Seyid Cəfər Pişəvəri Cənubi Azərbaycan milli hərəkatının böyük lideri və
xalqımızın tanınmış siyasi şəxsiyyətlərindəndir. Məhz bu səbəbdən də onu
tanıyanlar, sevənlər çoxdur və xalqımızın milli yaddaşında həmişə onun
möhtərəm yeri olacaq.
Bədxahların S.C.Pişəvəri haqqında qaralama və gözdənsalma kampaniyası
hələ onun sağlığında başlamışdı. Onu Pəhləvilər sevmirdi, indiki İslam
respublikası da sevmir. Bu sevməməyin bir səbəbini göstərmək lazımdır ki,
müxtəlif dövrlərdə S.C.Pişəvərinin fəaliyyətinə, xidmətlərinə kölgə salacaq
rəvayətlər haqqında İran və dünya mətbuatında çox sayda yazılar yazılıb,
təbliğatlar edilib.
Azərbaycan Demokrat Firqəsinin rəsmi orqanlarında, firqənin çox sayda siyasi
şəxsiyyətlərinin çıxış və yazılarında Azərbaycan tarixinin əhəmiyyətli hadisələri
olan 21 Azər hərəkatı barədə mötəbər məlumatlar verilib. Lakin Azərbaycanın
milli hərəkatına düşmən olan ünsürlərin informasiya mühitinə ötürdükləri
saxtakarlıqlar kütləvi yaddaşda iz qoyduğu səbəbindən bəzi məsələlərə
aydınlıq gətirmək vacibdir. Bu araşdırmada iki yanlış diqqətimizi cəlb edir.
Birinci yanlış ondan ibarətdir ki, guya “Azərbaycan Milli Hökuməti sovet
hakimiyyətinin dəstəyi ilə quruldu”.
1941-ci il avqustun 25-də “Simpatiya” (Сочувствие) kod adlı əməliyyat
nəticəsində müttəfiq qoşunları İran ərazisinə daxil olmağa başladılar. Sovet
qoşunları sentyabr-oktyabr aylarında İngilis qoşunları ilə birlikdə İranın müxtəlif
ərazilərinə daxil olur və bu bir qədər zaman alırdı. Belə işğalların səbəblərini
kim necə izah edirsə etsin, məlumdur ki, sovetlər hansı ölkəyə daxil olurlar
olsunlar orada bir kommunist partiyası yaradır, ya da mövcud olan kommunist
partiyasının dəstəyi ilə hakimiyyəti “transfer” edirdilər. Bunu Şərqi Avropa
ölkələrində də görmüşük.
İranda da 1941-ci ilin oktyabr ayının 2-də İran Xalq Partiyası (Tudə)
yaradılmasını təmin etdilər və onu dəstəklədilər. İranın zindanlarından azad
olunmuş keçmiş kommunistlər bu dəfə partiyalarının adını “Tudə” (kütlə) olaraq
adlandırdılar. Bir qrup siyasi aristokratdan ibarət olan İran Tudə Partiyası
özünü marksist-leninçi və kommunist-fəhlə partiyası kimi təqdim edirdi. Bu
Sovet hakimiyyətinin siyasi sifarişi idi. Tudə partiyası İranda nəinki dövlət
qurmaq iqtidarında olmadı hətta mərkəzi hakimiyyətlə əməkdaşlıqlar etməyə
başladı. Göründüyü kimi Sovet dövləti İXP-Tudə partiyasının təsis olunmasına
dəstək verdi, Azərbaycan Demokrat Firqəsinə deyil.
İran Tudə Partiyası Sovet hərbi qüvvələrinin dəstəyi ilə ciddi şəkildə
təşkilatlandırıldı. Partiya Ümumiran Həmkarlar Təşkilatı yaratdı, “Sazman-e
Nezami-ye Hezb-e Tudeh-ye Iran” adlı hərbi təşkilat yaratdı, ölkənin
əyalətlərində əyalət təşkilatları quruldu və s. İş o yerə çatmışdı ki, Tudə
partiyasının “Rəhbər” qəzeti 100 min tirajla satılır və dövlətin rəsmi qəzeti olan
“Ettelaet” qəzetindən üç dəfə artıq yayılırdı. O zamanlar qəzet əsas
kommunikasiya vasitəsi idi.
İranda şah rejimini təmsil edən Qavam hökuməti də azərbaycanlı idi, sovet
hərbi qüvvələrinin dəstəklədiyi Tudə partiyasının əsas rəhbərləri də
azərbaycanlı idilər və eyni zamanda da Azərbaycan Milli Hökumətinin
düşmənləri oldular.
Əlbəttə ki, S.C.Pişəvəri 1941-ci ildə İran Tudə Partiyasının təsis tədbirlərinə
dəvət olunmuşdu. O, Tudə partiyasını təsis edənləri Pəhləvi zindanlarından
tanıyırdı. 1937-ci ildə İran Kommunist partiyası rəhbərlərindən 53 nəfəri həbs
edib zindana salanda S.C.Pişəvəri 8 il idi ki, zindanda idi. S.C.Pişəvəri bu qrupa
qoşulmadı, tudəçi və ya “psevda kommunist” də olmadı. 1945-ci ilin sentyabr
ayında Təbriz şəhərində Azərbaycan Demokrat Firqəsinin təsis olunması
haqqında bəyanat verilən kimi bütün Azərbaycanlı tudəçilər oradan istefa
edərək kütləvi şəkildə ADF-yə üzvü olmağa başladılar. O illərdə İran Tudə
partiyasının Azərbaycan üzrə məsul şəxslərindən olmuş Şaban Derəxşənnur
öz xatirələrində danışırdı ki, hətda “Təbriz şəhərində təşkilatın offisini bağlayıb
Tehrana qayıtmalı oldum”.
Azərbaycan Demokrat Firqəsi 1945-ci il sentyabrın 3-də S.C.Pişəvərinin
rəhbərliyi ilə Təbrizdə 77 nəfərdən ibarət milli düşüncəli ziyalılar qrupu
tərəfindən yaradıldı. 1945-ci ilin sonunda partiyanın rəsmi mətbuat orqanı olan
“Azərbaycan” qəzetində onun 70 minlik üzvünün tərkibi qeyd olunurdu. Bu
məqaləyə görə partiya üzvlərindən 56 mini kəndli, 6 mini fəhlə, 3 mini sənətkar,
2 mini tacir, 2 mini ziyalı, 500 nəfəri mülkədar və 100 nəfəri isə ruhani idi.
Göründüyü kimi bu tərkib də sovet ideoloqlarının tələb etdiyi kimi fəhlə-kəndli
partiyası deyildi.
S.C.Pişəvəri Milli Azərbaycan Hökumətinin yaradılmasında böyük ustalıq
göstərdi. Sovet qoşunları ilə gəlmiş Azərbaycan ziyalılarının imkanlarından,
özünün Bakıda olarkən əldə etdiyi təcrübələrdən, rus qoşun rəhbərləri ilə
ünsiyyət imkanlarından və əlbəttə ki, Mir Cəfər Bağırovla əlaqələrdən istifadə
etməyə çalışdı. Belə hesab edilir ki, M.C.Bağırov milli hökuməti öz imkanları
çərçivəsində dəstəkləyirdi. Lakin bilirik ki, bu məsələlər onun səlahiyyətlərindən
çox-çox kənarda idi.
1945-1946-cı illərdə Sovet İttifaqı ilə müttəfiqlər arasında aparılan danışıqlar,
Sovet İttifaqı ilə İran arasında aparılan danışıqlar, İran neft layihələrindən Sovet
İttifaqına söz verilmiş pay və bir sıra digər amillər İran ərazisində milli hökumət
yaratmaq mühitini pozur, qeyri-sabitlik və sabaha ümüdsizlik yaradırdı. Bütün
bunlar göstərir ki, Sovet hakimiyyəti güney Azərbaycanda milli hökumətin
yaradılmasını nəinki dəstəkləmir, orada bir xaosun yaranmasında maraqlı tərəf
olduğunu göstərirdi. Sovet təxribatçılarının əməlləri, Təbrizdə erməni
faktorundan istifadə olunması, fədai dəstələrində təxribatlar edilməsi kimi
hadisələrin şərhinə ehtiyac yoxdur. Bütün siyasi, iqtisadi və beynəlxalq
gərginliklərə baxmayaraq S.C.Pişəvəri və onun komandası mətanətlə dövlət
quruculuğunu həyata keçirirdilər. Bir ildə həyata keçirilən quruculuq işləri,
iqtisadiyyatda, mədəniyyətdə, təhsildə və ən vacibi insanların şuurunda böyük
bir inqilaba sabəb oldu. Bu barədə qalın-qalın kitablar yazılıb.
Mühacirət zamanı da, hər şey qaydasında getmirdi. Mühacirət tarixi də geniş
araşdırılıb və məlumdur ki, muharibədən təzə çıxmış SSRİ-nin imkanları
olsaydı Cənubi Azərbaycandan mühacirət etmiş 50 min nəfərə qədər fədainin
Sovet Azərbaycanında qalmasına yol verməzdi. Ancaq bu ayrı bir müzakirənin
obyektidir.
İkinci yanlış S.C.Pişəvərinin “İran dövləti daxilində muxtariyyat yaratmış olması”
haqqında fikirlərdir. Bu fikiri irəli sürənlər tarixi hadisələri manipulyasiya edərək
əsasən gənc nəslin düşüncələrinə nüfuz etmək məqsədi daşıyırlar.
Azərbaycan Demokrat Firqəsinin təsisindən dərhal sonra “Azərbaycan”
qəzetində Firqənin məqsəd və tələbləri haqqında geniş yazı çap olundu.
Burada dörd əsas tələb diqqəti cəlb edirdi. Azərbaycan xalqına azadlıq və
mədəni muxtariyyət verilməsi, məktəblərdə dərslərin Azərbaycan dilində
aparılması, Azərbaycanlıların məclisdə daha ədalətli və mütənasib şəkildə
təmsil olunmaları, həmin vəzifələri yerinə yetirmək ucün əyalət və vilayət
əncümənlərinin təşkil edilməsi tələb olunurdu. Bu tələblərin hər biri haqqında
uzun-uzadı müzakirələr aparmaq olar. Milli hüquqlar, əyalət və vilayət
əncümənləri mövzusu hələ məşrutə dövründən xalqın arzularında var idi və
ADF bunları elan etdi.
Ola bilsin ki, 1945-ci ilin sentyabırında irəli sürülmüş bu tələblər mərkəzi
hakimiyyət tərəfindən eşidilsəydi, qəbul edilsəydi S.C.Pişəvəri bir müddət
federativ və ya konfederativ quruluşda Azərbaycanın orada təmsilçiliyini təmin
edərdi. Lakin belə olmadı. 1945-ci ilin dekabr ayının 12-nə qədər (21 Azər) İran
mərkəzi hakimiyyəti öz çirkin oyunları ilə göstərdi ki, onunla heç bir razılaşma
əldə oluna bilməz. Məhz bu zaman S.C.Pişəvəri və onun silahdaşladı
Azərbaycan Milli hökumətini yaratdılar və bir il müddətində də nəinki İrana,
bütün dünyaya dövlətçilik mədəniyyətinin, xalqa xidmət ideyasının nə olduğunu
göstərdilər, sekulyarlığın az bir müddətdə həyata keçirilməsinin təcrübəsini
yaratdılar. Odur ki, S.C.Pişəvərinin Azərbaycan Demokrat Firqəsinin öndərliyi
ilə yaradılan dövlət Azərbaycan Milli Hökuməti idi və buna fərqli adlar qoymaq
səyləri yanlışdı və təxribat xarakteri daşıyır.
Göründüyü kimi Azərbaycan Milli Hökuməti bir gün də olsa muxtariyyat
statusunda olmadı. Sovet hakimiyyəti Azərbaycan fədailərinə nəinki dəstək
olmadı, 1947-ci ildə İran rejimi SSRİ ilə neft kontraktını imzalamadığı
səbəbindən onlara təzyiq etmək məqsədi ilə Kürd faktorundan istifadə etdi.
1947-ci ildə Sovet rəhbərliyinin köməyi ilə, Molla Bərzaninin rəhbərliyi altında
olan 2 min nəfərlik silahlı dəstə İrana ötürüldü, silahlı təxribatlar etməyə
başladılar ki, az müddətdən sonra dövlət qüvvələri tərəfindən sıxışdırıldılar və
silahlı kürdlər da İraq ərazisinə çəkildilər. İraq ərazisində Bərzanilərin
hegemoniyasına gedən yol da oradan başlandı.
Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra ölkədə çox dərin köklər
buraxmış ADF mühacirətdə fəaliyyətini davam etdirməyə başladı. 1947-ci ilin
dekabrın 2-dən “Azərbaycan” qəzetinin mühacirətdə ilk sayı çap olundu və bu
günə qədər də fəaliyyətini davam etdirir. Seyid Cəfər Pişəvəri dünyasını
dəyişdikdən sonra partiyaya 1947-ci ilin noyabr ayından 1954-cü ilə qədər
Sadıq Padeqan, 1954-cü ildən 1959-cu ilə qədər Mirqasım Çeşmazər, 1959-cu
ildən 1979-cu ilə qədər Qulam Yəhya, 1979-cu ildən 2014-cü ilə qədər Əmirəli
Lahrudi rəhbərlik edib və hal-hazırda Rəhim Hüseyinzadə ADF-nin rəhbəridir.
Adları çəkilən, Azərbaycan xalqının bu fədakar oğulları bütün siyasi fəaliyyətləri
müddətində Azərbaycan Milli Hökuməti ideyalarına həmişə sadiq olublar və bu
gün də “Azadlıq, ədalət, milli hökumət” partiyanın siyasi şüarıdır.
1956-1959-cu illərdə Sovet siyasi hakimiyyətinin təzyiqi ilə Azərbaycan
Demokrat Firqəsinin İran Tudə Partiyası ilə birləşməsi ideyası gündəmə
gətirildi. Tarixi şəraiti nəzərə alaraq müştərək maraqların müəyyənləşdirilməsi
və ortaq maraqlarla davranmaq kimi təkliflər irəli sürülürdü ki, o illərdə ADF-yə
rəhbərlik etmiş general Qulam Yəhya partiyanın əsas məqsəd və vəzifələrini
qorumaq naminə fədakarlıq etdi. Bu da ayrıca bir araşdırmanın mövzusu ola
bilər.

Pərviz Kazımi,
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
Şərhlər bağlıdır.