AZƏRBAYCAN ƏSİLLİ REJİSSOR NİYƏ HƏBS EDİLDİ?

Azərbaycan əsilli iranlı rejissor Cəfər Pənahi iyulun 11-də həbs edilib.

Azerbaycan-ruznamesi.org İranın müxalif “Iran International” saytına istinadən məlumat yayıb.

Məlumata görə, o, daha iki rejissorun həbsi ilə bağlı etiraz aksiyasında iştirak etdiyinə görə tutulub. Cəfər Pənahi Məhəmməd Rəsulof və Mustafa Əliəhmədin azadlığa buraxılmasını tələb edib.

Rəsulof və Əliəhməd iyulun 8-də İran təhlükəsizlik qüvvələrinə və hərbçilərinə ölkədə etirazçılara qarşı güc tətbiq etməməyi xahiş edən petisiya imzaladıqdan sonra saxlanılıblar. Etirazlar Abadan şəhərində 37 nəfərin öldüyü binanın uçması ilə bağlı iğtişaşlardan sonra başlayıb.

Xatırladaq ki, Pənahi 2010-cu ilin martında hökumət əleyhinə fəaliyyətə və 2009-cu il seçkilərinin rəsmi nəticələrinə qarşı etiraz aksiyalarında iştiraka görə həbs olunub və 6 il müddətinə ev dustaqlığına məhkum edilib.

Ona 20 il film çəkmək və müsahibə vermək qadağan edilib. Pənahi ev şəraitində Kann kinofestivalında nümayiş olunan “Bu film deyil” (2011) filmini çəkib.

Ev dustaqlığından azad edildikdən sonra rejissor pasportu hakimiyyət orqanlarının əlində olduğu üçün ölkə xaricinə çıxa bilmir.

2015-ci ildə onun “Taksi” filmi Berlin Film Festivalının “Qızıl Ayı” mükafatını, həmçinin Beynəlxalq Kino Pressa Federasiyasının (FİPRESSİ) mükafatını alıb.

Şərhlər bağlıdır.