MƏSLƏKDƏN ÇATILMIŞ OCAQDI TƏBRİZ     

Təbrizin nəfəsi – Səhənd havası,

Surxabın al rəngi ruhuna hopub.

Əsrlər adlayan zaman qovğası

Ərənlər yurdunda köhlənin çapıb…

Məsləkdən çatılmış ocaqdı Təbriz,

Şöləsində aydın tarixi toran.

Burda babalardan qalan nişan-iz

Ulu məqamına bir möhür vuran!

Təbriz ucalığı, qocalığıyla

Gözümə-könlümə köçən gözəllik.

Şəhərlər içində qürur taçıyla

Azərbaycan adlı bir əzəlilik.

Gültək pardaxlanıb Təbriz xalçası,

İki göz istəyir pərvanə olsun.

Günəşgözlü səhər sanki saçası,

Şövqə gəlir ürək, fərəhlə dolsun…

Araz ayırsa da o tay, bu taya –

Təbrizli, Bakılı Azərbaycana…

Bu ellər bağlıdır bir kökə, soya,

Əsil- nəcabətim bəlli cahana!

Tapdıq Əlibəyli

Şərhlər bağlıdır.