XALQ BAHALAŞMAYA ÜSYAN EDİR: İRAN PARÇALANA BİLƏR?

İranda Müəllimlərin Həmkarlar İttifaqının Koordinasiya Şurası bildirir ki, ölkədə geniş yayılan etiraz aksiyalarında iştirakına görə 100-dək müəlim həbs olunub.

Etirazçı müəllimlər habelə həbs olunmuş həmkarlarının azad olunmasını tələb edirdilər.

Sözü gedən Şura iyunun 17-də bildirib ki, Şirazda 60, Kürdüstan ostanında 30, Qəzvində 10 və Rəşt şəhərində 6 müəllim həbs edilib.

İranda müəllimlər dörd həmkarlarının hələ də həbsdə qalmasına və ağır iqtisadi şəraitə etiraz edirlər. İyunun 16-da sosial mediada yayılmış video və fotolarda Tehran, Zəncan, Ərdəbil, Kirmənşah və digər şəhərlərdə müəllimlərin küçələrə çıxdığı görünür.

Videolarda xeyli sayda təhlükəsizlik əməkdaşları var, bəzi etirazların qarşısı alınıb. Şahidlər bəzi şəhərlərdə hərbi vəziyyətə oxşar şəraitin hökm sürdüyünü deyirlər.

Yerli medianın yazdığına görə, Gilan vilayətində Müəllimlər Birliyinin sözçüsü, müəllim Əziz Qasımzadə və birliyin digər üzvü Mahmud Sedigipur iyunun 16-da Rəştdə yürüşdən öncə saxlanıblar. Müəllimlər, təqaüdçülər daha yaxşı maaş və iş şəraiti tələbiylə etirazlar keçirirlər.

Hakimiyyət isə cavabında etirazçıları dindirməyə çağırır, saxlayır. Saxlanan etirazçıların və fəalların sayının artmasına baxmayaraq, yürüşləri dayandırmaq mümkün olmayıb.

Ötən ay May Günü nümayişləri ərəfəsində dörd müəllim saxlanıb. Bundan sonra İran Müəllimlər Birliklərinin Koordinasiya Şurası müəllimləri iyunun 16-da etirazlara çağırmışdı. Müəllimlər hökuməti islahatları sürətləndirməyə çağırır. İslahatlarda müəllimlərin təcrübə və perfomansına uyğun olaraq maaşlarının artırılması nəzərdə tutulur.

Maraqlıdır, bu kimi kütləvi həbslər əks effekt verə bilərmi?

Cebhe.info-nun  əməkdaşı Naibə xanıma açıqlamasında Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, İran iqtisadiyyatı böhranla üz-üzədir. Azerbaycan-ruznamesi.org həmin söhbəti oxucularına təqdim edir.

“İran əhalisi ciddi sosial problemlərlə üz-üzədir. Bunun da bir neçə başlıca səbəbləri var. Əsas səbəb İran hakimiyyətinin yürütdüyü xarici siyasətdən doğan iqtisadi problemlərlə bağlıdır.

Bunun da əsasında İrana qarşı tətbiq olunan iqtisadi sanksiylar dayanır. İranın iddialı nüvə proqramına görə ölkəyə qarşı genişmiqyaslı sanksiya tətbiq olunub. Belə ki, ölkə iqtisadiyyatının əsasını neft və qazdan gələn gəlir təşkil edir. 2016-cı ildən bəri isə İranın dünya bazarına neft və təbii qaz çıxartmasında problem var, məhdudiyyət qoyulub. Bu da ölkə iqtisadiyyatına ciddi təsir göstərir.

Üstəlik, 2 ildir ki, koronavirusla bağlı karantinin tətbiqi də əlavə problemlər yaradıb. Bununla yanaşı, ölkədə uzun illərdir iqtisadi islahatın getməməsi, iqtisadi islahatlarla bağlı problemlər, ölkədə texnoloji avadanlığın yoxluğu kimi məsələlər İran iqtisadiyyatını böhrana sürükləyib. İran iqtisadiyyatı böhranla üz-üzədir”. 

Onun sözlərinə görə, nə qədər ki, İran hakimiyyətinin əsas dayağı sayılan İran İnqilab Keşikçiləri Qvardiyası hakimiyyətin müdafiəsindədir, cəmiyyətin aksiyaları uğurlu nəticə verməyəcək:

“Son zamanlar İranın Rusiyanı Ukraynadakı apardığı əməliyyatlarla bağlı dəstəkləməsi ölkə üçün əlavə siyasi problem yaradıb.

Bütün bunların hamısının fonunda ölkədə etiraz aksiyaları davam edir. Bu aksiyaların əsas şüarı sosial vəziyyətlə, iş yerlərinin yaxşılaşdırılması, ödənilməyən maaşların verilməsi ilə bağlıdır. Hesab edirəm ki, İran hakimiyyəti mövcud sosial problemləri aradan qaldırmayanadək bu hadisələr ara-sıra davam edəcək.

Nə qədər ki, İran hakimiyyətinin əsas dayağı sayılan İran İnqilab Keşikçiləri Qvardiyası hakimiyyətin müdafiəsindədir, cəmiyyətin aksiyaları uğurlu nəticə verməyəcək. İran İnqilab Keşikçiləri Qvardiyası və başqa güc strukturlarının tərkibində laxlama baş verəcəyi halda cəmiyyətin etiraz aksiyası hakimiyyətdə təlatümlərin yaranmasına səbəb olacaq. Bütün bu proseslər də onunla bağlıdır. Gec-tez İranda ciddi hadisələrin baş verəcəyi ehtimalı böyükdür”.

Şərhlər bağlıdır.