Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda istedadlı yazıçı,
filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fazil Güneyin (Abbasov) 80
illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, “Xalq qəzeti”-nin redaktor müavini, əməkdar jurnalist
Tahir Aydınoğlunun apardığı bu tədbirdə mədəniyyət xadimlərinin,
ədəbiyyatşünasların və ədəbiyyatsevərlərin iştirak etdikləri tədbirdə yazıçının
həyat yolu və yaradıcılığından geniş söz açılıb.
Təqdimat mərasimində akademik Nizami Cəfərov Fazil Güneyin özünəməxsus
yaradıcılıq yolundan, əsərlərinin orijinal üslubundan danışıb.
Bildirilib ki, müəllif Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi kimi
çalışdığı illərdə də ədəbiyyatımızın təbliği istiqamətində mühüm işlər görüb və
Azərbaycan həqiqətlərinin dünyaya tanınmasına öz töhfəsini verib. “Qara qan”
kitabı ilə böyük oxucu məhəbbətini qazanan yazıçı bu gün də öz əqidəsinə
sadiq qalaraq yeni əsərləri ilə xalqımızın başına gətirilən müsibətlərə güzgü
tutur, haqq işimizin dünyaya çatdırılması yolunda əlindən gələni əsirgəmir.
N.Cəfərov ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Mərasimdə Xalq şairi Sabir Rüstəmxanlı diqqətə çatdırıb ki, Fazil Güneyin
müxtəlif janrlarda yazılmış əsərlərinin aparıcı leytmotivi vətənpərvərlik, mənəvi
saflıq, təmiz sevgi duyğularıdır. F.Güney yüzlərlə publisistik yazının, felyeton,
pamflet və hekayələrin, elmi məqalələrin müəllifidir. “Ulduz sövdəsi” pamfletlər
toplusunun, Qarabağ müharibəsindən bəhs edən “Qara qan” tarixi romanının,
ABŞ-da ingiliscə çap olunan “Reality in Lie” hekayələr və povestlər toplusunun
müəllifi kimi şöhrət qazanıb.
Diqqətə çatdırılıb ki, Qarabağ münaqişəsindən bəhs edən üçcildlik “Qara qan”
tarixi romanı, ədəbiyyat tariximizdə öz layiqli yerini tutmağa iddialı ən dəyərli
ədəbi yaradıcılıq nümunəsidir. Qarabağ müharibəsi haqda, demək olar ki, ciddi
tarixi-ədəbi əsərlərin olmadığı bir vaxtda üçcildlik trilogiya yazmaq böyük
cəsarət tələb edir. Romanın iki cildi çap edilmiş, üçüncü cildi isə nəşrini gözləyir.
Sabir Rüstəmxanlı vurğulayıb ki, F.Güney öz əsərlərində Azərbaycan gülüş
mədəniyyətini qoruyub saxlamaqla yanaşı, həm də ondan yaxşı silah kimi
istifadə edir.
Tədbirdə çıxış edən digər natiqlər Fazil Güneyin özünəməxsus yaradıcılıq
yolundan söz açıblar.
Bildirilib ki, 1963-cü ildə daxil olduğu Azərbaycan Dövlət Universitetinin (indiki
Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin “Ərəb dili tərcüməçiləri”
şöbəsində oxuyarkən Fazil Güneyi universitet qəzetinə dəvət ediblər. O, hələ
tələbəlik illərindən əvvəl doğulduğu Cəbrayıl rayonunda rayonlararası qəzetdə
iki ilə yaxın çalışaraq təcrübəli jurnalistlərin rəğbətini qazanıb. O zamanlar gənc
Fazilin oçerkləri, kiçik hekayələri mətbuatda dərc olunur, radioda səsləndirilirdi.
Orta məktəbi təzə bitirmiş bir gənc üçün bu, böyük uğur idi.
Vurğulanıb ki, dili öyrənməkdə fərqləndiyi üçün hələ sovet dövründə xaricdə dil
təcrübəsinin çətin və məsuliyyətli olduğu bir vaxtda o, dördüncü kursu Şimali
Afrikada ən nüfuzlu təhsil ocağı sayılan Əlcəzair Universitetində oxumağa layiq
görülüb. Fazil Güney altı il doğma yerlərdən uzaqlarda çalışıb.
Qeyd edilib ki, F.Güneyin ilk hekayəsi 1965-ci ildə nəşr olunub. 1975-76-cı
illərdə “İnşaatçı” qəzetində, 1976-1991-ci ildə isə “Kirpi” jurnalında çalışıb.
Natiqlər bildirib ki, XX əsrin sonlarında baş verən sistem dəyişikliyi, müstəqillik
ab-havası onun ədəbi istiqamətini daha çox jurnalistikaya yönəldib. Qarabağ
gerçəkliklərini dünyada yaymaq üçün 1991-ci ilin əvvəlində yaradılan “AssA
İradə” Azərbaycan Beynəlxalq Xəbər Agentliyinin, 1997-ci ildən çıxmağa
başlamış ingiliscə “AzerNews” qəzetinin təsisçisi və baş redaktorudur.
Dövlətimiz qarşısında əməyi və jurnalistikanın inkişafındakı rolu nəzərə
alınaraq “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunub.
Diqqətə çatdırılıb ki, Fazil Güney həm də bir alim kimi öz sözünü deyib. Onun
“Müasir Suriya romanı” və “Suriya qadın yazıçılarının əsərlərində qadın
emansipasiyası” monoqrafiyası nəşr edilib, mütəxəssislər tərəfindən bəyənilib
və bu sahədə yazan müəlliflər üçün iqtibas mənbəyinə çevrilib.
Sonda Fazil Güney tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını
bildirib, yeni yaradıcılıq axtarışlarından söz açıb. Deyib ki, bundan sonra bütün
fəaliyyətini yaradıcı işə həsr edəcək.
Yekunda Azərbaycan Demokrat Firqəsinin sədri, əməkdar jurnalist Rəhim
Hüseynzadəyə söz verildi. O bildirdi ki, Fazil Güneylə qəribə tanışlığı var.
Vaxtilə Mətbuat Şurası hansı ünvana köçübsə, orada da qonşu olublar.
Əsasən söhbətləri inqilab rəhbəri Seyid Cəfər Pişəvəridən,
silahdaşlarından, və seçdiyi şərəfli yolun davam edəcəyindən gedib. Məni
təqdimatda S.C.Pişəvəridən sonra 7-ci sədr və Firqənin möhürünü
daşıyan şəxs kimi təqdim ediblər. Bu gün də belədir. Həmin faktı bir sıra
iclaslarda qeyd etdiyim halda nədənsə təşkilatımıza siyasi cəhətdən
aidiyyatı olmayanlar, özünü ADF üzvü, “firqəçi” kimi təqdim edirlər.
Sözümü eşidənlər bunu bilir və yəqin ki, nəticə çıxararlar. Sonda Fazil
müəllimə yaşıdı olduğu 21 Azər inqilabının yeni qələbəsini görməsini
arzulayıram.
Şərhlər bağlıdır.