LİVİYADA İĞTİŞAŞLAR BAŞLAYIB

Liviyanın şərqindəki Benqazi əyalətində ümumxalq seçkilərinin keçirilməsini tələb edən və elektrik enerjisinin verilməsində fasilələrə etiraz edən iğtişaşçı kütlə Tobrukdakı parlament binasına hücum edib. Paytaxt Tripolinin Əl-Şuhada meydanında isə nümayişlər keçirilir.

Azerbaycan-ruznamesi.org LANA agentliyinə istinadla xəbər verir ki, parlament binasını yandıran iğtişaşçılar “Neft ölkəsiyik, elektrik kəsintisi istəmirik”, “Fövqəladə hal elan edilsin”, “Təcili seçkilər keçirilsin” şüarları səsləndiriblər. Onlar, həmçinin çörəyin qiymətinin bahalaşmasına, Liviyada hələ də xarici qoşun kontingentinin qalmasına etirazlarını bildiriblər.

Liviyada ikihakimiyyətlilik və davam edən daxili çəkişmələr sosial-iqtisadi böhranı fəlakət həddinə çatdırıb. Belə ki, ölkənin iki böyük limanının bağlanması nəticəsində Əs-Sidər və Rəs Nauf terminallarından neft ixracı kəskin azalıb. Münaqişə tərəflərinin BMT-nin Liviya üzrə nümayəndəsinin iştirakı ilə bu yaxınlarda Qahirədə keçirilən görüşdə də kompromis əldə olunmayıb, hələ ötən ilin dekabrında keçirilməli olan ümumxalq seçkilərinin tarixini müəyyən etmək mümkün olmayıb.

Şərhlər bağlıdır.