Səbt edib səfheyi-tarixinə dövran dilimi
Saxlayıbdır bilən hər əsridə taban dilimi
Bir çıraqdır ki, onu yandırıb əzəldə zaman
Söndürməz ola gər min kərə tufan dilimi.
Azəri nəslim, Azərbaycandır vətənim
Qoymaram təhqir edə şübhəli vicdan dilimi
Mənə bu dildə anam körpə ikən laylay edib
Nə qədər naz çəkib etməyə xəndan dilimi
Neçə min ildən ki, dünya tanır odlar vətənin
Dana bilməz baxa kim tarixinə hər an dilimi
Qəhrəman xalqıma fəxr eyləyər Azər vətənim
Kim olurmuş bican sünbüli reyhan dilimi
O Cavanşir ki, ona səcdə edirdi dağlar
Danışardı o böyük fəxr ilə Elxan dilimi
Şahi İsmailə xalqım nə üçün hörmət edir
Çün rəvac vermiş idi əsrə o sultan dilimi
Şah Xətai deyilərdi ona çün şair idi
Nəzmiyə tərif edib onda oxuyan dilimi
O Nizamilə Füzuli kimi öz şən əsərin
Yadigar qoydu gedib xalqa dirəxşan dilimi
Yüzləriylə şüəra xalqıma açmış yeni dövr
Hər zamanda eləmiş zinəti-ürfan dilimi
Nasəzaya dilini açsa, rəqibim açsın
Vəli, bilsin ki, edir xainə üsyan dilimi
Gər ki, illər boyu gərdun mən ilə kəc getdin
Qanə döndərdi mənim atəşi-hicran dilimi
Vəli, baxtım yenə də tapdı gözəl taleyini
Təzədən şad elədi qəmli, pərişan dilimi
Daha yox zərrəcə qorxum edə gər qəhr xəndan
Çün, doğub ilk baharım gülür nalan dilimi
Qoy gül açsın ana yurdun, ona gülsün bu elim
Eləsin eşq ilə qoy indi gülüstan dilimi
Mirmehdi Çavuşi
“Azərbaycan” qəzeti (ADF orqanı), Təbriz, No 72, 6 dekabr 1945-ci il
Təqdim etdi: Səməd Bayramzadə
Şərhlər bağlıdır.