Bu müharibə bizim müharibəmiz deyil!

Abdulla Əmir Haşimi (Cavanşir)
30 mart 2026, Stokholm

Bu gün bölgədə davam edən müharibə artıq bir ayı geridə qoyub. Keçən fevralın 28-dən başlayan bu qarşıdurma martın 30-u etibarilə daha da kəskinləşmiş vəziyyətdədir. Mövcud durumu ümumiləşdirsək, bunu şərti olaraq “Amerika–İsrail–İran qarşıdurması” kimi xarakterizə etmək olar. Lakin bu savaşın mahiyyəti ondan ibarətdir ki, bu, İranda yaşayan xalqların savaşı deyil; bu, İran İslam Respublikasının uzun illərdir apardığı siyasi və “islam inqilabının dünyaya ixracı” xəttinin, ABŞ prezidenti Trumpın avanturisti siyasəti və İsrail başnaziri Netanyahunun özbaşınalığı və ziyadətələbliyinin təcahürləridir.

İllər boyu İsrailə qarşı düşmənçilik, “İsraili yer üzündən silmək” çağırışları, Amerikaya qarşı aqressiv ritorika və siyasət nəticə etibarilə regionda gərginlik artırılıb. Bu siyasətin xərcini isə ən çox İran daxilində yaşayan xalqlar ödəyir. Artıq 47 ildən çoxdur ki, bu coğrafiyada yaşayan insanlar siyasi, iqtisadi, mədəni və diplomatik təzyiqlərə məruz qalır, yoxsulluq, repressiya, həbs və gələcəksizliklə üz-üzə qalırlar.

Bu gün biz bu prosesin zirvə nöqtəsini yaşayırıq. Xüsusilə Güney Azərbaycan əhalisi bu müharibənin ağır nəticələrini birbaşa hiss edir. Azərbaycanın şəhərləri, sənaye obyektləri, evlər və xəstəxanalar bombardman edilir, yeraltı və yerüstü sərvətlər məhv olur, insanlar həyatını itirir. Eyni zamanda İran ordusunun davranışı vəziyyəti daha da ağırlaşdırır: mülki obyektlər hərbi məqsədlər üçün istifadə olunur, yaşayış yerləri və təhsil müəssisələri faktiki olaraq kazarmalara çevrilir. Bu isə müharibə ilə mülki həyat arasındakı sərhədləri tamamilə aradan qaldırır.

Mövcud vəziyyətin ən təhlükəli tərəflərindən biri də İranın regionda apardığı qeyri-məntiqi və aqressiv siyasətdir. Qonşu ölkələrə hücumlar, dost və tərəfdaş dövlətlərə qarşı təzyiqlər, mülki infrastruktura zərbələr bu siyasətin tərkib hissəsidir. Bu yanaşma, əslində, bir növ “ya mənimləsən, ya da düşmənimsən” prinsipi üzərində qurulmuş təhlükəli və məntiqsiz strategiyadır.

Digər tərəfdən, bəzi iddialar tamamilə əsassız və beynəlxalq münasibətlər sisteminə ziddir. Misal üçün, Azərbaycan Respublikasının başqa dövlətlərlə – İsrail və ya ABŞ ilə – münasibətlərinə görə təzyiqə məruz qalması kimi tələblər nə hüquqi, nə də siyasi baxımdan qəbulolunandır. Bu cür yanaşmalar yalnız radikal və avtoritar rejimlərə xas düşüncə tərzini əks etdirir.

İranın siyasəti yalnız qeyri-müsəlman ölkələrə qarşı deyil, eyni zamanda müsəlman ölkələrinə qarşı da yönəlmişdir. Küveyt, Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı, Türkiyə və Azərbaycan Republikası kimi ölkələrə qarşı aqressiv addımlar bunu açıq şəkildə göstərir. Bu isə dini ritorikanın arxasında əslində siyasi maraqların dayandığını sübut edir.

İctimai rəyə təsir etmək isə getdikcə daha çətinləşir. Müharibə “müsəlman–qeyri-müsəlman” qarşıdurması kimi təqdim olunsa da, reallıq fərqlidir: bu siyasətdən ən çox zərər çəkən elə müsəlman xalqların özüdür. Eyni vəziyyət digər münaqişələrdə də müşahidə olunub – istər Rusiya–Ukrayna müharibəsində, istərsə də regiondakı digər qarşıdurmalarda.

Ən böyük problemlərdən biri də informasiya qıtlığıdır. İnternetin məhdudlaşdırılması, müstəqil medianın olmaması və məlumatların yoxlanmasının mümkünsüzlüyü nəticəsində cəmiyyət həqiqəti müəyyən etməkdə çətinlik çəkir. Bu isə manipulyasiya və dezinformasiyaya geniş imkan yaradır.

Eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların da vəziyyəti asan deyil. Onlar yaşadıqları ölkələrdə belə öz səslərini çatdırmaqda çətinlik çəkirlər. Misal, İsveçdə azərbaycanlılarla aparılan media müsahibələrinin belə yayımlanmaması və ya müxtəlif səbəblərlə dayandırılması bu problemin bariz nümunəsidir. İnsan haqları və demokratiya prinsiplərini əsas tutduğunu iddia edən ölkələrdə belə ikili standartların mövcudluğu açıq şəkildə hiss olunur.

Bütün bunların fonunda aydın olur ki, bu müharibə bölgə xalqlarını son dərəcə mürəkkəb və çıxılmaz vəziyyətə salıb. Bu qarşıdurma nə bizim seçimimizdir, nə də bizim maraqlarımıza xidmət edir. Əksinə, bu proses həm İran daxilindəki xalqlara, həm də regiondakı digər dövlətlərə qarşı yönəlmiş çoxşaxəli siyasi oyunların nəticəsidir. Bu səbəbdən açıq şəkildə bəyan edilməlidir: “Bu müharibə bizim müharibəmiz deyil!”

Eyni zamanda, bu müharibənin müxtəlif güclərin – həm İran hakimiyyətinin, həm də digər beynəlxalq aktorların – regionda apardığı siyasətlərin nəticəsi olduğu qəbul edilməlidir. Bu siyasətlər isə çox vaxt anti-Azərbaycan, anti-Türkiyə və ümumilikdə anti-türk istiqamətli geosiyasi maraqlarla üst-üstə düşür.

Mövcud şəraitdə əsas məsələ ondan ibarətdir ki, bu vəziyyət qarşısında necə mövqe tutmaq, xalqların hüquqlarını necə qorumaq və bu hüquqları beynəlxalq müstəvidə necə müdafiə etmək mümkündür. Bunun üçün isə daha aydın, sistemli və əsaslandırılmış yanaşmaya ehtiyac var.

Şərhlər bağlıdır.