Stokholmda İran rejiminə qarşı etiraz aksiyası və Güney Azərbaycanın Keçid Dövrü Platformasının təqdimatı keçirilib

18 Dekabr 2025-

Dekabrın 13-də İsveçin paytaxtı Stokholm şəhərində Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının (GATƏŞ) təşkilatçılığı ilə İran İslam Respublikasının bu ölkədəki səfirliyi qarşısında etiraz mitinqi keçirilib. Qeyd edək ki, Şuraya daxil olan təşkilatlar,

Azərbaycan Demokrat Firqəsi – ADF

Azərbaycan Mərkəz Partiyası – AMP

Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş

Azərbaycan Öyrənci Hərəkatı – AZOH

Güney Azərbaycan Demokrat Partiyası – GADP

Güney Azərbaycan İstiqlal Partiyası – GAİP

Güney Azərbaycan Milli Dövlət Alyansı– MDA

və Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP

-dan ibarətdir.

Aksiyada Güney Azərbaycan təşkilatlarının məsulları və milli fəalları ilə yanaşı, İran ərazisində yaşayan ərəb, bəluç, türkmən və qaşqay türklərinin təşkilatlarının məsul və həvadarları iştirak edərək, siyasi məhbusların azadlığını tələb ediblər. Etirazçılar İran rejiminin Güney Azərbaycanda və İranın digər bölgələrində Azərbaycan türkləri və qeyri-fars xalqlara qarşı apardığı irqçi və ayrı-seçkilik siyasətləri, sistemli insan haqlarının tapdalanmasını, siyasi fəalların həbslərini və milli hüquqların inkarını kəskin şəkildə məhkum ediblər. Mitinqdə siyasi məhbuslara qarşı repressiyalar, ana dilində təhsilin qadağan edilməsi, Urmu gölünün məqsədli şəkildə məhv edilməsi, ekoloji cinayətlər, eləcə də iqtisadi və siyasi ayrı-seçkilik, İran rejiminin qarət və talan siyasəti xüsusi vurğulanıb. İştirakçılar xüsusilə Tahir Nəğəvi və Vədud Əsədinin dərhal azad olunmasını, aclıq aksiyası keçirən milli fəalların həyatının beynəlxalq nəzarət altına alınmasını, irqçiliyə son qoyulmasını və Güney Azərbaycanın milli-mədəni hüquqlarının bərpasını tələb ediblər. Mitinq Azadlıq, Ədalət, Milli Hökümət! – şüarı ilə başa çatıb.

Aksiyadan sonra eyni gün Stokholm şəhərində Azərbaycan Milli Hökümətinin yaradılmasının 80 illiyinə həsr olunmuş və Güney Azərbaycanın Keçid Dövrü Platformasının təqdimat konfransı keçirilib. Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasının təşkil etdiyi tədbir, Azərbaycan Milli Hökümətinin himninin səsləndirilməsi ilə açıq elan olunub. Konfransa Suheyla Əzizi moderatorluq edib. Moderatorun giriş sözündən sonra Keçid Dövrü Platformasının təqdimatından öncə, Güney Azərbaycan Hərəkatında müstəsna rolu olmuş ulu Öndər Heydər Əliyev minnətdarlıq və şükranlıqla yad edilib. Platformada ana dilində təhsil hüququnun təmin edilməsi, bölgələr arasında iqtisadi bərabərliyin yaradılması, milli mədəniyyətin və tarixi irsin qorunması, demokratik idarəçilik və yerli özünüidarə prinsipləri əsas prioritetlər kimi müəyyən olunub.

Daha sonra panel müzakirələri keçirilib. Paneldə Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasına daxil olan Azərbaycan Demokrat Firqəsi, Azərbaycan Milli Dirəniş Təşkilatı, Azərbaycan Öyrənci Hərəkatı, Güney Azərbaycan Demokrat Partiyası, Güney Azərbaycan İstiqlal Partiyası, Güney Azərbaycan Milli Dövlət Alyansı və Güney Azərbaycan Qurtuluş Partiyasının təmsilçiləri çıxış ediblər.

Konfrans Azərbaycan Milli Hökümətinin və 21 Azər Qiyamının tarixi əhəmiyyətilə bərabər davamı və bugünkü rolu barədə çıxışlarla davam edib. Bildirilib ki, 12 dekabr 1945-ci ildə 21 Azər Qiyamı əsasında təsis olmuş Azərbaycan Milli Höküməti milli dövlətçilik, milli təhsil sistemi, milli ordu, milli məclis, milli pul, geniş ictimai-mədəni və iqtisadi islahatlar, o cümlədən torpaq islahatı, sosial ədalət quruluşu, qadın hüquqları v dövlət quruluşu baxımından Azərbaycan tarixində mühüm mərhələ olub. Qeyd olunub ki, bir illik Milli Hökümət dövründə görülən işlər, Rza Pəhləvin 20-illik dövründən daha artıq iş görülüb, milli şüurun formalaşmasında və qorunmasında mühum rol oynayıb.

Tədbirdə Güney Azərbaycanın mövcud sosial-iqtisadi, siyasi və ekoloji vəziyyəti də geniş şərh edilib. Çıxışlarda Urmiya gölünün quruması, kənd təsərrüfatının tənəzzülü, sənaye müəssisələrinin bağlanması, işsizliyin artması, bölgələrarası iqtisadi bərabərsizliyin dərinləşməsi və milli fəalların həbsləri sistemli təzyiq siyasətinin nəticəsi kimi qiymətləndirilib.

Tədbirdə, həmçinin İran daxilində yaşayan qeyri-fars xalqların nümayəndələri çıxış ediblər. Çıxışlarda mövcud mərkəzləşmiş idarəetmə modelinin bəluc, ərəb, qaşqay, türkmən və azərbaycanlı icmaların siyasi, sosial və iqtisadi problemlərini dərinləşdirdiyi qeyd olunub, xalqlar arasında həmrəyliyin və koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.

Tədbirin sonunda çıxış edən panel iştirakçıları bildiriblər ki, konfrans yalnız tarixi hadisələrin xatırlanması ilə məhdudlaşmır, eyni zamanda Güney Azərbaycanın siyasi gələcəyinə dair konkret yol xəritəsinin formalaşdırılmasına xidmət edir. Qeyd olunub ki, Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası çərçivəsində hazırlanmış Keçid Dövrü Platforması mübarizənin müasir mərhələdə hüquqi və siyasi əsaslarını müəyyən edir.

Çıxışlarda vurğulanıb ki, sözügedən Platforma təkcə mövcud rejimin dəyişməsini deyil, onun yerinə gələcək ədalətli, demokratik və milli əsaslara söykənən idarəetmə modelinin konturlarını ortaya qoyur. Sənəddə milli hüquqların tanınması, ana dilində təhsil, yerli özünüidarə prinsipləri, təbii resursların ədalətli bölüşdürülməsi və xalqların öz müqəddəratını təyin etmə hüququ konkret siyasi prinsiplər şəklində əksini tapıb. Çıxışlarda təkid olunub ki, Azərbaycan xalqı zülmə qarşı susmaq niyyətində deyil və azadlıq, hüquq və milli qurtuluş uğrunda mübarizəsini davam etdirmək əzmindədir. Çıxışlar Güney Azərbaycanda azadlıq, ədalət və milli hökümətin bərpa olunmasına dair çağırışlarla yekunlaşıb. /Ayda Əmir Haşimi, Rahim Sadıqbəyli. Stokholm, İsveç.

 

 

Şərhlər bağlıdır.