçəkləri” əsərinin “Qarabağda qiyamət” romanının, bir növ, davamı olduğunu vurğulayıb. O bildirib ki, “Qarabağda qiyamət” U.Qasımın Vətən müharibəsinə həsr olunmuş ilk irihəcmli nəsr əsəridir. “Maral” da qələm sahibinin Vətən həsrəti ruhuna köklənmiş romanıdır.
Toplantıda çıxış edənlərdən yazıçı-publisist Əlirza Xələfli, yazıçı Elçin Mehrəliyev, əməkdar jurnalist Əntiqə Qonaq, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, əməkdar jurnalist Rəhim Hüseynzadə, yazıçı Şövkət Zərin Harovlu, əməkdar jurnalist, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, “Tərəqqi” medallı jurnalist Zərifə Bəşirqızı, Bakı Slavyan Universitetinin dosenti Flora Nağı, jurnalist Zöhrə Əliyeva, yazıçı, tərcüməçi və şair Anna Bartkulaşvili, jurnalist Lalə Cəfərova, pedaqoq və yazar Həcər Paşayeva, yazıçı-publisist və jurnalist Fazil Güney, yazıçı-tərcüməçi Kamran Nəzirli, yazıçı-publisist Nəzirməmməd Zöhrablı, yazıçı, tərcüməçi və publisist Təranə Məmməd, Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, Bakı Dövlət Universitetinin dosenti Sevinc Tofiqqızı, şairə-publisist Elmira Aslanxanlı, fotojurnalist Rasim Sadıxov və başqaları bildiriblər ki, çağdaş mühacir ədəbiyyatımızın tanınmış nümayəndələrindən olan U.Qasımın müxtəlif janrlı yazıları, şeir və hekayələri, oşerk və esseləri hələ tələbəlik illərindən diqqəti çəlb etmiş, ailə qurduqdan sonra Moskvaya köçmüş jurnalist xalqımızın sevincinə və kədərinə biganə qalmamış, ölkəmizin ədəbi-bədii mühitinə layiqli töhfələr vermişdi. Onun yaradıcılığında Qarabağ dərdi özünəməxsus yer tutmuşdu.
Natiqlər, eyni zamanda, yazıçının ümumilikdə 14 kitabının mövzu dairəsindəki spesifik məqamlardan bəhs edib, onun bütün əsərlərində müşahidə edilən yazı üslubuna və hadisələrin canlı təsvirinə, eləcə də oxucuları riqqətə gətirən səhnələrə diqqət yetirib, qələm sahibinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonda çıxış edən U.Qasım əməyinə verilmiş yüksək dəyərə və xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.
Şərhlər bağlıdır.