Son yüz ildə İran tarixi sənədlərində, xüsusilə də 1936-cı ildən sonra yazılmış
mənbələrdə “Pəhləvi” termini dünya siyası və elmi linqvistikasına daxil oldu. Bu
ilin 12 iyununda “Anti-Pəhləvi sindromu nədir?” adlı məqalədə tarixi
materiallarda mövcud olan ziddiyyətlər haqqında bəzi mülahizələr yer alır.
Lakin problemə geniş və əhatəli yanaşma hələ də mövcud deyil, mövzunun
terminolojı, tarixi və sosial təhlili edilməyib. İranın son yüz il tarixşünaslığı lazımi
qədər öyrənilməyib. Rza xan nə zaman Pəhləvi oldu, Pəhləvilər kimlərdir,
pəhləviçilik nə deməkdir, İran tarixində nə kimi iz qoyublar və İran xalqlarından
nə istəyirlər kimi suallar cavabsızdır.
Son min ildə İran coğrafiyasında Padişah, Rəhbər, Qəhrəman, Din xadimi, Alim
və Şair ya türk olub, yox əgər türk olmayıbsa o zaman onun cografiyası,
çərçivəsi mütləq dəqiqləşdirilib. Vaxdaşırı Nizami Gəncəvinin, Nəsirəddin
Tusinin, Mirzə Fətəli Axundovun və bir çox iftixarımız hesab edilən böyük
şəxsiyyətlərin fərqli etnik qruplara aid olmaları haqqında müxtəlif yazılar çap
olunur ki, bu da bizim bu məsələlərə həssaslıqla yanaşmağımızın nəticəsi kimi
qarşıya çıxır.
Bir fars üçün Hafiz Şirazinin nə millətə aid edilməsi heç bir zaman əhəmiyyətli
olmayıb. Onun fars dilində yazması əsas amil olaraq qəbul edilib. Bu yanaşma
bizdə kökündən fərqlidir. Biz əksinə, Nizaminin fərqli dillərdə böyük sənət
əsərləri yarada bilməsi ilə iftixar etmişik. Hətta belə yanaşma XX əsrdə
Şəhriyara da aid edilir.
XX əsrin 20-ci illərində rus kazak polkunun zabiti, anası və həyat yoldaşı Rusiya
imperiyası ərazisində (Bakıda) anadan olmuş, atasının da Rusiya ilə yaxından
əlaqəsi olmuş bir şəxsin ingilis qüvvələrinin dəstəyi ilə İran hakimiyyətinə
gətirilməsi, İranın yaxın gələcəkdə güclü olması məqsədlərini daşımırdı.
Rza Pəhləvi 1878-ci ilin 15 martında, Mazandaranın Savadkux şəhristanının
Ələşt kəndində anadan olub. Stewen R. Wardun 2014-cü ildə Vaşınqtonda çap
olunmuş “Immortal: A Military History of Iran and Its Armed Forces” adlı
kitabında qeyd edilir ki, Rza Pəhləvi Mazandaranda türkdilli bir ailədə anadan
olub. Bütün rus və ingilis dilli informasiya resursları Rza Pəhləvini, onun atası
Abbas Əli Xanın (1815-1878) türk olduqlarını təsdiq edir. Bəs onda bu ayrumlu
pəhləvi ailəsi nə zaman “Ariyalı” oldular.
Hakimiyyətinin ilk illərində Ariyaçılıq konsepsiyasını yaratmaq da onun ağlının
işi deyildi. Mənbələr təkidlə qeyd edirlər ki, o, hərbiçi kimi tərbiyə olunmuş, dərin
savadı, geniş mütaliəsi yox idi və hətta uşaqları ilə evdə rəsmi və sərt
dildə ünsiyyət edirdi. “Ariyaçılıq” konsepsiyasını Rza xanın ətrafına topladığı o
dövrün tanınmış alimləri hazırlayırdı və bu alimlər də azərbaycanlı idi. Dexoda
və Kəsrəvi kimi alimlər o zaman hind mənbələrindən “Airyanem-Vaeja” kimi
əsərləri ya oxumuş, ya da eşitmiş və bu ideyalar üzərində yeni mifolojı tarix və
Rza xana şəcərə hazırlamalı idilər. “Videvdatada” Ahura Mazdanın bəşəriyyət
üçün yaratdığı 16 ən yaxşı “yerlər və bölgələr”in siyahısı göstərilir.
Zərdüştiliyə təkamül etmək də məhz buradan irəli gəlirdi.
Özünü İranın Şahinşahı elan edən Məhəmməd Rza Pəhləvi Əhəmənilər
çarlığının banisi, Kral II Kir Kəbir ilə müqayisə edilirdi. Şahinşahların dövləti
olaraq İran üç əsas prinsip üzərində qurulmalı idi: “Tanrı, Şah və Vətən”.
Monarx Allah tərəfindən xeyir-dua almış bir şəxs kimi yer üzündə Uca Allahın
göstərişlərini yerinə yetirməli idi. Padşah farsların qüruru və şəxsiyyətlərinin
simvolu hesab olunurdu. Ölkənin əzəməti, taleyi, ölməzliyi ancaq şah institutu
ilə bağlı olmalı idi. On əsr sonra Şah Məhəmməd Rza Pəhləvi “Şahnamə”yə
əsaslanaraq belə bir fikir söylədi: “Xarici insanlar İran üçün monarxiyanın
əhəmiyyətini dərk edə bilməz. Bu bizim həyat tərzimiz və yolumuzdur ki, onsuz
biz ölkə kimi mövcud ola bilmərik”.
Məhəmməd şah ideologiyasına görə “Pəhləvilik” İrana “Ari” sivilizasiyasını
qorumaq missiyasını, İran şahına isə bu sivilizasiyanın yaradıcısı rolunu,
peyğəmbərlik olaraq təsis edirdi. Şah doktrinasına görə monarxiya İranda
siniflərüstü dövlət hesab olunurdu. Şah bir çox tarixi İslam ənənələrini də
pozmağa başladı, hətta ölkə təqvimini hicrətdən deyil, Əhəmənilər sülaləsinin
əvvəlindən xronologiya tətbiq etdi, miladi 1976-cı il, hicri 1355-ci il hesab edildiyi
halda, Şahinşahlar hakimiyyətinin 2535-ci ili olaraq elan edildi.
Moinin lüğətində “Pəhləvi” sözü qısa şərh edilir: pəhlə, pəhləvi və pəhləvani dili
olaraq göstərilir. Qədim, orta və müasir fars dili arasında ortaq bir dil olduğunu
bildirir. Bir qədər də qabağa gedərək parfiyalıların dilini iki hissəyə bölür. Onları
şimali parfiya dili və cənubi parfiya dili kimi müxtəlif versiyalarının olduğunu
iddia edir. Qeyd edir ki, Pəhləvi dili parfiyalılar və sasanilər dövrünün ortaq dili
olub, lakin “əsasən sasanilər dövrü yazıları çox sayda qorunub saxlanılıb.
Qorunub-saxlanılanlar da əsasən dini mətnlərdən ibarətdir”.
Dehxodanın lüğətnaməsində verilmiş məlumatlarla müqayisə etdikdə görürük
ki, Moin məlumatları əsasən buradan götürüb. Pəhləviçilik ideyalarının
arxitektorlarından biri olan Dexoda bu adı tarixi mənbələrlə zənginləşdirmək
üçün xeyli iş görür. O, bir qədər də irəli gedərək Firdovsinin “Şahnaməsində”
“pəhləvi” sözünün bir neçə yerdə istifadə edildiyini deyir və nümunələr göstərir.
Lakin pəhləvi dili, pəhləvi xalqının kim olması və hansı yazılı nümunələri
olduğunu göstərmir və ya göstərə bilmir. Firdovsinin “Şahnaməsi”ndən
göstərilən nümunələrin də mötəbərliyi şübhə yaradır. Pəhləvilər zamanı çap
olunmuş və çox böyük tirajlarla yayılmış “Şahnamə” əsərinin ən etibarlı nəşri
SSRİ zamanında çap olunmuş Moskva nəşri hesab edilir. Akademik nəşr hesab
olunan bu kitab İran tarixçilərinin “düzəlişlərinə” məruz qalmayıb.
Akademik E. E. Bertels tərəfindən işlənib hazırlanmış müasir mətnşünaslıq
metodlarına əsaslanan “Şahnamə” mətninin qədim əlyazmalardan istifadə
etməklə (XIII-XIV əsrlər) ilk elmi nəşri SSRİ Elmlər Akademiyasının
Şərqşünaslıq İnstitutu (9 cild, 1960-1971) tərəfindən həyata keçirilmişdir. Bu
nəşrin dəyərini nəzərə alaraq 1971-ci ildə kitab Tehranda yenidən nəşr olundu.
Eləcə də “Şahnamə”nin Daşkənd nəşri tam rus dilinə tərcüməsi ilə Lahuti
tərəfindən hazırlanmış və 1957-ci ildən başlayaraq 52 min beytdən çox olan altı
cilddə nəşr edilmişdir. Bu nəşrlər ilə İran nəşrləri arsında ciddi fərqlər
mövcuddur.
İran tədqiqatçıları hesab edir ki, İranda Firdovsi yaradıcılığı 100 il əvvəl
mütəxəssislərin diqqət mərkəzində olmayıb və bu barədə müxtəlif mifoloji
hekayələr daha çox yayılıb. Firdovsini İrançılıq ideyalarının yayıcısı kimi yalnız
Rza xanın hakimiyyəti zamanı gündəmə gətirdilər və onu “heykəlləşdirdilər”.
Onun məzarını bərpa etdilər, ona abidə qoyuldu və kitabları böyük tirajla çap
edildi. Bir müddətdən sonra isə “Şahnamədəki” hadisələri tarixi hadisə kimi
qələmə verməyə başladılar.
Dünyanın bir çox tanınmış qədim tarix tədqiqatçıları Parfiyanın İranın fars
dilindən və mədəniyyətində tamamilə fərqli bir mədəniyyət olduğunu iddia
edirlər. Parfiya dövlətinin Sak tayfaları tərəfindən qurulduğu qəbul edilmiş bir
faktdır. Parfiyalıların yazılı abidələrinin olmaması səbəbindən mütəxəssislər
qətiyyətli fikir söyləməkdən çəkinirlər. Lakin Dehxoda və Moin qətiyyətlə
parfiyalıları pəhləvi, pəhləviləri də fars olaraq müəyyənləşdirir. Sifarişlə yazılmış
tarix də məhz belə olur. Parfiya haqqında məlumat əldə etmək istəyənlərə
tanınmış tədqiqatçılar Əkbər Nəcəf və Rizvan Hüseynovun “Parfiya – Orta
Dünyanın Memarları”adlı kitabını oxumağı tövsiyyə edə bilərik.
“Pəhləvi” sözünü bir sıra mənbələr Dexodanın, Moinin lüğətlərinə əsaslanaraq
“Parfiya” dövlətinə aid edir. Bu zaman Pəhləvi yazısını da onlara aid
etmək lazım gəlir. Lakin məlumdur ki, parfiyalıların yazıları olmayıb və bu
zaman İran tədqiqatçılarının həvəslə dedikləri Pəhləvi yazısı hansı dövrə aid
edilməlidir? Erməni mənbələri hesab edir ki, Pəhləvi sözü Sasanilər dövründə
“Pəhləvunu” adlı tayfanın adıdır və onlar da ermənidirlər. Lakin bu mənbələri
də mötəbər hesab etmək olmaz. Ermənilərin “F” səsi olmadığından farsa pars
və ya persiyan deməsi, ərəblərdə də “P” səsinin “F” ilə əvəz olunması qədim
mənbələrin ciddi linqvistik təhlilini tələb edir.
Ərəb səyyahları yazır ki, bu “farsların” islama qədər bir yazı sistemləri mövcud
olub və onun adı da “zevariş” adlanır. Belə olan halda bəs Sasani dövrünün
yazı sistemini niyə pəhləvi yazısı olaraq adlandırırlar? Bütün bu ziddiyyətlər XX
əsrin 30-cu illərində formalaşdırılan yeni tarix konsepsiyasının boşluqlarıdır və
saxta tarix yaradıcılığında bu kimi boşluqlar hər zaman mövcud olur və üzə
çıxır.
Sasanilərin hakimiyyətə “Anahid” məbədinin möbidləri olaraq gəlməsi göstərir
ki, Sasanilərin dili və yazıları dini klan yazısı olub və məhz bu səbəbdən də
təəccüblü deyil ki, yalnız dini mətnlər qorunub saxlanılıb.
Pəhləviçilik irançılıq konsepsiyasını təkrarlamır. Pəhləviçilik konsepsiyası
islamın təməl qanunlarını inkar edir. Çünki, özü yaranışından bir din olaraq
formalaşdırılıb və əsasən qədim inanclar üzərində bir sintez olunmuş dini
xatırladır. Məhz bu səbəbdəndir ki, İranın islam dini qrupları pəhləviləri Allahsız
hesab edirdilər. Əgər klassik irançılar Sasani zərdüştiliyinin təssübünü
çəkirlərsə, pəhləvilər modernist və sintez olunmuş bir dünyagörüşü təbliğ
edirlər. Bəhayilik pəhləvilərə daha yaxın göründüyündən onları himayə edirdi.
Son nəticədə, pəhləvilər İsmaililər təriqətində olan “Ağaxanlar” da ola
bilmədilər. Əvvəldən də monolit olmayan “pəhləvi klanı” dağıldı.
Göründüyü kimi Azərbaycandan olub, əslində azərbaycanlı olub “İran
Ariyaçılıgı” mifik ideyalarının arxasınca getmək “Pəhləvi sindromudur”. Bu
adamlar olmayan tarixin cazibəsinə aludə olmuş, bir qrup aristokrat arasında
özlərini yüksək təbəqə hesab edən, özlərini zərdüştilikdə olan “ag əba”
geyinmişlərdən hesab edirlər. Bunların içərisində türk və ya azərbaycanlı
olmayanlar da var. Lakin onlardan passionar olanları da məhz
azərbaycanlılardır.
Pərviz Kazımi
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
Şərhlər bağlıdır.