HƏDƏF BƏLLİDİR:

UKRAYNADAN SONRA İRAN–YENİ MÜHARİBƏ YAXINLAŞIR

Ukrayna-Rusiya müharibəsi dünyanın gündəmini zəbt etməyə davam edir. Dörd aydan artıqdır ki, səngiməyən qanlı döyüşlər dünya iqtisadiyyatına və siyasətinə ciddi ziyan vurmaqla yanaşı, əksər dövlətləri də təhlükəsizlik baxımından narahat edir. Siyasi kluarlarda gəzən söhbətlərə görə, Rusiya Ukrayna müharibəsindən qalib ayrılarsa, Moskvanın növbəti hədəfi baltikyanı ölkələr olacaq. Lakin bəzi siyasi şərhçilər isə hesab edirlər ki, Rusiya-Qərb qarşıdurmasının növbəti ünvanı İran ola bilər.

Təsadüfi deyil ki, bu yaxınlarda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Baqeri orduya müharibəyə hazır olmağı əmr edib. “Gələcək müharibə və xüsusi hərbi missiyaları həyata keçirmək üçün İran ordusu yüksək səviyyədə hazır olmalıdır”, – deyən general konkret detalları açıqlamasa da, ölkənin müharibə təhlükəsi ilə üz-üzə qaldığını gizlətməyib.

“Bugünkü müharibələr əvvəlki kimi adi müharibələr deyil və buna görə İran ordusu təkmilləşdirilməli, döyüş hazırlığı vəziyyətində olmalıdır. İranın qüdrəti artdıqca daha böyük düşmənlə qarşılaşmaq məcburiyyətində qalır. Ordu buna hazır olmalıdır. Biz hazırda dünyanın müxtəlif regionlarında gedən müharibələri diqqətlə izləməli və təcrübə qazanaraq dərs götürməliyik”, – Baş Qərargah rəisi bildirib.

Dünyadan təcrid olunmuş İranın müharibəyə cəlb edilməsi versiyası nə qədər realdır? 

Bu barədə politoloq Sədrəddin Soltan bildirib ki, beynəlxalq aləmdə hadisə baş verəndə nədənsə, sonrakı hədəfin İran olacağı düşünülür. Lakin hazırda İranın müharibəyə qoşulması gözlənilmir. Azerbaycan-ruznamesi.org Modern.az-da dərc olunmuş həmin yazını oxuculara təqdim edir.

Politoloq fikirlərini belə əsaslandırıb: “Məsələn, 2001-ci ildə ABŞ-ın Əfqanıstana girməsi, ardınca 2003-cü ildə İraqa müdaxiləsindən sonra hesab etdilər ki, növbəti hədəf İrandır. İndi də Ukraynadakı hadisələr fonunda növbəti hədəfin İran olduğunu irəli sürürlər. Hesab edirəm ki, Ukraynada baş verən hadisələrlə İran məsələləri ayrı-ayrı müstəvilərdə dəyərləndirilməlidir. Ukraynada yaşanan hadisələr keçmiş Sovet respublikalarına Rusiyanın müdaxiləsinin qarşısının alınması, bu ölkələrin Qərbə inteqrasiyasına dəstək vermək məqsədi güdür. Burada əsas məqsəd keçmiş Sovet Respublikalarının suverenliyi və ərazi bütövlüyünün qorunması və möhkəmləndirilməsi, eyni zamanda keçmiş Sovet Respublikalarının Qərbə və NATO-ya inteqrasiya olunmaq istəyinə qarşı mübarizədir. Ukrayna münaqişəsi həm də Rusiyanın güc mərkəzi olmaq istiqamətində fəaliyyətinin göstəricisidir. Ona görə də, növbəti hədəfin İran olacağını düşünmək hələ tezdir”.

Politoloqun sözlərinə görə, İran dünyada gərginlik yaradan tərəf kimi gündəmdədir: “Bu gün baş verən hadisələr deməyə əsas verir ki, İran Ukrayna məsələsində daha çox Rusiyanı müdafiə edir. Məsələn, Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi konfransda rusiyalı iş adamları, Donbasdakı separatçılarla İran iş adamları arasında ticarət müqavilələrinin imzalanması göstərir ki, İran Ukraynanın işğal altında olan əraziləri ilə ticarət əlaqəsi aparır. Bu, Azərbaycanın işğal altında olan ərazilərində separatçı ermənilərlə İran iş adamlarının birgə ticarət əlaqələrinə bənzəyir. İran bu addımı ilə beynəlxalq aləmdə separatizmi dəstəkləyən tərəf kimi qiymətləndirilir”.

Soltan hesab edir ki, İranın əsas müttəfiqləri olan Çin və Rusiya zəifləyərsə, Tehran müharibə ocağına çevrilə bilər:

“Hələ ki Rusiya və Çin zəif deyil. Rusiya Ukrayna müharibəsindən zəif çıxacağı halda İran da zəifləyəcək. Bu durumda Çin İranı daha çox müdafiə edəcək. Odur ki, yaxın gələcəkdə Ukrayna münaqişəsinin başa çatacağını düşünmürəm. Məhz buna görə də, İranın növbəti hədəf olacağı ehtimalı azdır. Ancaq bununla belə İranda baş verən hadisələr, İranın sosial vəziyyəti, iqtisadi durumu deməyə əsas verir ki, bu ölkə yeni dəyişikliklər istiqamətində addımlar atır. Bu dəyişikliklər Yaxın Şərq müstəvisində baş verən hadisələr fonunda reallaşacaq”.

Hərbi ekspert Ədalət Verdiyev qonşu İranın uzun illərdir ki, ABŞ-ın hədəfində olduğunu vurğulayıb:

“Ancaq hazırkı vəziyyət, İranın milli etnik tərkibi ABŞ-ın İrana qarşı müdaxiləsini hərbi çərçivəyə salmasına mane olur. Məlumdur ki, İranda azərbaycanlı əhalinin çoxluğu, İranın ABŞ qarşısında imkanları, potensialı imkan vermir ki, Amerika İranda hərbi fəaliyyətlər həyata keçirsin”.

Ekspertin fikrincə, passiv rejimdə İrana qarşı fəaliyyətlər davam etsə də, Rusiyanın enerji resurslarını məhdudlaşdırdığı müddətdə İrana qarşı hərbi əməliyyatların başlaması real görünmür.

Turqay Musayev

Şərhlər bağlıdır.